Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nasistlərin qadınlar üçün yaratdığı “cəhənnəm” – 6 ilə 90 min məhbus öldürülüb...- Qorxunc faktlar


Berlindən 90 kilometr aralıda, Ravensbryuk qəsəbəsi ərazisində yerləşən eyni adlı həbs düşərgəsi haqqında 7 film çəkilib, 20-dən artıq kitab yazılıb. 6 il fəaliyyət göstərdiyi müddətdə 150 mindən artıq məhbusun saxlanıldığı bu düşərgə birbaşa Henrix Himmlerin nəzarəti altında inşa edilib.

“Ravensbryuk” düşərgəsi 1939-cu ildən fəaliyyət göstərib. Əvvəlcə bu düşərgə yalnız qadınların saxlanılması üçün nəzərdə tutulub. Amma İkinci Dünya müharibəsinin ikinci ilində, 1941-ci ildə düşərgənin ərazisi böyüdülüb və kişi hərbi əsirlərin bir qismini də bura gətiriblər.
Düşərgənin bütün ərazisi beton divarlarla əhatə olunub. Bu səddin üzərinə isə elektrik enerjisi buraxılan tikanlı məftillər çəkilib.

Düşərgə üç hissədən ibarət olub. Birinci hissədə məhbusların saxlanılması üçün baraklar tikilib, ikinci hissə yardımçı təsərrüfat üçün nəzərdə tutulub, üçüncü hissədə isə böyük şirkətlər öz sexlərini yerləşdiriblər. Burada əsasən tekstil və dəri məmulatlarının hazırlanması üçün sexlər açılıb. Bu sexlərdə qadınlar iki növbədə işləyiblər. Hər növbənin iş saatı 12-14 saat olub. Birinci növbədə çalışanlara yemək  üçün 30 dəqiqə fasilə verilib. İkinci növbə gecə vaxtına düşdüyü üçün məhbus qadınlara fasilə verilməyib.

1942-ci ildən başlayaraq “Ravensbryuk”da saxlanılan qadınlar konvoy altında müdafiə sənayesi müəssisələrində işə aparılıb. Təxminən 70 min məhbus qadın hərbi zavodlarda işləyib.

1943-cü ilin fevral ayında “Ravensbryuk” düşərgəsinə SSRİ-dən 535 qadın, həkim və tibb bacısı gətirilib. Onlar düşərgədə digər məhbus qadınlardan ayrı saxlanılıb. Sovet qadınlarına düşərgədə xüsusi amansızlıqla yanaşılıb, ən ağır işgəncələr də məhz onlara tətbiq edilib.

Ümumilikdə 6 illik fəaliyyəti dövründə “Ravensbryuk” düşərgəsində 90 min məhbus həyatını itirib. Ölümlərə səbəb işgəncələr, ağır iş şəraiti, xəstəliklər, zəif qidalanma, tibb xidmətinin zəifliyi olub.

Düşərgədən sağ çıxa bilən məhbus qadınlardan biri, Svetlana Korovina “Ravensbryuk”un dəhşətlərini belə açıqlayıb:

“Bu düşərgə yer üzündə olan cəhənnəm idi. Məni bura Krımdan göndərmişdilər. Orduda həkim kimi xidmət edirdim, almanlar tərəfindən əsir düşmüşdüm. Düşərgəyə gətirilən qadınlar ilin hansı fəslindən asılı olmayaraq, həyətdə lüt soyundurulurdu. Onların bütün paltarları və əşyaları götürülürdü. Sonra lüt bədənlərdə axtarış aparmağa başlayırdılar. Bu axtarışlar növbəsində lüt qadınlar saatlarla kişi nəzarətçilərin və kişi məhbusların gözləri qarşısında  gözləməli olurdular. Vəhşiləşmiş qadın nəzarətçilər məhbus qadınların intim yerlərini də yoxlayırdılar. Bir dəfə də olsun ginekoloq müayinəsində olmayan gənc məhbus qadınların intim yerlərinə rezin dəyənəklər elə yeridilirdi ki, bunun ağrısına dözmək mümkün olmurdu. Sonra onların başı qırxılırdı və hamama göndərilirdilər. Məhbus qadınlara zolaqlı geyim verirdilər. İş qabiliyyətini itirmiş qadınların işi daha ağır olurdu. Almanlara “xeyir” verə bilməyən bu qadınlara elə işgəncələr verilirdi ki, belələrinin çoxu heç bir-iki ay tab gətirməyib, ölürdülər. Bununla yanaşı, iş qabiliyyətini itirmiş qadınların məhv edilməsi üçün xüsusi plan da qoyulmuşdu. Hər gün 50 qadın güllələnirdi. Bu düşərgənin qadın nəzarətçilərinə insan demək mümkün deyildi. Onlar bir şüşə içki sayəsində ən yaraşıqlı qadınları kişi nəzarətçilərinə ötürürdülər. Zorlanaraq ölən qadın məhbusların da sayı az deyildi...”

Düşərgənin fəaliyyət göstərdiyi illərdə ən kütləvi edam və güllələnmə 1943-cü ilin fevral ayında baş verib. Polşa Silahlı Qüvvələrinin ali və yüksək rütbəli zabitlərinin 700-ə yaxın həyat yoldaşı və qızları bu “aksiya”da məhv edilib.
1944-cü ildə Henrix Himmlerin düşərgəyə növbəti təşrifindən sonra yaşlı, xəstə, iş qabiliyyəti olmayan məhbus qadınların məhv edilməsi ilə bağlı yeni əmr verilib. Bu əmrə əsasən düşərgədə qaz kameraları və meyitlərin yandırılması üçün sobalar tikilib. Qaz kameralarında eyni vaxtda 150 nəfər məhv edilib və meyitlər  oradan növbəti otağa, sobalar quraşdırılmış tikiliyə daşınaraq, yandırılıb.

1943-cü ildən “Ravensbryuk” düşərgəsində Berlindən gəlmiş həkim briqadası məhbuslar üzərində tibbi-bioloji sınaqlar aparıblar. Bu sınaqlar nəticəsində 83 məhbus həyatını itirib. Sınaqlardan imtina edən məhbuslar isə yerindəcə, dərhal güllələnib.

Düşərgədə 150 qadın nəzarətçi xidmət edib. Qadın düşərgəsinin 6 il ərzində 9 qadın rəisi olub.
9 aprel 1945-ci ildə “Ravensbryuk” düşərgəsi sovet qoşunlarının nəzarətinə götürülüb və düşərgədə olan məhbus qadınlar azadlığa buraxılıb. Düşərgənin ələ keçən əməkdaşları isə həbs olunublar.

1946-1948-ci illərdə Hamburqda “Ravensbryuk” düşərgəsi ilə bağlı məhkəmə prosesi keçirilib. Müttəhimlər kürsüsündə 57 nəfər düşərgənin əməkdaşları əyləşib. Məhkəmə qadın düşərgəsinin 9 qadın rəisinin 8-nə ölüm hökmü, birinə isə 15 il azadlıqdan məhrumetmə cəzası verib.

1959-cu ildə Almaniya (ADR) hökuməti tərəfindən “Ravensbryuk” düşərgəsinin yerləşdiyi ərazinin bir hissəsində memorial xatirə kompleksi salınıb.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10