Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Türkiyə ordusu Azərbaycan hərbçilərinə “Ön Hava Nəzarəti” təlimi keçdi


Türkiyənin Milli Müdafiə Nazirliyi özünün Twitter səhifəsində Azərbaycan Silahlı Qüvvələrinin personalına “Ön Hava Nəzarəti” təlimi keçdiyini bəyan edib. Virtualaz.org xəbər verir ki, nazirliyin qısa açıqlamasında bildirilir: “İkitərəfli hərbi əməkdaşlıq çərçivəsində Hava Qüvvələri Komandanlığımız tərəfindən Azərbaycan Silahlı Qüvvələri personalına yaxın hava dəstəyi fəaliyyətləri çərçivəsində “Ön Hava Nəzarəti” təlimi keçilib”.

Qeyd edək ki, xüsusən də 44 günlük müharibənin ardınca Azərbaycanla Türkiyə orduları arasında qarşılıqlı əməkdaşlıq, birgə təlimlər və Azərbaycan ordusu personalının Türkiyədə təlim-tədris prosesinə cəlb olunması intensivləşib. Az qala hər həftə Azərbaycanla Türkiyə silahlı qüvvələri hansısa birgə fəaliyyətlər icra edirlər, Azərbaycan ordusunun personalı qruplar halında Türkiyədə təlim kurslarına cəlb olunur. Bütün bunlar Azərbaycan ordusunun Türkiyə ordusu standartlarında yenidən qurulması fəaliyyətlərinin tərkib hissəsidir.

Bəs “Ön Hava Nəzarəti” nə deməkdir və bu təlim hansı məqsədlə keçilir? virtualaz.org internet mənbələrinə istinadən qeyd edir ki, ön hava nəzarəti dedikdə döyüşən qüvvələrə yaxın hava dəstəyi verən hücum vertolyotları və təyyarələri tərəfindən təyin edilmiş hədəflərin vurulmasına, bu zaman dost qüvvələrə zərər verilməməsinə yönəlmiş döyüş fəaliyyətləri nəzərdə tutulur. Bu vəzifə Ön Hava Nəzarəti (Forward Air Controller) tərəfindən yerinə yetirilir.
ABŞ hərbi dərsliklərində göstərilir ki, ön cəbhədəki düşmən hədəfləri əsasən dost qüvvələrə yaxındır və bu səbəbdən dost qüvvələr hava dəstəyi zamanı öz hava vasitələrinin zərbələrinə məruz qala bilər. Təhlükə iki istiqamətdən qaynaqlanır: pilot yerdəki dost birliklərini görə bilməmək təhlükəsi qarşısındadır, bu zaman kamuflyaj, sürətlə dəyişən situasiya və müharibə meydanındakı süni yaradılmış duman riskləri artırır.

Bu səbəbdən Ön Hava Nəzarətçisinin (FAC) , başqa sözlə desək, ön cəbhə üzərində hava məkanında hərəkətə nəzarət edən dispetçerin əsas funksiyası cəbhə xətti üzərində hava hərəkətini nizamlamaq, qoşunlara yaxın hava dəstəyinin göstərilməsi zamanı dost qüvvələri bu zərbələrdən qorumaqdır. FAC atəş dəstək qrupunun və ya hava taktiki idarəetmə qrupunun bir hissəsi ola bilər. Eyni zamanda onların yerdə də fəaliyyət göstərməsi mümkündür. Ön Hava Nəzarətinə dair təlimat və qaydalar bir çox hərbi münaqişələrin təcrübəsi əsasında işlənib hazırlanıb. Türkiyə bu sahədə NATO standartlarına əsaslanır.
 
 

Türkiyə Müdafiə Nazirliyinin yaydığı kadrlara əsasən Ön Hava Nəzarəti təlimlərinə Azərbaycandan Hərbi Hava Qüvvələrinin döyüş vertolyotlarının heyətləri və Hava Hücumundan Müdafiə qüvvələrinin personalı cəlb olunublar. Bu təlimlər Azərbaycan ordusunun NATO standartlarına uyğun peşəkarlığının artırılması baxımından çox mühümdür.

F.Məmmədov
virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10