Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Saatlının masallılı icra başçısı haqqında niyə “hələ də orucdur”deyirlər?


- Özünün hamıya açıq profili olan icra başçısı;

- Bazarlığı öz ailəsi ilə birgə gedən icra başçısı;

- Heç bir troli-filan dəstəsi olmayan icra başçısı;

- FB-da, İnboxda ona yazılan mesajları şəxsən özü cavablandıran icra başçısı;

- Nitqində heç bir qarğış, söyüş, qeyri etik ifadə olmayan icra başçısı;

-Aparatda çalışanları axşam 6-dan sonra işlətməyən, şənbə və bazar günləri narahat etməyən icra başçısı...

...Bunlar hələ hamısı deyil. “Bu “əjdaha”dan bizdə niyə yoxdur?” sualını da verməyə tələsmədən, zəhmət olmasa,  yazını sonadək oxuyun.

Ölkəmizin digər rayonlarında 2 masallılı şəxs icra başçısı vəzifəsində çalışır - biri Daşkəsəndə Əhəd Abıyev, digəri isə Saatlı rayonunda Elmir Bağırov.

Birinci adını və soyadını çəkdiyimiz Əhəd Abıyev, onun qəribəlikləri haqqında kifayət qədər deyilib. Bəs digər masallı icra başçısından - Elmir bəydən nə xəbər var?

Öncə bir daha xatırladaq ki, Elmir Bağırov kimdir? 

Bu sualı cavablandırmazdan öncə isə bir başqa suala cavab axtaraq. Niyə, saatllılardan xəbər alanda ki, yeni başçınız necə işləyir? Cavab verirlər ki, “hələ ki, orucdur”. Yəni ki, hələ birbaşa, yaxud dolayısı ilə heç kimdən rüşvət almayıb.

İndi isə bu məqamı aydınlaşdırmağı yazının sonuna saxlayıb, keçək “Elmir Bağırov kimdir?” sualının cavabına.

Elmir Məhəmməd oğlu Bağırov 1980-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. Atası həkimdir, Rusiyada çalışır. 

O, 1997-ci ildə anadan olduğu kənddə yerləşən Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbini əla qiymətlərlə bitirib. Sonra ali təhsil, doktorantura, nəhayət 28 yaşında siyasi elmlər üzrə ən gənc fəlsəfə doktoru adını qazanıb.

2004-cü ildən Heydər Əliyev Fondunun “azerbaijan.az” layihəsinin koordinatoru olmuş, 2005-ci ildə Heydər Əliyev Fondunun Himanitar Proqramlar Departamentinin aparıcı mütəxəssisi vəzifəsindən 2014-cü ildə Himanitar Proqramlar Departamentinin rəisi vəzifəsinədək yüksəlmişdir.

2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsinin, sonra Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri vəzifələrində çalışıb.

2017-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir. 10-dan artıq Beynəlxalq elmi konfransların iştirakçısı və məruzəcisi olub, 24 elmi məqaləsi respublika və xarici elmi jurnallarda nəşr olunub.

Bir necə dil bilir.

2020-ci il, avqustun 24-də ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Saatlı rayonunun icra hakimiyyətinin başçısı təyin olunub.

Evlidir, 2 övladı var.

Bir daha yazının başlanğıcındakı məqamlara və deyilənlərin davamına qayıdaq-

-Özünün hamıya açıq profili olan icra başçısı;

-Bazarlığı öz ailəsi ilə birgə gedən icra başçısı;

-Heç bir trol-filan dəstəsi olmayan icra başçısı;

- FB-də, İnboxda ona yazılan mesajları şəxsən özü cavablandıran icra başçısı;

- Nitqində heç bir qarğış, söyüş olmayan icra başçısı.

- Aparatda çalışanları işçilərini axşam 6-dan sonra işlətməyən, şənbə və bazar günləri narahat etməyən icra başçısı...

Bunlar hələ hamısı deyil. “Bu “əjdaha”dan bizdə niyə yoxdur?” sualını da cavablandırmağa tələsmədən, zəhmət olmasa, yazını sonadək oxuyun.

Yenə də gəldik “oruc” məsələsinə.

