Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Xalq teatrında "Ruhların qisası" tamaşası səhnələşdirilib.


Avqustun 27-də Masallı Xalq teatrında 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "Ruhların qisası" adlı virtual tamaşa oynanılıb. Bir çox sevilən əsərlərin müəllifi Nurəddin Ədiloğlunun ssenarisi əsasında səhnəyə qoyulan tamaşa kompozisiyasında rolları teatrın sənət kollektivi ilə bərabər, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri, rayonun digər təhsil müəssisələrində çalışan müəllimlər və məktəblilər ifa ediblər.

Tamaşa oynanılmazdan əvvəl teatrın rejissoru Cəmaləddin Əliyev kompozisiyanın quruluşu və süjet xətti barədə izləyicilərə məlumat verib, həmçinin tamaşanın ərsəyə gəlməsində əmək sərf etmiş səhnə heyətinə minnətdarlıq edib. O, eyni zamanda tamaşanın müəllifi N. Ədiloğlunun bu yaxınlarda işıq üzü görmüş yeni kitabı barədə danışıb, ədibə yeni yaradıcılıq nailiyyətləri arzulayıb. 

Tamaşa Birinci Qarabağ müharibəsi zamanı əsir alınmış soydaşlarımızın faciəli taleyindən bəhs edən pərdə ilə başlayıb, Vətən müharibəsindəki tarixi qələbə və əsirlərin azad olunması səhnələrini əks etdirən sonuncu pərdə ilə yekunlaşıb. Beləliklə, şücaətli ordumuzun zəfəri ilə xalqımıza qarşı cinayətlər törətmiş azğın düşmən cəzalandırılır və ədalət bərpa olunur. Tamaşada Azərbaycan xalqının əsrlərin sınağından çıxmış, süzülərək bugünədək qorunan mənəvi keyfiyyətləri, xalqın vətən sevgisi və yurda bağlılığı personajların timsalında uğurla ifadə edilib. Belə ki, azərbaycanlı əsirlərin erməni əsgər və zabitləri tərəfindən amansız rəftara, dözülməz işgəncələrə məruz qalmasına baxmayaraq, onlar doğma xalqına və dövlətinə dönük çıxmamış, ümidlə yaşamış, ədalətin zəfər çalacağına inanmışlar. Teatr kompozisiyasında vətənpərvərlik və şəhidlik zirvəsini tərənnüm edən şeirlər də səsləndirilib, monoloqlar deyilib.

Tamaşadan sonra çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, tamaşanın müəllifi və digərləri yaradıcı kollektivə uğurlar diləyib, şəhidlərin xatirəsinin yad edilməsi, vətənpərvərliyin təbliği sahəsində görülən işləri müsbət qiymətləndiriblər.

Tamaşanın quruluşçu rejissoru Cəmaləddin Əliyev, səhnə və musiqi tərtibatçıları isə müvafiq olaraq Elsevər Əliyev və Ruslan Zahidovdur. Tamaşa onlayn media vasitəsilə canlı yayımlanıb.
cenub.az












Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10