Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yeni kütləvi zərurət: pulumu al, gələcəyimə qərar ver


[hide][/hide]Halbuki bu, insanlar qarşısında zərurət yox, seçim olmalıdır
 
Son illərdə abituriyentlərin ixtisas seçimini bu işlə məşğul olanlara həvalə etməsi çoxalıb, daha dəqiq desək, adi hal alıb. Bu hal daha çox əvvəllər az bal toplayanlar  və rayonlarda yaşayanlar arasında müşahidə olunurdu. Onlar hansısa kiçik bir səhv və ya diqqətsizliklə ali təhsil almaqdan məhrum olmamaq üçün müəllimlərə və ya ixtisas seçimində abituriyentlərə kömək edən şəxslərə üz tuturdular.
 
Bu, müəyyən qədər başadüşülən idi. Çünki adətən həmin abituriyentlər hansısa ixtisası hədəfləməyən, sadəcə topladığı balı qiymətləndirərək ali təhsil almaq şansından istifadə etmək istəyənlər idi. Eyni zamanda internet və kompüter problemi yaşayanlar da buna məcbur olurdular.
 
Bu gün isə 500-600-dən yuxarı bal toplayan şagirdlərin də ixtisas seçimini mütəxəssislə etdiyini görürük. Düzdür, yüksək balı daha yaxşı qiymətləndirmək və ən uyğun universitetdə və ixtisasda təhsil almaq istəyi ilə müəyyən məsləhətləşmələr etmək təbii haldır. Lakin maraqlıdır ki, repetitor yanına hazırlığa getmək kimi, ixtisas seçimini mütəxəssislə etmək də dəb halını alır.
 
Bəs, görəsən, nə istədiyini bilməmək, yaxud da ixtisas və universitetlərin perspektivi barədə vahid və dolğun bir bazanın olmamasında bunun payı nə qədərdir?

AYNA-nın suallarını cavablandıran təhsil eksperti Qoşqar Məhərrəmov deyib ki, vahid və dolğun məlumat bazasının olmaması ixtisas seçimi ilə bağlı sözügedən məsələni zəruri hala çevirir: “Əvvəllər rayonlarda internet, kompüter, ixtisas haqda məlumatsızlıq, kodlaşdırmanı səhv etmə qayğısı ilə insanlar bu işi bilənlərə müraciət edirdilər. Həmin şəxslər də təhsil şöbəsinin və ya Dövlət İmtahan Mərkəzinin hansısa işçisi olurdu və ofis götürərək bu işi 10-20 manata görürdülər. Mərkəzlərdə isə söhbət 100 manat və daha artıq məbləğdən gedir”.
 
“Abituriyentlər universitetlər və ixtisaslar haqqında məlumatlı deyillər. Hansı ixtisaslarda hansı fənlər keçiriləcək, həmin ixtisasa yiyələnənlər hansı işləri görür və s. haqda məlumata sahib deyillər. Bu kimi məsələlərə görə ixtisas seçimində kariyera mütəxəssisinə getmək bir zərurət yaradır, eyni zamanda da dəb halını alır”, - deyə həmsöhbətimiz bildirib.
 
Ekspert hesab edir ki, universitetlər orta məktəblərdə özlərini tanıtmalı, məktəblər müəllimlərindən birini karyera mütəxəssisi kimi yetişdirməlidir ki, bu problem müəyyən qədər azalsın: “Ölkəmizdə artıq elə bir stiuasiya yaşanır ki, necə repetitorluq zərurət olur, eynilə ixtisas seçimində bu işi bilənlərə müraciət etmək zərurət olur. Zərurət yarandığında da təbii ki, ağıllı adamlar bunu biznesə çevirirlər. Çünki biznes ehtiyacdan doğur.  Bu işlə məşğul olanları mən qınamıram. Amma bu, şagirdlərin qarşısında bir zərurət yox, seçim olmalıdır”
 
“Konsultasiya dünyanın hər yerində verilən bir xidmətdir. Ancaq şagirdlər kütləvi şəkildə buna ehtiyac duyursa, deməli, orta məktəblərimizdə ixtisaslarla bağlı məlumat zəifdir. Karyera planlaması ilə bağlı hansısa iş aparılmır. Buna görə məncə, məktəblərdə daha mütəşəkkil iş qurulsa, yaxşı olar”, - deyə Məhərrəmov vurğulayıb.
 
Əlavə edib ki, ixtisaslarla bağlı “ixtisas.az” adlı bir platforma var: “Həmin platformanın əhatə dairəsini genişləndirsək və ya ona bənzər bir platforma yaratsaq və bütün şagirdlər arasında yaysaq, onlar artıq bir çox ixtisas haqqında məlumat sahibi olacaqlar və bir çox hallarda məsləhətləşməyə ehtiyac qalmayacaq. Onlar özləri nə istədiklərini başa düşəcək, dəqiqləşdirəcəklər. Kodlaşdırmaya qaldıqda isə İKT biliyi olan hər kəs bunu özü edə bilər”.

Müəllif: Aləmdə Nəsib





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10