“Hazırkı şəraitdə “Taliban”ın hakimiyyətə gəlməsi Azərbaycanın xeyrinədir...”
“Vaxtilə başdanxarab saydığımız Jirinovski demişdi ki, “Taliban” dövlət kimi tanınmalıdır...”
İki ilə yaxın müddətdə SSRİ-nin Əfqanıstdakı hərbi-siyasi əməliyyatlarında iştirak etdiyindən orada yaşayan millət və tayfaların xarakterinə bələd olan, həmin dövrdə, eləcə də son onilliklərdə bu ölkənin tarixi, orada baş verən ictimai-siyasi proseslərlə yetərincə maraqlanmış, eyni zamanda politoloji təhsili olan hərbi ekspert Tərlan Eyvazov Moderator.az-a geniş müsahibəsində bu günədək bəhs edilən ölkədəki son hadisə və proseslər, “Taliban” hərəkatı və s. haqda tamamilə fərqli fikirlər səsləndirdi.
(Əvvəli burada://moderator.az/gundem/390975/efqanistandaki-pustunlarin-gundelik-leksikonunda-qeyret-namus-szleri-tam-menasinda-islenir/ )
-Tərlan bəy, belə bir versiya var ki, əslində “Taliban”ı Böyük Britaniyanın kəşfiyyat və maliyyə dəstəyi ilə Pakistan yaradıb. Sizcə, bu, həqiqətə yaxın mülahizədirmi?
-Bilirsiniz, belə versiyalar söyləyən və özünü “politoloq” adlandıranlar, əslində, heç Əfqanıstanın xəritədə yerini tanımır. Onların bu ölkənin tarixindən, etnik, dini tərkibindən məlumatı yoxdur. Birdəfəlik bilmək gərəkdir ki, “Taliban” Əfqanıstan xalqının uzun onilliklər boyu çəkdiyi əzab-əziyyətə son verilməsi zərurətindən yaranıb. Həm SSRİ, həm də Amerika-NATO müdaxiləsi zamanı yaranmış hərəkatların çoxunun səbəbi məhz bu zərurət olub. Söhbətimizin əvvəlində də “Taliban”ın necə yaranması və hakimiyyətə gəlməsindən xeyli danışqdıq. “Taliban” 1996-2001-ci illərdə hakimiyyətdə olduğu dövrdə Əfqanıstanın təxminən 95 faizində əmin-amanlıq yarada bilmişdi. Düzdür, qanunlar, cəzalar xeyli sərt idi... Amma ölkədə sabitlik yaranmaqda idi. Düzdür, bu islamçı hərəkatın formalaşmasında Pakistanın böyük rolu olub. Ancaq “Taliban”ın yaranmasında ingilis, Amerika kəşfiyyatının rolu, ABŞ-ın qoşunlarını guya bilərəkdən Əfqanıstandan çıxarması və yaxın gələcəkdə “Taliban”dan İrana, Pakistana, Rusiyaya qarşı istifadə edəcəyi ilə bağlı deyilənlərin hamısını cəfəngiyyat hesab edirəm. Düşünürəm ki, hazırkı şəraitdə “Taliban”ın hakimiyyətə gəlməsi Azərbaycanın xeyrinədir. Buna yalnız sevinmək lazımdır. Bəs, Azərbaycana bunun faydası nədir? Deyildiyi kimi, əvvəldən “Taliban”ın arxasında əsasən Pakistan dayanır. Odur ki, taliblərin qələbəsi öncə Pakistanın regiondakı mövqelərini möhkəmlədir. Və nəzərə alaq ki, Pakistan Türkiyədən sonra bizə əsas dost ölkədir. Son Qarabağ savaşında uğur qazanmağımızda bu ölkənin siyasi-mənəvi dəstəyinin də böyük rolu oldu. Məntiqlə onun dəstəklədiyi bir hərəkatın da Əfqanıstanda hakimiyyətə gəlməsi Azərbaycanın da, Türkiyənin də xeyrinədir. Yəni Pakistanla paralel bizim də, Türkiyənin də regiondakı mövqeləri güclənir. Bunlara bariz nümunə kimi Kabildə Türkiyə və Azərbaycan sülhməramlılarının bu günədək özlərini əsl sülhməramlı kimi aparması və “Taliban”ın da buna isti yanaşmasını göstərmək olar. Artıq görürük ki, “Taliban” ölkədəki əksər qüvvələrin, keçmiş prezident və nazirlərin iştirakıyla koalisyon bir hökumət qurmağa çalışır. Və Azərbaycan da 1990-cı illərdəkindən fərqli olaraq “digər ölkələrlə normal dialoq şəraitində işləyəcəyinə, bu hərəkatı başqa ölkələrin ərazisinə transformasiya etməyəcəyinə söz verən “Taliban” hakimiyyətini tanıya bilər...
