Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Üçüncü mərtəbədən dağılan Azərbaycan ailəsi – Aytəni kim öldürüb?


Mətbuatımızın xəbər lenti qan içindədi!

Qətllər, bıçaqlanmalar, davalar...

Təkcə bu gün xəbər saytlarımızın ən çox oxunan xəbərlərinə diqqət edək: “13 yaşlı qızı dəfələrlə zorlayan şəxs”, “arvadının xəyanət etdiyi kişinin cinsi orqanını kəsən şəxs”, “hamilə yoldaşını toqqa ilə döyən şəxs”, “yoldaşının və qızının ölümünə səbəb olan şəxs”...
Bütün bu qanlı olayların içindən də, mütləq bu və ya digər şəkildə bir qadın gözə dəyir. Həmin qadın əksər hallarda olayın mərkəzində olur, təəssüf ki, çox vaxt elə zərərçəkən, əzilən, öldürülənin zərif cinsin nümayəndəsi olduğunu görürük.

3 gün əvvəl yaş yarımlıq uşağı ilə damdan düşüb ölən Aytən Niftəliyeva “Azərbaycan ailəsi problemi”nin 3-cü mərtəbəsi idi. Qadın o evdən çıxmağın başqa çarəsini tapa bilmədiyi üçün dalaşa-dalaşa yuxarı qalxıb. Əslində isə qapı aşağıda idi.

Qızların yeganə dayaq yeri ataları olur, bu qadının atası da 2-3 ay əvvəl dünyasını dəyişib. Evin qapısından çıxmağı beynində o qədər böyük problemə çevirib ki, yuxarı, 3-cü mərtəbəyə, ordan dama qalxıb.

Qadınlar yaxşı bilir ki, köçdükləri evlərin qapısı onlar üçün heç vaxt azadlıq çıxışı olmayıb. O evin qapısından bir gün zibil atmaq, uşağı gəzdirmək, aptekə, gözəllik salonuna getmək üçün istifadə edə bilər, ancaq o qapı böyük mənada onun üzünə daim bağlıdır. Bir gün o evdən çıxmaq istəsə, ya evin damına qalxmalı, ya da boynuna ip keçirməlidir.

Azərbaycanda bütün ailələr çıxış yolunu beləcə, yanlış seçirlər. Bizim ailələrimiz yuxarıdan dağılır. Hündürlükdən düşənlərin də əksəri bu zərbədən sağ çıxmır.

Ailə problemlərinin zorakılıq müstəvisinə qalxması, sonda qətllə sona çatmasının xeyli səbəbi var və bu səbəblər az qala hər gün sadalanır.

Əsr dəyişir, baxdıqlarımız, təsirləndiklərimiz, nümunələrimiz, dəyişir, ancaq ailə modeli daşlaşmış şəkildə durur.

Valideynlər övladlarına əri, uşaqları, qayınanası ilə necə davranmaq lazım olduğu tərbiyə edə bilmir, çünki özləri də bilmir, belə bir model yoxdu. Gəlin baxır ki, sinif yoldaşının qayınanası onu əlinin içində saxlayır, öz qayınanası isə “gəlin mənim süpürgəmdir” deyir. Təhsil, tərbiyə, “ailə institutu” dediyimiz bu puç mexanizm gənc ailələrə heç nə vermir. Bu boşluqda valideynlərin qızlarına deyə bildiyi yeganə məsləhət “başını aşağı sal, yaşa” olur. Bu məsləhət də gəlini bir gün ölümə aparır.

Axı, biz niyə boşana bilmirik?

Boşanmaq Azərbaycanda evli qadınların ən sonuncu çıxış yoludur, bu yol bəzən intihardan, ölümdən də o tayda qalır: Gəlinliklə girmisən, kəfənlə çıx. Boşanan qadınlara mövcud baxış ailələrdə boşana bilməmək travması yaradır.

Qızlar türk seriallarına baxır, Azərbaycan şou-biznesindən nümunə götürür, xəyalındakı oğlan da ekranlarda gözəl qızlarla dodaq-dodağa gördüyü həmin şahzadələrdir. Ancaq düşünmürlər, nə özləri həmin oğlanın öpüşdüyü qadın ola bilməyib, nə də evlənəcəkləri adam ekrandan gördükləri oğlan olası deyil. Arzulanan kişi ilə ailə qurmaq üçün gərək özün də arzulanan qadın olasan.
Bütün çanaqlar qadınların başında çatlayır, bunun yeganə səbəbi sonu fiziki güclə həll olunan konfliktlərdə qadınların qol gücündə kişiyə məğlub olmasıdır. Qadınlar ölür, döyülür, alçalır...

Ancaq problemin yaranma səbəbini konkret bir tərəfin üzərinə atmaq düzgün deyil, bu ölümlərin səbəbkarı nə ərdir, nə arvad! Ölümlərin səbəbi qayınanalar, qayınatalar – yəni, bizə miras qoyulan “ailə dəyərləri”dir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10