Azərbaycanın 7 rayonunda icra başçısı yoxdur. Onlar ya hüquq mühafizə orqanları tərəfindən həbs olunub, ya da işdə yol verdikləri nöqsanlara görə, vəzifədən azad edilib. Boş qalmış yerlərə də yeni təyinat olunmur. Maraqlıdır, boş qalmış yerlərə niyə təyinat olunmur? Millət vəkili Fazil Mustafa bu mövzuda “Yeni Sabah”ın suallarını cavablandırıb:
- Ölkədə icra başçısı postunu tutmağa layiqli kadr yoxdur, yoxsa cəmiyyətə bəlli olmayan səbəblər var?
- Düzünü desəm bunun səbəbləri mənə də bəlli deyil. Hər halda layiqli kadrlar məncə olmalıdır. Çünki Yeni Azərbaycan Partiyasının arsenalında və cəmiyyətdə kifayət qədər kadrlar var. Sadəcə qaydalar daha da sərtləşdirilib. Burada korrupsiyadan uzaq, daha yaxşı iş qabilliyyəti olan kadr axtarışındadırlar. Çünki bu qədər rayonların başsız qalması yaxşı hal deyil. Amma konkret olaraq burada kadr qıtlığı ilə bağlı məsələdə hansısa bir ləngimə, gecikmə var.
Çox güman ki, bir az daha çox diqqətin Qarabağa ayrılması və proseslərə yönəlməsi buna müəyyən dərəcədə rəvanc verdi. Bütün rayonların hər halda əhalisinin sıxıntıdan qurtarması, müəyyən iş prosesinin canlanması üçün qərar verə biləcək şəxsin olması vacibdir. Çünki çox vaxt səlahiyyətli olan şəxslər şikayətlərə yerində baxa bilmirlər. Həmişə deyirlər ki, təyinat olmayıb, bu məsələni həll edə bilmirik. Bununla da məsuliyyəti üzərilərinə götürmək istəmirlər. Bu da müəyyən problemlərin yaranmasına gətirib, çıxarır.
- Ümumilikdə Azərbaycanda icra başçılarının fəaliyyətini necə qiymətləndirirsiniz?
- Elə icra başçıları var ki, normal reputasiyaya malikdir, bəziləri isə müəyyən dərəcədə elə zənn edir ki, artıq rayon onun mülkiyyətidir. Ona görə də bu münasibət fərdlərə görə dəyişə bilir.
Amma bütövlükdə İcra Hakimiyyətinin də səlahiyyətləri kifayət qədər azdır və onların fəaliyyəti qeyri-müəyyəndir. Bir az da idarəetmədə problemlər yaranır. Bələdiyyə strukturları da müəyyən dərəcədə fəaliyyətsizdir. Və bu strukturların səlahiyyətlərinin bir qismi İcra Hakimiyyətlərinə verilir. Çox vaxt da formal olaraq bələdiyyələr fəaliyyət göstərir. Ümumiyyətlə idarəetmədə boşluqlar çoxdur və bu yaxşı hal deyil.
- Belə bir təkliflər var ki, icra hakimiyyətləri ləğv olunsun, Azərbaycanda bir neçə rayon birləşdirilərək yeni idarəçilik sistemi yaradılsın. Sizcə bu müsbət nəticə verə bilərmi?
- Belə fikirlər çoxdur. Əlbətdə bu müsbət nəticə verər. Hesab edirəm ki, Azərbaycanda iqtisadi rayonlar prinsipi ilə inzibati idarəetməni o cür həll etmək lazımdır. Həddən artıq məmur, rəhbər bolluğu əslində rayonlarda əksər problemlərin həllinə maneçilik törədir.
Nəzrin Vahid