Digər tərəfdən, taliblərin qələbəsi və ABŞ, NATO qoşunlarını Əfqanıstandan çıxmağa vadar etməsi, bu gün qəsbkar Ermənistana dəstək verən Avropa və ABŞ-ın özü üçün də bir dərs oldu. O mənada ki, həmin ölkələrdəki ermənipərəst güclərin ürəyindən Qarabağa, eləcə də Azərbaycan-Ermənistan sərhədinə Fransa, yaxud ABŞ və ya ümumiyyətlə, Qərb ölkələrinin birləşmiş hərbi qüvvələrinin sülhməramlı adı ilə yerləşdirilməsi keçirdi. Ancaq “Taliban”ın növbəti qələbəsindən sonra Qərb də, Ermənistanın özü də gördü ki, Şərqdə, xüsusən müsəlman ölkələrində xalqın gözlənilməz müqavimət hərəkatları baş qaldıra bilər. Və bu da onları Azərbaycana qarşı bu xam xəyallarından daha da çəkindirdi və arzularını ürəklərində qoydu...
- Belə çıxır ki, BMT-nin və bir sıra ölkələrin “Taliban”ı terrorçu təşkilat kimi tanımasına rəğmən siz talibləri terrorçu kimi qəbul etmirsiniz?
-Elədir. “Taliban”ın terrorçu təşkilat kimi tanınmasıyla nəyə görə razılaşmıram? Birincisi, ən böyük günah elə BMT-nin üzərindədir ki, öz ölkəsində xalqın istəyi ilə hakimiyyətə gələn bir hərəkata qarşı çox böyük insafsızlıq etdi və nəticədə ABŞ heç bir əsas olmadan Əfqanıstana qoşun yeritdi. Yəni, əslində, orada Amerika dövləti üçün heç bir təhdid yox idi. Taliblər sadəcə olaraq həmin dövrdə öz təcrübəsizlikləri, qonaqpərvərlikləri səbəbindən “Əl-Kaidə” lideri Ben Ladenin Əfqanıstanda gizlənməsinə icazə verdilər. Sonra da ABŞ onu tələb edəndə dini və milli ənənələri baxımından, yəni onun qonaq olması səbəbindən “1 nömrəli terrorçu”nu ələ vermədilər. Dedilər ki, o, bizim qonağmızıdır, istəsə, çıxıb gedər, amma biz onu tutub sizə verə bilmərik. Amerika da bunu əlində bəhanə edərək İraqa girdiyi kimi, Əfqanıstana da girdi. Halbuki, həmin bəhanələrin heç birinin əsası tapılmadı. Əvəzində milyonlarla insan həyatını itirdi. 10 milyonlarla insanın isə həyatı alt-üst oldu; yaralandılar, şikəst oldular, evsiz-eşiksiz, ata-anasız, övladsız, qardaş-bacısız və s. qaldılar...
Bizim üçün fərqi yoxdur ki, Əfqanıstan kimi müsəlman ölkələrinə ya SSRİ, ya Rusiya, yaxud Amerika soxulsun. Tarix bir daha göstərdi ki, Əfqanıstana zorla nə sosializmi, nə də Amerikasayağı demokratiyanı ixrac etmək olar. Bu xalqa yalnız imkan vermək gərəkdir ki, öz xarakterinə, mentalitetinə, milli əxlaqına uyğun bir dövlət qursun...
-Deməli, “Taliban” “Əl-Kaidə”dən tamamilə fərqli bir təşkilatdır?
-“Əl-Kaidə”-filan - bunlar hamısı “İslam” adı altında yaradılmış təşkilatlar idi ki, “Taliban” onlarla müəyyən şəraitlərdə əməkdaşlıq etməyə məcbur olurdu. Ancaq ən təhlükəlisi Qərbin əliylə yaradılmış “İŞİD” dir ki, onlarla da taliblər dəfələrlə vuruşublar. Hazırda da istər ABŞ-la, istər Rusiya ilə və s. danışıqlar aparanda “Taliban” söz verir ki, İslam adı altındakı hər hansı bir terrorçu qrupun Əfqanıstanda yerləşməsinə imkan verməməyə çalışacaqlar. Və deyirlər ki, biz də Pakistan kimi şəriət qanunlarına əsaslanan və milli mentalitetimizə uyğun müasir bir dövlət quracağıq...