40 yaşında Saatlıya icra başçısı təyin edilən Elmir Bağırov, yerli sakinlərin bildirdiyinə görə, nə birbaşa, nə dəllallar vasitətəsi ilə, nə digər yollarla heç kimdəm pul almayıb, bu barədə hər hansı xoşagəlməz söhbətə şans buraxmayıb.

Elmir Bağırovun keçmişi də qaranlıq deyil ki, deyəsən, “filan rayonda, yaxud şirkətdə “yeyib-doyub” burada özünü yalandan mələk kimi göstərir”. Bir tamaşada deyildiyi kimi “gül kimi uşaqdır“, gənc alimdir, çox intellektualdır, hədsiz sadədir və sair.

Saatlı rayonunda da hədsiz problemlər olmasına baxmayaraq, yerli sakinlərin onun haqqında dediyi xoş sözlər bitib-tükənmir.

Saatlıda şəxsən tanıdığım bir neçə ziyalı ilə  birbaşa görüşlərimdə və telefon zənləşməsində aşağıdakı fikirlərlə qarşılaşdım:

-Elmir müəllim təkcə sözdə yox, əməldə xalq adamıdır. Hədsiz sadə və təvazökar adamdır. Bazara ərzaq, geyim-keçim almağa da ya özü gedir, ya ailəsi ilə birlikdə. Rayon ərazisini bəzən tək, yanında “vəzir-vəkili”, “sağdış-soldışı”, mühafizə olmadan dolaşır. Şəkil paylaşmaq həvəsakar olmadığı üçün çoxları heç onu üzdən tanımır.

-Olduqca intellektual adamdır. Çıxışlarında heç bir yersiz ifadəyə rast gəlməzsən. Nə kimisə təhqir edib aşağılamaz, nə bəziləri kimi 5-10 dəqiqəlik çıxışında adamları qoca qarılar kimi qarğışlamaz, hər hansı qeyri-etik ifadə də işlətməz.

-Elmir müəllim oyuncaq, keçmişi ləkəli adamlarla yox, əsil ziyalılarla işləyir, məsləhətləşir.. Özünü güclü sandığından güclülərlə əməkdaşlıqdan çəkinmir. Seçdiyi kadrlar əli müxtəlif vaxtlarda çirkablara bulaşmış (saxtakarlıq, üzəduranlıq, iş verənlik etmiş, yaxınlarını satmış…) şəxslər yox, xalq arasında saflığını qorumuş, işgüzarlığı ilə seçilmiş güclü şəxslər olur. Məsələn, rayon təhsil şöbəsinin müdirliyini Bakıda, Zərifə Əliyeva adın Tədris Mərkəzində çalışan, əslən saatlılı, çox peşakar və savadlı bir xanıma etibar etdi. İcra başçısının şəhər nümayəndəliyinə gətirdiyi adam da rayonda saflığı, təşkiatçılğı və savadı ilə seçilən bir insandır. Kadr məsələsində olduqca ciddi və araşdırcıdır. Uzun müddətdir ki, 1-ci müavin və humanitar məsələlər üzrə müavinlik (həm də tikinti şöbə müdiri) vəzifələri boş olsa da, arzu etdiyi kadr tapılmadığı üçün təyinat etmir.

-Artıq Saatlıda polis də, prokurluq da, digər mühafizə orqanlarının təmsilçiləri də “Ağa nəzərəm, belə gəzərəm” prinsipi ilə işləmir.

-Adamların dilini çox gözəl bilir. İnsanlar hədsiz səmimi olduğu üçün ona çox inanırlar. Heç vaxt yalan danışmır. Hər həftə onlarla adamı şəxsən, açıq, həm də qəbul günü olub-olmamasında asılı olmayaraq qəbul edir.

-Açıq FB profili var. Burada yazılan tənqidlərə də dözümlü yanaşır. İnboxuna yazılan mesajları şəxsən özü cavablandırır. Nə məmurlarla, nə sıravi vətəndaşlarla onun arasında sədd, məsafə yoxdur. Lazım olan şəxslərə özü birbaşa, əlaqələndiricisiz zəng edir. Fb profilində maraqlı bildiyi adamlara özü dostluq təklifi göndərir, yaxud onların dostluq təklifi dəyərləndirir. Hər statusunu xeyli insan izləyir. Profilindəki devizi - Etibara sədaqət.

