“Azərbaycan əhalisi artdıqca pensiyaçıların sayı azalır, bu tendensiya ilə pensiya alanlar bir neçə ilə əhalinin 10 faizindən də az olacaq”.
Sozcu.az
Bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.
Dövlət Statistika Komitəsinə istinad edən ekspert pensiya alanların sayının azalmasını 3 səbəblə əlaqələndirib:
“Birinci məqam, pensiya yaşının qaldırılmasıdır. Hazırda Azərbaycanda kişilər üçün pensiya çıxma yaşı 65 il, qadınlar üçün 62 il 6 aydır. Bu göstəriciyə görə MDB dövlətləri arasında liderik.
İkincisi, pensiya hüququnun təmin olunmamasıdır. 2016-cı ildən etibarən pensiya haqqını ala bilmənlərə yaşa görə müavinət (qocalıq müavinəti) verilir. 2019-cu il aprelin 1-indən etibarən onun aylıq məbləği 130 manat təşkil edir. Bu sistemə keçid başlayan ili yaşa görə müavinət alanların sayı 16 min nəfər idi, hazırda onların sayı 110 min nəfərə çatıb. Bu o deməkdir ki, 110 minə qədər ahıl vətəndaşın pensiya haqqı tanınmadığından onlara qocalıq müavinəti verilir.
Üçüncü səbəb isə ölümün cavanlaşmasıdır. 2019-cu ilin demoqrafik statistikasına görə, həmin il ölənlər arasında 65 yaşına çatmamış Azərbaycan kişilərinin payı 40 faiz, qadınların xüsusi çəkisi isə 31 faiz olub. 2020-ci ildə müharibə və pandemiyaya görə xüsusilə də kişilər arasında gənc yaşlarında ölüm hallarının çoxalması onu deməyə əsas verir ki, ötən il ölən kişilərin hər ikisindən biri pensiya yaşına çatmamış vəfat edib.
Beləliklə də, bu il iyulun 1-ə keçən illin eyni eyni dövrünə nisbətən pensiya alanların sayında 43,3 min nəfər, son 3 il 6 ayda pensiya alanların sayında isə 104,3 min nəfər azalma qeydə alınıb”.
Sozcu.az