Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Otkat”ı Əbülfəz Qarayev alıb, 15-20 faizini müavininə qaytarıb


Mədəniyyət nazirinin keçmiş müavini, korrupsiyada və rüşvət almaqda təqsirli bilinərək bu günlərdə barəsində 8 il həbs cəzası verilən Rafiq Bayramov pulları tək yeməyib, istintaq materiallarında deyildiyi kimi, “otkat” və aylıq haqq olaraq ona çatdırılan pulları nazir Əbülfəz Qarayevə verib. Əbülfəz Qarayev isə bu pullardan 15-20 faizini öz müavininə geri qaytarıb.

virtualaz.org xəbər verir ki, bu sensasion məqamlar Rafiq Bayramovun işi üzrə istintaq materiallarında yer alır. 
R.Bayramov məhkəmədə son söz deyərkən günahsız olduğunu, heç kimdən rüşvət almadığını bildirib. Amma öz nazirini də ələ verməyib, yəni onun adını çəkməyib. Lakin istintaq materiallarına əsasən R.Bayramov Mədəniyyət Nazirliyinin yerli idarələrindən, musiqi məktəblərindən yığılan aylıq haqqın və təmir-bərpa işləri üçün şirkətlərə ödənilən pullardan gələn “otkat”ın hamısının Ə.Qarayevə çatdırdığını etiraf edib. Və bildirib ki, bu pullardan ona çatan 15-20 faiz olub.

Beləliklə, istintaq materiallarında deyilir ki, R.Bayramov 2018-ci ildə mədəniyyət naziri Əbülfəz Qarayevlə razılaşdırmaqla regional idarələrin müdirlərinə musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının süni şəkildə artırılmasını və yaranan fərqin nağdlaşdırılaraq pul şəkilində ona çatdırılmasını təşkil etməyi tapşırıb. Bu sxem işə düşəndən sonra pullar ya R.Bayramovun özünə, ya da nazirliyin şöbə müdiri Pərvin İsgəndərliyə çatdırılıb.
Yerli idarələrin müdirlərinin çatdırdığı aylıq haqq isə bu və ya digər rayonda yerləşən musiqi məktəblərinin, orada işləyən müəllimlərin sayından asılı olub. Məsələn, Sumqayıt regional mədəniyyət idarəsinin rəisi ayda 10-12 min(rəqəmlər təxminidir), Xaçmaz regional idarəsinin rəisi ayda 4 min, İsmayıllı regional idarəsinin rəisi ayda 15 min, Kürdəmir regional idarəsinin rəisi ayda 7-9.5 min , Ağstafa regional idarəsinin rəisi ayda 2 min, Şəmkir regional idarəsinin rəisi ayda 10-13 min,  Gəncə regional idarəsinin rəisi ayda təxminən 12 min,  Ağdaş regional idarəsinin rəisi ayda təxminən 2 min, Biləsuvar regional idarəsinin rəisi ayda təxminən 1-2 min, Masallı, Sabirabad və Lənkəran regional idarələrinin rəisləri ayda təxminən 500 manat veriblər.

Ağcabədi regional idarəsinin rəisi ayda təxminən 8 min, Bərdə regional idarəsinin rəisi ayda təxminən 5 min manat, Şəki regional idarəsinin rəisi ayda təxminən 2 min göndərib. Beləliklə, regional idarələrin rəislərindən yığılan aylıq haqq təxminən 60-65 min manat təşkil edib. (iyul-avqust tətil ayları istisna olmaqla)
R.Bayramov 2019-cu ildə bu sxemlə cəmi 550-600 min manat toplayıb və həmin pulları il ərzində hissə-hissə olmaqla Əbülfəz Qarayevə verib. Əbülfəz Qarayev isə bu vəsaitin 15-20 faiz hissəsini ona nağd şəkildə qaytarıb. R.Bayramov deyib ki, həmin pulun bir qismini hər ay “mükafat şəklində” öz işçilərinə paylayıb. 2020-ci ildə isə göstərilən sxem üzrə regional idarələrin rəislərindən aylıq haqqı ancaq fevral ayı üçün (63 min manat) ala bilib. Bu pulun alındığını nazir müavininin çantasından çıxan qeydlər də təsdiqləyib.

