İlkin ehtimala görə, sürücü hadisə vaxtı sərxoş olub
Baş Dövlət Yol Polisi İdarəsi (DYP) ötən gün Cəlilabadda ölümə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
DYP-dən AYNA-ya verilən xəbərə görə, sentyabrın 5-i saat 23:00 radələrində Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Bayramov Rüfət Fayıq oğlu idarə etdiyi “Mercedes-Benz 230” markalı, 44-CF-650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı divara çırpılıb.
Qəza nəticəsində R. Bayramovla yanaşı avtomobildə olan sərnişinlər - Masallı rayon sakinləri, 2003-cü il təvəllüdlü Qasımov Xəlil İsaq oğlu və Ağazadə Əli Əlizamin oğlu xəstəxanaya yerləşdirilib, lakin Ə. Ağazadənin həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma zamanı məlum olub ki, avtomobili idarə edən şəxsin sürücülük hüququ yoxdur və ilkin ehtimala görə o, hadisə vaxtı sərxoş vəziyyətdə olub.
Faktla bağlı Cəlilabad rayon polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Müəllif: Ayna.az