Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünənki “Soros uşaqları” bu gün “Kremlin əlaltıları” statusundadır...


Rusiya XİN rəhbəri Sergey Lavrovla Ermənistan Xarici işlər naziri Ararat Mirzoyanın mətbuat konfransı oldu və konfransın son sualı və cavabı Azərbaycanla sülh müqaviləsinin imzalanacağı barədə idi. Erməni nazirin cavabı: “Əgər Ermənistanla Azərbaycan hansısa məqamda sülh müqaviləsi ilə bağlı danışıqlara başlarsa, bu danışıqların gündəliyinə mütləq ATƏT-in Minsk Qrupu həmsədrlərinin müəyyən etdiyi prinsiplər əsasında Dağlıq Qarabağın statusu məsələsi daxil edilməlidir”.
 
Bu cavab yeni deyil, az qala müharibə bitəndən bəri eşidirik, amma cavabı verən nazir yenidir və onu Moskvaya etdiyi ilk rəsmi səfərində səsləndirir. Moskva isə Minsk Qrupunun həmsədridir. Statusla bağlı bizim cavab da 10 noyabr bəyanatı imzalanandan bir neçə dəqiqə sonra elan edilib: Olmayacaq! 10 noyabrdan on aya yaxın vaxt keçib, biz status mövzusunu bağladığımızı deyirik, düşmən isə israr edir və nəinki sülh müqaviləsindən, ümumiyyətlə danışıqlardan imtina edir ki, status məsələsi müzakirə predmeti olmayacaqsa danışıqların mənası yoxdur. Paradoks vəziyyətdir. Qalib dövlətin şərti qəbul olunmur, 27 il nəticəsiz vasitəçilik edən Minsk Qrupunun yenidən məlum prinsipləri ilə dövriyə girməsi tələb olunur. 
 
Bu vəziyyət on aydır ki, dəyişmir və ən əsası dəyişməyə konkret cəhd yoxdur. Düşməni mövcud vəziyyət qane edir, zamanın uzanması qarşı tərəfi(ləri) məmnun edir və bir erməni siyasi şərhçinin dedikləri nə qədər primitiv görünsə də bütün Ermənistan siyasətinin mənzərəsini əks etdirir: "Ümid edək ki, maraqlarımız yalnız Rusiya ilə üst -üstə düşəcək, biz silahları Rusiyadan alaraq tədricən güclənəcəyik və Azərbaycan büdrəyəndə bu səhvdən istifadə edə biləcəyik". Bu analitikin dedikləri Mollanın borcu necə qaytaracağı haqqında məşhur lətifəsinə bənzəsə də, proses gedir. Yəni Rusiya Ermənistanı silahlandırır, sülhməramlı missiyasını birtərəfli qaydada həyata keçirir, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılmır, qaçqınlarımızın geri qayıtmasına şərait yaratmır.
 
Yeni erməni nazir də Moskvada maraqlarının Rusiya ilə üst-üstə düşdüyünü hər kəlməsində xüsusi vurğuladı. Dünənə qədər Sorosun uşaqları kimi təqdim olunan Paşinyan komandası sürətlə “Kremlin əlaltıları” statusunu qazana bildilər və bu “çevrilmə”erməni xarakterinin klassik nümunəsi sayıla bilər. 
 
Vəziyyət aydındır. Azərbaycan torpaqlarının bir parçası hələ də işğal altındadır. İkinci Qarabağ müharibəsindən fərqli olaraq işğalın hərbi yolla aradan qaldırılması hazırda mümkün variant hesab edilmir, çünki işğal edilmiş əraziyə Rusiya sülhməramlıları yerləşib. Tez-tez səslənən antiterror əməliyyatı hətta lokal xarakter daşısa da, Rusiya ilə yeni gərginliyə səbəb ola bilər. Bəs, nə etməli?
 
Azərbaycan mövcud durumu dəyişməlidir. Bizim işimiz Ermənistanla bitib. Bzim qarşımızda duran vəzifə separatçı rejimin varlığına son verib dövlət nəzarətimizi Qarabağın qalan hissəsində bərpa etməkdir. Ermənistan sərhəd müəyyənləşməsindən qaçırsa.., qaçsın. Dövlət başçısı Kəlbəcərdə dedi ki, biz bildiyimiz yerdə, öz yerimizdə olacağıq, Ermənistanın bunu qəbul edib-etməməsi onların problemidir. Dəhliz məsələsi və digər nəqliyyat infrastrukturlarının açılması barədə danışıqları ikinci plana keçirmək lazımdır. Dəhliz məsələsində ermənilərin hazırkı dirənişi ona hesablanıb ki, son anda razılıq verərsə Azərbaycandan hansısa güzəştlər əldə etməyə nail olsun. Biz dəhliz məsələsinə deyil, Qarabağın qalan hissəsində ərazi bütövlüyümüzün bərpasına fokuslanmalıyıq. Nədən başlamağa əsas əlimizdə üçtərəfli razılaşmadır və Putinə imzasına hörmət etməyi diplomatik formada, amma qətiyyətlə çatdırmaq lazımdır. Qardaş Türkiyə bu istiqamətdə ən etibarlı dayağımızdır və birgə siyasət yürütməklə problemin həllini sürətləndirmiş və zəmanətli etmiş oluruq. 
 
Azərbaycan qarşı tərəfə özünəməxsus təzyiq imkanlarının olduğunu Gorus-Qafan yolunu bağlamaqla sübut etdi.Təzyiq və təsir imkanlarından maksimum istifadə edilməlidir. Sentyabr ötən il bizim üçün uğurlu ay oldu və vətən torpaqlarının azad edilməsi bu ayda başlandı. Azadetmənin ikinci mərhələsini başlamaq üçün fürsət qapı ağzındadır.
 
İlham İsmayıl





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10