Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mülki geyimli polislər qəfil yoxlama aparacaq


Hüquqşünas: “Qanunla polis əməkdaşı xidməti vəzifələrini polis formasında aparmalıdır”

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Operativ Qərargahın brifinqində maraqlı açıqlamalar verib. E.Hacıyev bildirib ki, vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə, mütləq vaksinasiyadan keçməlidir. O xatırladıb ki, qarşıdan tədris ili gəlir, dərslər başlayacaq və bununla əlaqədar monitorinq aparacaq qruplara Təhsil Nazirliyinin nümayəndələri və rayon nümayəndələri dəvət olunacaq: “İri ticarət mərkəzlərinin qarşısında polisin dayanması nəzərdə tutulmur. Obyekt nümayəndələri tərəfindən obyektlərə daxil olan şəxslərin pasportları yoxlanacaq. Lakin qəfil şəkildə həmin mərkəzlərdə polis yoxlanışı da keçiriləcək”. 

Şöbə rəisi daha sonra tətbiq olunacaq cərimələr barədə danışıb: 

“Əgər qanun pozuntusu aşkarlanarsa, obyekt sahibi barəsində inzibati tənbeh tətbiq ediləcək. Fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaq, hüquqi şəxslər barəsində həbs qəti imkan tədbiri tətbiq olunacaq. Obyektlər, təhsil müəssisələrinə daxil olacaq polislər xidməti formada olmayacaq. 18 yaşdan yuxarı şəxslərin COVID pasportu olmayacaqsa, həmin şəxslər yox, obyektin rəhbəri və müvafiq yoxlayıcılar məsuliyyət daşıyacaq”.
E. Hacıyevin xəbərdarlığında bır sıra diqqətçəkən məqamlar var.

Əvvəla, ilyarımlıq təcrübə göstərir ki, karantin qaydalarını pozanları, peyvəndlənməyən şəxsləri ağır cərimə sanksiyasına məruz qoymaqla yoluxmanın qarşısını almaq mümkün deyil. Amma hökumət bu “mübarizə üsulunu” daha da genişləndirir. 

İkincisi, Elşad Hacıyev deyir ki, obyektlərdə reydlər keçirəcək polis əməkdaşları xidməti formada olmayacaq. Bu məsələ qanunvericiklə necə tənzimlənir?
Hüquqşünas Hafiz Həsənov “Press Klub”a şərhində bildirdi ki, insanların peyvəndlənməyə məcbur edilməsinə xidmət edən bu qərarlar Konstitusiyaya və qanunlara ziddir. Ekspert hesab edir ki, Operativ Qərargahın indiki halda siyasəti qapanmalara gedib, büdcədən sosial ödənişlər etməkdənsə, peyvəndələnməyə məcburi tələbləri genişləndirməklə büdcəyə cərimələrdən vəsait toplamaq siyasətidir: 
“Təbii ki, burada karantin qaydalarına və onun pozulmasına dair normaların konkret xarakter daşımaması da karantin qaydalarına əməl edilməsinə nəzarət edən qurumlara korrupsiya imkanları yaradır. Eyni zamanda, Operativ Qərargahın sonuncu brifinqindən də bir daha aydın oldu ki, əslində şadlıq evlərində, ictimai iaşə obyektlərində və digər bu kimi sahibkarlıq obyektlərində monitorinqlər Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulan Qida Təhlükəsizliyi Agentliyindən, Dövlət Vergi Xidmətindən daha çox, polis tərəfindən aparılır. Brifinqlərdə və mediada da demək olar ki, monitorinqlər barədə yalnız polisin nümayəndəsinin açıqlamalar verməsi, həm də bu açıqlamaların sərt tonda ifadə olunması bu məsələlərdə əsas rolun polisə məxsus olduğunu göstərir”. 

Hüquqşünasın rəyincə, polis əməkdaşlarının mülki geyimdə monitorinqlər aparacağı ilə bağlı deyilənlərin də qanuni əsası yoxdur. H. Həsənovun sözlərinə görə, qanunla polis əməkdaşı xidməti vəzifələrini polis formasında aparmalıdır: 

“Polisin mülki geyimdə monitorinqlər aparması baş verə biləcək pozuntunun qarşısının alınmasına deyil, “pozuntunu törət, cərimələyim” məntiqinə uyğundur. Bununla yanaşı, “18 yaşdan yuxarı şəxslərin COVID pasportu olmayacaqsa, həmin şəxslər yox, obyektin rəhbəri və müvafiq yoxlayıcılar məsuliyyət daşıyacaq” ifadəsi də hüquqi əsaslara söykənmir. Əgər belə olacaqsa, onda bu, qanunun aliliyi prinsipinə deyil, “qanunu bildiyim kimi mən tətbiq edirəm” prinsinə uyğun olacaq”. 
Hafiz Həsənov bir məqamı da qeyd etdi ki, hər dəfə yoluxmaların sayı çoxaldıqda Operativ Qərargah bütün səbəblərini sadə insanların davranışlarında axtarır: 
“Yəni bu məsələdə Operativ Qərargahın və müvafiq dövlət qurumlarının siyasətində heç qüsur yoxdur? Düşünürəm ki, insanların inamsızlığını həm də bu cür qeyri-səmimiliklər yaradır”.

Turqut





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10