-Yuxarıda qeyd etdiyim kimi, Saatlıda trol yoxdur. Yüzlərlə gəncə yuxarı səviyyədə satqınlıq, xəbərçilik, yaltaqlıq aşılanmır.

-Onun işçilərlə, ziyalılarla birgə bir süfrə arxasında çay içməyi, çörək kəsməyi heç kimə artıq təəccüblü görünmür.

             Bəs bəyənmədiklərimiz nə oldu?

-Elmir müəllimin işində narazılıq yaradan məqamlar da yox deyil. Belə intellektual səviyyəyə malik rəhbərin sərəncamında olan sayt olduqca passifdir. Ay ərzində cəmi 2-3 xəbər yerləşdirilir ki, bunaların da çoxu yanğından sondürmə xəbərdarlığına aid olur. Rayonun hökümət qəzeti də ayda bir dəfə, olduqca “quru” çıxır.

-Biz Elmir müəllimin bəzi çərçivə qaydalarına əməl etməyə məcbur olduğunu başa düşürük. Lakin 100 mindən artıq əhalisi olan bir rayonda orta səviyyədə olsa belə, 1-2 müstəqil QHT-nin, xeyriyyə icmlarının olmaması başa düşülən deyil.

-Saatlı hazırda öndə gedən bir sıra müxalifət liderlərinin rayonudur. Burada siyasi partiyarın yerli təmsilçilərinin də qeyri-fəallığı qəribə suallar doğurur. Düzü, vətəndaş cəmiyyətinə, mətbuata Elmir müəllimin belə biganəliyini gözləməzdik. Və arzu edərlərsə, yardımçı olmağa, təcrübəmizi paylaşmağa hazırıq.

        Bəs etiraz aksiyaları nədən doğdu?

Yəqin ki, bəziləri sual verəcək ki, bu qədər yaxşı iş görülən, sağlam ab-hava olan rayonda o mitinqlər nə məsələ idi.?

Təbii ki, Saatlı rayonunun da ciddi sosial-iqtisadi problemləri var. Burada ürəkdən-ürəyə gedən yollar, inam, etibar, dürüstlük… “abadlaşsa da”, hələ də bərbad yollar və sahələr az deyil.

Həmin etirazçılar isə yerli sakinlərin bildirdiyinə görə müftə “kart” imtiyazından, narahat və çətin adamların vaxtaşırı aldıqları paketlərin ləğvindən sonra başladı və qısa müddətə də dayandı. Etirazçılara qarşı kəskin addımlar da atılmadı.

                    Son söz əvəzi.

Bütün hallarda gənc icra başçısı Elmir Bağırov əksər icra başçılarına nümunə olacaq intellektual və paklıq addımları ilə bizi təəccübləndirdi. Təkcə Masallıdan, həmyerlimiz olduğuna görə yox, ölkəmizdə belə dəyərli başçının olması ilə qürur duyduq. Doğrudanmı, biz xalqın qanuna susyan, paklıqdan dildə danışıb, xəlvətdə min oyunbazlıq edən, mülkləri göz deşən icra başçıları ilə yanaşı belə saf, paklğını, vicdanının qoruyan, yaltaqlara şantajçılara, “atanşiklərə” himayədarlıq etməyən icra başçıları ilə bir məkanda yaşayırıq?

Əslində Masallıda orta nəsil üçün bu təəccüblü deyildi. Çünki 90-cı illərin əvvəllərində, Teymur Yəhyayevin Masallıya icra başçısı kimi 1-ci gəlişinin ilk aylarında biz belə pak və intellektual mənzərələrlə çox rastlaşmışdıq. 

Arzu etdiyimiz Azərbaycanı Elmir Bağırov kimi insanlar yaradacaq.

Gün o gün olsun ki, hamımız arzu etdiyimiz Azərbaycanda yaşayaq, belə nümunələr də o qədər çox olsun ki, biz buna təəccüblənməyək.

Cenub.az. Zahir Əmənov
Qeyd: Digər saatlıların da fikrini bilmək maraqlı olardı. Bizi düzmü məlumatlandırıblar?





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10