Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının “titulsuz ağsaqqalı”nın, ən NURLU kişisinin 80 yaşını kimlər təbrik etmədi?


Dünən, sentyabrın 5-də Masallı rayonunun ən nurlu, ən sayılıb-seçilən kişilərindən biri olan Hacı Həsən Abdullayevin ad günü idi.

Özü tərifi xoşlamasa da, Hacı Həsən sözün həqiqi mənasında tərifə, hörmətə, böyük ehtirama layiq, Hacılıq adının ucalağında yer alan birisidir.

Hacı Həsən ətafımızdakı bu qədər pisliklər, naqisliklər içində öz ləyaqətini, alicənablığını, qürurunu qoruyan bir insandır.

Həsən Abdullayev ana bətnində olanda, 1941-ci ildə atası 2-ci dünya savaşında dünyasını dəyişib. Anası, Masallının dəyərli xanımlarından olan Reyhan xanım onu dişlə-dırnaqla böyüdüb. Hacı Həsən ömür boyu, hansı vəzifələrdə olmasından asılı olmayaraq özünü anasının körpəsi sayıb, onu “İnqə” deyə çağırıb.

Rayonun tanınmış tacirilərindən birinin qızı, birinin gəlini olan Şahanə görkəmli Reyhan xanım, xeyirxahlığı, kübarlığı. cəsarəti ilə çoxunun sevimlisi olub. Min zülmlə də olsa böyütdüyü oğul da elə belə oğul olmayıb. Şair demişkən, “elə oğul böyütdü, oğul deyirəm sənə, atlını atdan salıb küləklərlə ötüşər, baxışından qızların ürəyinə od düşər”.

Bu oğul orta məktəbi əla qiymətlərlə, Tibb Universitetini Fərqlənmə diplomu ilə bitirdi, rayonun ən dəyərli cərrahlarından sayıldı, 30 yaşında Masallı böyüklükdə rayonun səhiyyə başkanı oldu, 10 il bu vəzifədə vicdanla çalışdı.

Bu gün təxminən ən azı 100 fərqli adam arasında rəy sorğusu keçirsək ki, siz Hacı Həsəni necə dəyərləndirirsiniz? O necə adamdır? İnanıram ki, bir nəfərdən belə onun haqqında mənfi fikir eşitməzsiniz – qazisindən, alimindən, şairindən, məmurundan ... tutmuş, hətta narkomana, rayonun ən çətin adamlarına, lap pis saydığınız adamlara qədər hər kəs onun haqqında hədsiz xoş sözlər deyər.

Hacı Həsən, obrazlı desək, Masallının NUR HEYKƏLİDİR. Heç vaxt təmtərağı sevməyib – nə dəbdəbəli imarəti var, nə bahalı maşını (heç maşını yoxdur), hətta nə bahalı telefonu...

Amma rayon dolusu hörməti var. 

Amma əksəriyyəti ali təhsilli olan, əməlləri rayona nümunə olan 4 övladın, 13 nəvənin, 8 nəticənin sahibidir. 

Ordenləri, medalları, fəxri adları, göz deşən neçə adam tanıyırıq, lakin indi onların heç adam içinə çıxmağa üzü yoxdur.

Bu yaxınlarda Hacı Həsən haqqında Cənub Xəbər TV internet kanalımızda “Masallının ”titulsuz ağsaqqalı” adlı veriliş təqdim etdik. (Link burada: https://youtu.be/sV5e7y5ZIv4) Onlarla insanın ehtiram dolu fikirləri insanda qürur doğurdu və onu deməyə haqq verir ki, nə yaxşı ki, belə ləyaqətli bir insanla yanaşı yaşayırıq.

Hacı Həsən nəinki təmtəraqdan, hər hansı fəxri addan uzaq, adi bir Fəxri Fərman arzusunda olmayıb, belə “detallardan” ucada dayanan, hər əməlini Tanrı adına bağlayan, din-iman sahibi, əsil insanlıq və nəciblik nümunəsidir.

Hacı Həsən Masallıda söz sahibidir. Kiməsə yaltaqlanmaz, partizanlıq etməz, insanları daima barışığa, sülhə səslər... sadəcə özünə məxsus yavaş, asta səslə ərklə sözün deyər və dediyi də hədəfə dəyər.

Bu insanın indiyə kimi kiməsə pislik etməsinin, xətrinə dəyməsinin şahidi olmadıq. Heç kimə də sirr deyil ki, bu günümüzdə belələri barmaqla sayılacaq qədər çox-çox azdır. Və belələrini qorumaq, dəyərləndirmək, nümunə götürmək hamımızın borcudur.

Dünən bu adamın, Hacı Həsənin 80 yaşı tamam oldu. Qohumlardan başqa onu kimlər təbrik etdi? İcra hakimiyyətindən, millət vəkillərinddən, şəhər nümayəndəliyindən, şəhər bələdiyyəsindən, ağsaqqalar, ziyalılar, veteranlar... şuralarından, dini qurumlardan, nə bilim İctimai Şura deyilən qurumdan... kimsənin yadına düşdümü, rayonumuzda çoxlarına nümunə olacaq bir ağsaqqalın ad günüdür?

Doğrudanmı layiq deyildi? Bu qədər nüfuza layiq insan şair demişkən “bir salama dəymədi”.

Yəqin, o da çoxlarının gözünə girsə idi, yaltaqlıq etsə idi, kimlərəsə təmmənalı itaət etsə idi, o vaxt diqqətdə olardı?
Bilmirəm də deməyin, internetdə, sosial səhifələrdə, saytımızda paylaşmışdıq... Ona həsr olunmuş verilişimizdə xüsusi vurğulamışdıq. “Beşinci sort” adamlarla dostluq edənlər, onları hər addımda himayə edib mükafatlandıranlar, hər şeyə rəy bildirənlər bunu görməmızliyə vurdu.

Əslində hər hansı faciə baş verməyib. Hacı Həsən yenə həmin Həsəndir- layiqli nəslin layiqli davamçısı. Balaca çaplı cəsarətləri, cılız, nimdaş düşüncələri ilə ağsaqqallıq edənlərin də yeri bəlli. Pulu, vəzifəsi öləndə özü ondan qabaq ölənlərin də.

Dəyər verin ki, dəyərli olasınız.

Hacı Həsən - hamımızın əzizi, baş tacı, Nur heykəli, ad günün mübarək!

Cenub.az. Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10