Anlamaq olmur; axı niyə min kimlometrlərlə uzaq xarici ölkələrdən, okeanın o tayından gələn orduların əfqanların başına bomba yağdırması, onları kütləvi şəkildə amansızlıqla qətlə yetirməsi və bunun sayəsində insanların öz ölkələrindən didərgin salınması terror adlanmır, amma həmin insanların xarici işğalçılara qarşı azadlıq mücadiləsi aparmasına dərhal “terror” damğası vurulur? Axı, onlar xarici əsgərlərə qarşı əməliyyatları Amerikada, Avropada, Rusiyada icra etməyiblər. Öz ölkəlrində - Əfqanıstanda ediblər. Ona görə ki, yadellilərin onların üzərində hökmranlıq etməsinə razı deyillər...
Əfqanıstan xalqı nəyi, hansı quruluşu istəyirsə, o da olmalıdır. Oraya hər hansı müdaxilə edilməsi yolverilməzdir...
Vaxtilə başdanxarab saydığımız Jirinovski demişdi ki, “Taliban” dövlət kimi tanınmalıdır. Ona görə ki, hazırda bu, Rusiyanın maraqlarına uyğundur. Yəni bununla taliblərin Rusiyanın müttəfiqləri olan Əfqanıstanla qonşu Tacikistana, Türkmənistana, Özbəkistana sızmasına imkan verilməz.
Bu gün də “Taliban” ölkədən xarici diplomat və vətəndaşların eləcə də getmək istəyən əfqanların çıxışına şərait yaradır. İstəsəydi, Kabil aeroportunu bağlayar və heç kəsi buraxmazdı. Və kadrlara diqqət edirsizsə, Əfqanıstandan getmək istəyənlərin əksəriyyəti gənc əfqanlardır. Onların heç biri “Taliban”a qarşı ola bilməz. Sadəcə olaraq, əfqan gənclərin bəziləri bu imkandan yararlanaraq Əfqanıstandan qaçıb Qərb ölkələrində yaşayıb, guya “kef edəcəkləri” düşüncəsi ilə gedirlər...
-Bu günlərdə informasiyalar yayılır ki, guya taliblər ABŞ-a, NATO-ya xidmət etmiş məmur və hərbçilərin evlərinə gedir və özləri evdə olmadıqları halda ailə üzvlərini incidir, onlara qarşı zor tətbiq edirlər...
-Bilirsiniz, əvvəla, hələ 1990-cı illərdən “Taliban”ın guya terrorçu olması, günahsız insanları cəzalandırması, qətlə yetirməsi haqdakı və s. söhbətlərin hamısı Əfqanıstana qoşun yeridilməsinə saxta əsaslar yaratmaq üçün uydurulmuş məsələlərdir...
İkincisi də, bu cür informasiyalar yayılsa da, onları təsdiqləyən əsaslı bir kadr, sənəd yoxdur. Belə informasiyaları ABŞ prezidentinin dilindən eşdirik. Biabırcasına oradan qaçırsan və böhtan atırsan. Sənin təyin etdiyin hökumət bir şəhəri qoruya bilmədi. Haqqı danmaq olmaz... ABŞ-ın ayırdığı milyardları prezident və bir qrup hökumət və ordu məmuru basıb yedi. Ağ Evin seçdirdiyi prezident Əşrəf Qəni uçduğu helikopterdə 169 milyon dollar pul çıxarıb. Yer olmadığı üçün 5 milyonu aerportda qalıb. Bunu Əfqanıstanın Özbəkistandakı səfiri, həmçinin ABŞ kəsfiyyatı təsdiqləyib... Amma illərdir ki, sadə əfqan xalqı köpük qusur. Hökumət ordusunun əsgərləri də yeməyə çörək tapmır. Ağ Ev, Pentaqon bunları araşdırsın. Yoxsa təxrubatçı, saxta informasiyalar yaymasın...
ABŞ Əfqanıstana girən gündən orada terrorun ardı-arası kəsilmir. Bunu “Taliban” etmir ki. Qarışıqlıq olan yerdə bütün terrorçu təşkilatlar fəallaşır. Bunun də əziyyətini kasıb xalq çəkir. Odur ki, sadə xalq da, iş adamları da sabit bir dövlət istəyirlər ki, işləyib, vergilərini ödəyib dolansınlar. Belə bir sabitlik 20 illik Amerika işğalı dövründə olmadı. Heç olmasa, imkan versinlər bundan sonra olsun...
