Görüşdüyümüz bir neçə şəxs də xəstəxana barədə yazılanların doğruluğunu təsdiq etdi, xəstəxana rəhbərliyinin qanunsuz əməlləri barədə maraqlı açıqlamalar verdi.
Ağayev Mirəddin Kamilağa oğlu bildirdi ki, II qrup şəkər xəstəsidir, 4 ilə yaxındır qeydiyyatdadır. Dövlət tərəfindən şəkərli diabet xəstələri üçün ayrılan dərmanların reseptini hər dəfə poliklinikadan alıram. Lakin Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Valeh Məmmədov həmin dərmanları mənə vermək istəmir. 3 ilə yaxındır ki, xəstəxana yolunda əsir-yesirəm, amma Mərkəzi Xəstəxanadan həmin dərmanları ala bilmirəm. Mən artıq Valeh Məmmədova müracət etməkdən, Səhiyyə Nazirliyinə məktub yazmaqdan yorulmuşam, xahiş edirəm ki, siz bu məsələdə mənə kömək göstərəsiniz. Hər dəfə bu məmurun otağına gələndə məni o qədər əsəbiləşdirir ki, şəkərim daha da qalxır. Elə vaxt olur ki, günlərlə gözüm tutulur, yerimdən tərpənə bilmirəm. Hər dəfə dərmanlardan sarı Valeh Məmmədovun otağına gedəndən sonra kənddə həkimə müraciət etməli, iynə vurdurmalı oluram. Valeh Məmmədov xəstələrin başına niyə bu oyunu açır? Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Valeh Məmmədovun qəbulunda olandan sonra nəinki xəstəliyimiz müalicə olunur, əksinə, əsəb sistemimiz də pozulur. Bizə dövlətimiz tərəfindən ayrılmış dərmanları Valeh Məmmədovdan 3 ildir ki, heç cür almaq olmur.
Bir tərəfdən dövlət rəhbəri televiziyada xüsusi olaraq vurğulayır ki, səhiyyə pulsuzdur. Valeh Məmmədov isə bildirir ki, mən bu dərmanları alanda şapka verirəm, ona görə də bunu sizə havayı verə bilmərəm, gedin aptekdən alın. Səhiyyə naziri Oqtay Şirəliyevdən soruşmaq istəyirəm ki, şəkərli diabet xəstələrinə ayrılan dərmanların apteklərdə satılması nə dərəcədə düzgündür? Baş həkimin müavini açıq-aşkar bizi get-gələ salması, ələ salıb oynatması ilə öyünür. Dalınca da əlavə edir ki, get, hara deyirsən, de, heç kəsdən qorxum yoxdur.
Onu da bildirim ki, poliklinikada reseptlərimi vaxtlı-vaxtında verir, bizi normal qarşılayırlar. Lakin Mərkəzi Xəstəxananın baş həkim müavini Valeh Məmmədova çatanda iş divara dirənir. Hər dəfə deyir ki, dərman yoxdur, gecikmisən. Başa düşə bilmirəm, ayın 6-sında dərman buraxılır, 7-sində deyir ki, gecikmisən. Bircə günün içində dərmanlar hara yoxa çıxır? Hamı bilir ki, məsələ başqa cürdür. Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də müraciət etmişəm, bu məmurun cəzalandırılması məsələsini qoymuşam.
O cümlədən 80 yaşlı əmək əlili Həsənov Yadulla da bildirir ki, Cəlilabad rayon Mərkəzi Xəstəxanası rəhbərliyi tərəfindən biabırçı şəkildə aldadılıb. Xəstəxananın müdiri Sadatxan Əliyevin qəbulunda olub, yuxarılara müraciət edəcəyini bildirdikdən sonra Sadatxan ona dərman ayıracağına söz verib. Lakin Yadulla kişi sonradan dəfələrlə müraciət etsə də, həmin dərmanlar Mərkəzi Xəstəxanadan ona verilməyib. Odur ki, indi yuxarı təşkilatlara müraciət etmək məcburiyyətində qalıb.
