Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mübariz Mənsimov həbsxananın yanında helikopter meydançası tikdiribmiş


“Palmali” gəmiçilik şirkətinin sahibi, Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov Türkiyənin keçmiş daxili işlər naziri Mehmet Ağar həbsdə olarkən ona tez-tez baş çəkə bilmək üçün həbsxananın yaxınlığında xüsusi helikopter meydançası tikdiribmiş. Cenub.az xəbər verir ki, bu barədə Mənsimov özü “Halk TV” kanalına müsahibəsində danışıb.

Qeyd edək ki, Mehmet Ağarla Mübariz Mənsimov bir neçə il əvvələ qədər yaxın dost olublar. Lakin daha sonra onların münasibətləri korlanıb və düşmənçilik səviyyəsinə çatıb. Mehmet Ağarın Mənsimovun biznesini ələ keçirdiyi iddia edilir. Habelə keçmiş daxili işlər naziri Mənsimovun dəfələrlə ABŞ-ın Pensilvaniya ştatına, FETÖ lideri Fətullah Gülənlə görüşə getdiyini deyib.

“Fətullah Gülənin yanına bir dəfə yox, dəfələrlə gedib. Ən azı 10 dəfə getdiyini mən bilirəm. Mənim təyyarəm yoxdur, Fətullah Gülənlə bağlantım yoxdur. Onun Fətullah Gülənə yaxınlığı bilinirdi. Onunla birlikdə bir dəfə Pensilvaniyaya getmişik, Mənsimovun Gülənə yaxınlığını hər kəs bilirdi”,-Mehmet Ağar bir müddət əvvəl jurnalistlərə demişdi.

İndi Mənsimov FETÖ ilə əlaqələri barədə onun barəsində çıxarılmış məhkəmə hökmü və Ağarla münasibətləri haqda soruşub. Bildirib ki, bu məhkəmə hökmündən yuxarı instansiyaya şikayət verib və hazırda baxılma mərhələsindədir. “Məni örgütə yardım etməkdə günahlandırırlar. Yardım? Nə yardımı? Ortada yardım-filan yoxdur. Heç bir dərnəyə yardım etməmişəm. Sadəcə “Güllüoğlu” şirniyyat mağazasından mənim otelim 2 kiloqram paxlava alıb, 2014-cü ildə. Siz “Güllüoğlu”ndan heç paxlava almadınızmı? Bu məmləkətdə bir çıxıb desin ki, “Güllüoöğlu”ndan şirniyyat yeməmişəm”,-M.Mənsimov deyib.  

O, Bodrumdakı yaxta limanının əlindən zorla alındığını inkar edib, bildirib ki, işçiləri tərəfindən aldadılıb. “Biz qorxaq deyilik ki, təhdid edib malımızı əlimizdən alsınlar. Haqqımdakı FETÖ ittihamına baxsanız görərsiniz ki, həmin işçilər əleyhimə ifadə veriblər. Hamısı yalançı şahiddir”,-Mənsimov bildirib.

Biznesmen deyib ki, Mehmet Ağarı 2000-ci ilin əvvəllərindən tanıyıb. Onunla Bakıda tanış olub, iş adamı Yusuf Uğur və MHP millət vəkili Saffet Sancaklı Ağarı onunla tanış edib. 

““Səninlə tanış olmaq istəyir” dedilər, tanışlığımız belə oldu. Ağarı hər zaman millətçi hesab etmişəm, dövlət adamı bilmişəm. Sıxıntılı günlər keçirirdi. Sahib çıxdım, yalnız qalmasın deyə”,-Mənsimov belə deyib. Əlavə edib ki, Ağara yaşamaq üçün öz evini verib, 7-8 il ərzində bir qəpik də kirayə haqqı almayıb.  Və daha sonra Ağarın oğlu Tolqa Ağarı Bodrumdakı yaxta limanına direktor qoyub. Limandakı benzindoldurma məntəqəsini ona verib.

“Ağar həbsdə olarkən (Mehmet Ağar 2011-ci ildə mütəşəkkil cinayətkar qruplaşma yaratmaq ittihamı ilə 5 il müddətinə həbs edilmişdi,-red.) hər həftə yanına gedib-gəldim. Aydında, həbsxananın yaxınlığında helikopter meydançası tikdirdim. Həftədə bir dəfə Bodrum limanından helikopter servisi sifariş verirdik”,-M.Mənsimov bildirib.

İş adamı iddia edib ki, Mehmet Ağar həbsdən çıxdıqdan sonra Fətullah Gülənlə görüşmək istədiyini deyib. “Niyə görüşmək istədiyini onun özündən soruşun”,-Mənsimov deyib.

Əlavə edib ki, özünün şəxsi təyyarəsi ilə Mehmet Ağarla birlikdə Nyu-Yorka uçublar, oradan helikopter kirayələyib və Pensilvaniyaya gedib. Gülənlə görüşüblər, amma onun Türkiyə lideri Ərdoğan haqda danışdıqlarına etiraz edib və görüşü yarımçıq tərk edib. Bir az sonra Ağar da görüşdən çıxıb...

M.Mənsimov deyib ki, əlindən alınmış biznesi uğrunda hüquqi mübarizəni davam etdirəcək və barəsində irəli sürülmüş FETÖ ittihamının əsassız olduğunun gec-tez sübut olunacağına əmindir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10