Kütləvi ictimai narazılığın ünvanlandığı əsas qurumlardan biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsidir. Idarənin rəisi Ramiz Zeynalovdan şikayət və narazılıqlar bitib-tükənmir. DİN strukturunda 40 ilə yaxındır fəaliyyət göstərən Zeynalov 21 ildir ki, hazırkı vəzifəsini icra edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifəli şəxsin xidməti vəzifəsində vəzifə həddini aşma, öz qulluq mövqeyindən şəxsi maraqları üçün istifadə və.s qanunsuzluqlar BDYPİ-rəisinin fəaliyyətində özünü açıq-aşkar büruzə verir.
Avtomobil nömrələri və sürücülük vəsiqələrinin satılması üçün şəbəkədaxili biznes quran, milyonları insanlardan qoparan Zeynalovun bazarı qızğın templə öz fəaliyyətini davam etdirir. Sürücülük vəsiqələrinin alınmasında puldan başqa alternativ yoxdur . Maşın nömrələrinin ödəniş məbləğlərinə gəldikdə, Ramiz müəllimin açıqlamaları sadəlövh insanlara hesablanmış sözlər təsiri bağışlayır. Zeynalova münasibətdə neqativ fikirlər bu əsasda getdikcə daha geniş vüsət alır.
Dahi Fransız aktyoru Talma yazırdı: “belə insanlar haqqında ikrahla bəhs etməmək mümkün deyil”.
Zeynalov qanunu saymır?
Zeynalovun biznesinin əsas istiqamətlərindən birini də “Evakuasiya” şirkəti təşkil edir.Şəhərimizin küçələrində sağsağan cücəni tutan kimi , evakuatorun şəhər küçəsindən dənlədiyi maşınların cərimələri də BDYPİ rəisinin ciblərinə axır.
Təqaüd yaşının çatmasına baxmayaraq, Zeynalov quru təqaüdə möhtac qalmamaq üçün, ticarət əlaqələrini daha da genişləndirir.
Zeynalovun varidatı
Biznes də iqtisadiyyatın bir qoludur, lakin Ramiz müəllimin biznesi halal zəhməti ilə qurduğu, peyğəmbər əfəndimizin buyurduğu , yerli terminlərlə çıxış etsək, “ticarəti” halal ticarət deyil. “Yabn” ı ticarətə gətirən Zeynalovun asfalt və beton zavodları, daş karxanaları ,obyektləri və mətbuata bəlli olmayan digər sərvətləri də sözsüz ki, mövcuddur.
Quba rayonunda “Vəlvələ” çayı yaxınlığında vəlvələ salan Zeynalov meşə massivində 5 hektar ərazidə ağacları məhv etdirib, nəhəng karxana tikdirərək, karxananı karına işlətməyə başlayıb. Karxananın və digər sərvətlərin Zeynalova halal olmasının fətvası isə verilməyib. Korrupsiya araşdırmalarının hədəfindən yayınmaq üçün qeydiyyat sənədlərində müəyyən dəyişikliklər apararaq, adını sənədlərdən çıxartdırıb.Gəlir mənbəyini hər tərəfli quran 70 yaşlı qoltuq sahibi “ömrə-günə etibar yox əzəldən” düşünərək, Allahın verdiyi ömürdən məharətlə yararlanmağa çalışır.
Sürücülük vəsiqəsi və qeydiyyat nömrələri ilə ticarət etmək...
Dindən və şəriətdən hali olan Zeynalova irad bildirsək, şəriət elmindən çıxış edərək, buyuracaq ki, İslamda qazancın miqdarı mövzusunda qəti sərhəd yoxdur. Lakin həqiqi möminin və müsəlmanın qazancı haram vəsaitə əsaslanmır. Haram tikə gec-tez ilişib, boğazda qalır. Sürücülük vəsiqəsi və qeydiyyat nömrələri ilə ticarət etmək... Ramiz müəllimin “ticarət”inin əsas istiqamətlərini maşın nömrələrinin satışı, sürücülük vəsiqələrinin verilməsi və evakuasiya təşkil edir.
Sürücülük vəsiqəsi və qeydiyyat nömrələrinin satışı ilə şəxsən məşğul olaraq, nömrələrin satışını təşkil edir. Əvvəlcədən nömrələr öz adamlarının adına bron olunur, daha sonra fantastik qiymətlərə şəhərimizin bərk gedənlərinə satılır. Seriya nömrələri cüt olanda , qiymətlər daha şahanə olur. KK, DD, PP və.s. 77 seriyalar 77...777 50 000 manatdan yuxarı satılır. Bu qiymət sizə zarafat gəlməsin. Dövlət rüsumu 1500-2000 manat arası olan nömrələrin 25 dəfə baha satılması faiz nisbəti götürsək, Zeynalovun qanunsuz əməllərinin 1000/1 ni təşkil edir.
Sürücülük vəsiqələrini 1200- 1300 manata satan qurum qəzada ölən hər bir vətəndaşın ölümündə məsuliyyət daşıyır. Yol qaydalarından xəbərsiz olan vətəndaş bu qurumla ticarət edərək, vəsiqəsini alır. Sosial Ədalətdən bixəbər olan qurumun sosial ticarətdə tayı-bərabəri yoxdur. Zeynalovun korrupsiya əməllərindən mətbuatda ard-arda yazılar dərc olunsa da, bu təlatümdən sükutla keçməyi bacarır. 4-cü hakimiyyət olan media qocaman məmurla nəzakətli davransa da, Ramiz bəy qanunsuz əməllərinə xitam vermək niyyətində deyil.
Millət Vəkili Müşfiq Cəfərov parlamentin iclasında çıxış edərək, qurumu korrupsiya əməllərində ittiham etdi və qurumun səlahiyyətlərinin “Asan Xidmət” mərkəzinə verilməsini təklif etsə də, millət vəkilimizin təklifi təklif olaraq qalmaqda davam edir.
Universal BDYPİ rəisi
BDYPİ-nin rəisi “Zerkalni”nömrələri nisbətən ucuz qiymətə və kütləvi satışa çıxarır. Daxili işlər Naziri Vilayət Eyvazov neqativ halların qarşısının alınması istiqamətində təşəbbüslər göstərməkdə davam etsə də, antikorrupsiya təbliğatların gedişatına daim dəstək versə də, korrupsiya tərəfdarı Zeynalov və onun akulaları islahatlara məhəl qoymurlar.
Universal rəis və onun əlaltıları maşınların texpasportunun 2-3 il əvvələ yazılmasını da təşkil edir. Tanıdığım şəxsin maşınının istehsal tarixi 2001 -ci il olsa da, Zeynalovun təmsil etdiyi quruma bir hörmətə texpasportda istehsal ili 2003 yazdırıb.
Ramiz adının mənası həyatına yansıyan Zeynalov tutduğu vəzifədə də ramiz olub...
1976 – cı ildən daxili işlər orqanlarında işə başlayan Zeynalovun əmək fəaliyyəti məhsuldar və əhatəli olur. 35 ildir ki , qoltuğunu başa çəkməyin öhdəsindən məharətlə gəlib. Vəzifə sahibi Zeynalovun davranış və əməlləri cəmiyyətin maraqlarına uyğun olmasa da, əsas məsələ şəxsi maraqlarına tam uyğundur.
Yekun
Zeynalovun əməlləri Cənab prezident İlham Əliyevin siyasətinin məzmununu qavramamağın nəticəsidir.
Cia.az