-Son günlər yayılan məlumata görə, Əfqanıstanın “Taliban”ın nəzarətində olmayan yeganə əyaləti Pəncşirdə bir neçə minlik əfqan ordusu toplanıb. Pəncşirdə hazırda vitse-prezident Əmrulla Saleh məskunlaşıb və özünü ölkənin qanuni lideri elan edib. Eyni zamanda, yerli müqavimət qüvvələrinə Əfqanıstanın mərhum milli qəhrəmanı Əhməd Şah Məsudun oğlu Əhməd Məsud başçılıq edir. Taliblər də həmin ərazini mühasirəyə alıb və sayca daha çoxdurlar. Sizcə, bu prosesin sonu necə bitəcək?
-Məsudun oğlu artıq Şah Məsud kimi deyil. O, Qərbin adamıdır. Çünki o, İngiltərədə təhsil alıb... Amma bununla belə, bildiyimə görə, hər iki tərəf: həm Taliban, həm də Pəncşirdəki müxalif qüvvələr məsələnin sülh yoluyla bitməsinə çalışır. İnşallah, belə də olacaq...
-ABŞ və digər NATO dövlətlərinin Əfqanıstan hökumətinə verdiyi milyardlarla dollar dəyərində texnika və silahları, o cümlədən aviasiyası “Taliban”a qaldı. Bəzi şərhçilər deyir ki, “Taliban” ABŞ-ın sayəsində aviasiyaya malik yeganə terror təşkilatı oldu. İnformasiyalar yayılır ki, Qərb guya bunu bilərəkdən edib. Bu silahlar gələcəkdə digər ölkələrə, məsələn, İran və ya Orta Asiya ölkələrinə qarşı terror aktları üçün istifadə edilə bilməz ki?
-Əvvəla, texnika və silahların “Taliban”a qalması normal haldır. SSRİ dağılandan, rus qoşunları buradan çıxandan sonra bizə də külli miqdarda silah qaldı. Bizə təcavüz edən Ermənistandan başqa hansı ölkəyə qarşı istifadə etdik o silahlardan? Elə təbliğat aparılır ki, guya “Taliban” hakimiyyətə gəlib və bu saat bütün dünyaya hücum edəcək. Əfqanıstan xalqı sabitlik və çörək istəyir. Taliblərin qarşısında duran əsas vəzifə budur. Bu dəqiqə həmin problemləri həll etməyə çalışırlar. Nə işi var onların qonşu ölkələrdə?...
İkincisi də, bütün bunlar Vyetnamdan sonra ikinci böyük biabırçılıq yaşayan ABŞ dövlətinin, Pentaqonun yaydığı şayiələrdir. Çünki hazırda Amerika xalqı Ağ Evi divara dirəyib. Sən demə, ən düzgün qərarı elə Tramp verirmiş ki, hər yerdən ABŞ qoşunlarını salamat çıxarmaq istəyirdi. Görün, Amerikanın dövlət orqanları nə gündədir ki, Kabil şəhəri əldən gedib, hələ orada onların minlərlə vətəndaşı qalıb. Hanı sənin hökumətin, hanı sənin ordun, hanı sənin kəşfiyyatın? ABŞ kəşfiyyatı proqnoz verirdi ki, hələ “Taliban” Kabili 3 aya tutacaq, bizim azı bir ay vaxtımız var...
Xülasə, gerçəklik budur ki, bu gün dünyanın güldüyü, istehza etdiyi ayağı yalın, başı çalmalı əfqan ingilisi də, rusu da qovladı, amerikalını da... Odur ki, gəlin nəticədən danışaq. Orada Amerikanın çıxmasının, Qərbin zəifləməsinin bizə də xeyri var. Deməli, orada kim möhkəmlənib? Pakistan, Türkiyə. İkisi də bizim qardaşımız, dostumuzdur. Buna sevinək də...
Məsələnin bir tərəfi də odur ki, bu gün Amerikanın da, Avropanın da, Rusiyanın da, İranın da əsas diqqəti Əfqanıstana yönəlib. Və odur ki, biz burada Qarabağda, Zəngəzurda işimizi daha rahat şəkildə görə bilərik...
Sultan Laçın