Amma necə olubsa R.Bayramov 2020-ci ilin fevralından etibarən regional idarələrin rəislərindən aylıq haqq yığılmasını dayandırıb, onlara “bu neqativ halı dayandırmağı” tapşırıb.

Həmin il mayın 8-də (DTX tərəfindən Mədəniyyət Nazirliyində əməliyyat keçirilən gün,-red.) Şəmkir regional mədəniyyət idarəsinin rəisi Höccət Əsədullayev Rafiq Bayramovun kabinetinə gəlib. İstintaq materiallarında deyildiyi kimi, söhbət əsnasında ona pul şəkilində “hörmət” vermək istəyib. R.Bayramov məbləğin nə qədər olduğunu bilməyib və pulu götürməkdən imtina edib. Höccət isə onunla höccətləşib, pulu “heç olmasa sürücüyə çatdırmağa icazə verməyi” istəyib. R.Bayramov buna etiraz etməyib, Höccət otaqdan çıxan kimi DTX əməkdaşları onun kabinetinə daxil olublar və axtarış keçiriblər.

R.Bayramov Mədəniyyət Nazirliyində qurulan başqa “otkat” sxemini də izah edib. Bu sxemə əsasən regional idarələrin rəisləri cari təmir işlərinin aparılması üçün  ayrılan pulların 10 faizini özləri “otkat” şəklində alırdılar. Daha 10 faiz isə şəxsən onun özünə ya regional idarələrin rəisləri, ya da tenderlərdə qalib gəlmiş “tanış şirkətlərin” rəhbərləri tərəfindən çatdırılırdı. Bu sxemlə 2019-cu ildə R.Bayramova cari təmirə ayrılan 1.5 milyon manatın 10 faizi, yəni 150 min manat çatdırılıb. Həmin vəsaiti də hissə-hissə, il ərzində Əbülfəz Qarayevə verib. Nazir isə pulun 15-20 faizini ona qaytarıb.

2020-ci ildə cari təmir işləri üçün 2.3 milyon manat nəzərdə tutulsa da pandemiya bu korrupsiya sxeminin işini pozub-tenderlər keçirilməyib, pulları ayrılmayıb, nəticədə “otkat” da gəlməyib.

R.Bayramov habelə nazirlikdə kurasiya etdiyi nazirliyin informasiya və ictimai əlaqələr şöbəsinin fəaliyyətinin tənzimlənməsi sahəsində nazirliyin saytlarının, reyestrlərinin, portal və sosial şəbəkələrin saxlanılması və marketinq işlərinin aparılması üçün 2019-cu ildə xərclənən 290 min manatdan 30 min manat “otkat” alıb.

2020-ci ildə bu işlərə yenidən 400 min manat ayrılıb, həmin işlərin görülməsi üçün tenderlər elan edilib. Tenderdə qalib gələn MMC-yə ilkin olaraq 50 min manat köçürülmüş, bu məbləğdən ümumilikdə təxminən 21.300 manat “otkat” şəkilində şirkət rəhbəri tərəfindən mayın 6-da şəxsən xidməti otağında Rafiq Bayramova verilib. Həmin pullar iki gün sonra DTX əməkdaşları tərəfindən nazir müavininin seyfində tapılıb.

R.Bayramov 2015-2017-ci illərdə nazirlikdə aparat rəhbəri işləyəndə də bu kimi işlərdən “otkat”lar (31 min və 14 min manat) alıb, amma bu pulları nazirlə bölüşdürməyib. Nazirlə pulların bölüşdürülməsi 2018-ci ildən başlayıb.

Bütün bunlar istintaq materiallarında Rafiq Bayramovun dindirilməsi nəticəsində toplanıb, amma maraqlıdır ki, keçmiş nazirə qarşı ittiham irəli sürülməyib. O cümlədən məhkəmədə onun dindirilməsi, ifadəsinin alınması baş verməyib...

virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10