Bu yaxınlarda ağır avtomobil qəzasına düşmüş, ciddi bədən xəsarəti alaraq Mərkəzi Xəstəxanaya gətirilmiş rayon sakini Məmmədov Ağayar isə bildirdi ki, yaxınlarının Mərkəzi Xəstəxanada pul verməyəcəyini görüb, onu heç müayinə də etmədən deyiblər ki, ümidsiz vəziyyətdədir, aparın. Qardaşlarımın həkimlərlə uzun çəkişməsindən sonra məni Bakıya aparmağa razılıq verdilər. Lakin məlum oldu ki, xəstəxananın nəzdindəki Təcili Yardım maşınlarının hamısı sınıq-salxaqdır, Bakı kimi uzaq məsafəyə getmək iqtidarında deyil. Qarajdakı Təcili Yardım maşınlarından birinin hətta 3 təkəri var idi. Bu boyda rayonun Təcili Yardım maşınları yerindən tərpənə bilmir, əksəriyyəti qəza vəziyyətindədir.
Nəhayət, uzun mübahisələrdən, yaxınlarımın tələbindən sonra hardansa babat bir maşın tapıb gətirdilər. O maşına 45 manatlıq benzin vurub Bakıya Nevroloji Şöbəyə gəldik. Mərkəzi Xəstəxananın müdir müavini Valeh Məmmədov sonra bildirirmiş ki, o maşına benzini xəstəxana rəhbərliyi öz cibinin pulu ilə alıb. Bu isə ağ yalandır. Maraqlısı odur ki, Bakıya çatan kimi Təcili Yardım maşınının həkimi Mansur ayağını bir başmağa dirədi ki, mənə 200 manat verməlisiniz. Biz isə elə bilirdik ki, Təcili Yardım dövlətin hesabınadır, bu cür xidmət növü pulsuzdur. Mənim ölüm ayağında olmağım və yaxınlarımın çəkdiyi ağrı-acılar Mansur həkimin heç vecinə də deyildi, 200 manat pulu təcili ona verməyimizi tələb edirdi. İndi sağalıb evə gəlmişəm, lakin Mansur həkim hələ də mənə zəng etməkdə davam edir, ona çatacaq pulu nə vaxt gətirəcəyimi soruşur. Deyirəm, ay Mansur həkim, mənim 5200 manat pulum gedib, qapımda mal-heyvan qalmayıb satmışam, borca düşmüşəm, hələ bundan sonra da nə qədər müalicə olunmalıyam. Deyir, sənin 5200 manatın cəhənnəm, mənim 200 manatımı gətir! Çox qəribə zamana gəlib çıxmışıq, bu gün Cəlilabad səhiyyəsində elə adamlar var, pul uğrunda xəstələrlə ölüm-dirim savaşına giriblər ki, görək kim daha çox qazanacaq. Saymışam, bir həftə ərzində Mansur həkim mənim telefonuma 117 dəfə zəng vurub! Deyir ki, dövlət bizə pul vermir, biz də gözümüzü sizin kimilərə dikmişik. Bütün bu işlərə görə Cəlilabad rayon Mərkəzi Xəstəxanası rəhbərliyinə Ayıb olsun! deyirəm.
Mən onu bilmək istəyirəm ki, Cəlilabad səhiyyəsi niyə belə iflic vəziyyətdədir? Təcili yardım maşınlarına ayrılan bu qədər vəsait, yanacaq hara itib-batır, kimlərin cibinə gedir? Bir də rayonun səlahiyyətli nümayəndələrindən xahiş edirəm ki, Mansur həkimə desinlər, borc içində olduğuma görə ona verəcək pulum yoxdur, yaxamdan əl çəksin,
Zaur Ağalaroğlu
Professional Oxucu Liqası