Azərbaycan televiziyalarının fəaliyyəti son illər ciddi tənqid olunur. Yerli telekanallara baxmadığını açıq şəkildə dilə gətirənlərin sayı sürətlə artmaqdadır. Bu da səbəsiz deyil. Qeyri-peşəkar aparıcıların səviyyəsi, verilişdə müzakirə olunan mövzular tamaşaçıların əksəriyyətinə mənasız və lazımsız gəlir. Televiziyaların səviyyəsinin reytinqlə ölçülməsi bu sahənin inkişafına ciddi təsir göstərir.
Tanınmış televiziya aparıcısı İlhamiyyə Rza Yenisabah.az-a müsahibəsində bu mövzuda danışıb:
- İlhamiyyə xanım, böyük əksəriyyət Azərbaycan televiziyaların fəaliyyətindən narazıdır. Sizcə tamaşaçılar nəyi görmək istəyirlər, yaxud siz nəyi göstərmirsiniz?
- Əvvəla onu deyim ki, bu suallara dəfələrlə cavab vermişəm. Lakin suallar dəyişmir. O zaman demək ki, vəziyyət də dəyişmir.Tamaşaçı özünü görmək istəyir. Məhz bu səbəbdən sosial verilişlərə baxış çoxdur.
- Televiziyalarla bağlı əsas narazılıq aparıcıların səviyyəsi ilə bağlıdır. Balakənin harada yerləşdiyini bilməyən aparıcılar TV-lərə necə yol tapırlar?
- Hesab edirəm ki, bu sualları TV rəhbərlərindən soruşmaq lazımdır. Aparıcının biliklərini yoxlayıb işə götürmürlər. Anlamırlar ki, seçim meyarları bilik deyil. Televiziyalarda hazırki vəziyyət belədir. Onlar görünüşü, nitqi, səsi əsas götürürlər. Əlbəttə bunlar da vacibdir. Amma intellekt səviyyəsi hamısından daha önəmlidir. Şəxsən mənim üçün də əsas budur. Əslində belə olmalıdır. Lakin belə deyil.
- Azərbaycan teleməkanında ən reytinqli verilişlər sosial problemlərin müzakirə olunduğu verilişlərdir. Buna münasibətiniz necədir?
- Hazırda bütün TV-lər avtoritar üsullarla idarə olunur. Bədii şuralar da dekorativ olaraq mövcuddurlar. Televiziyanı idarə edən şəxslər tamaşaçı məmnuniyyətini yalnızca reytinqlə hesablayır. Reytinqlər özü necə hesablanır? Bax bu sualı həqiqətən də araşdırmaq lazımdır.
Nəzrin Vahid