Cahanxanım Seyidzadə
Məsələn, mən Tanrını uydurdum ki, Özümü bağışlaya bilməyəndə O, məni bağışlasın...
Məsələn,
mən Tanrını uydurdum ki,
Özümü bağışlaya bilməyəndə
O, məni bağışlasın...
Səni isə uydurdum ki,
Özümü öldürə bilməyəndə
Sən məni öldürəsən...
***
Bax, əzizim,
Bu gün
qonşumuzun balaca
qızı
getmək üçün ilk addımını atdı...
Daha üzülmürəm.
Anladım ki, insan
Lap əvvəldən
sandalları,
gəmiləri,
maşınları,
qatarları,
getmək üçün yaradıb...
Daha yaxşı,
daha səssiz
və
daha uzağa
insan
"getmək" felinin zamana görə dəyişməsidir
Getdi,
Gedir,
Gedəcək...
Və arxanca yellədiyim bəyaz yaylıq
Vidalaşmaq üçün yox,
Tanrıya təslim olduğumu bildirmək üçün idi...
***
Qonşu evdən
Yenicə doğulmuş körpə səsi gəlir
Yəni, kimsə
Tanrının ömrünü bir insan da uzadıb...
O uşaq qədər
dünya da,
yaşayacaq hələ...
Lənətə gəlsin!
Bu dünyanın sonuncu küçəsidir,
Buranı da keçsək, mənzilə çatmış sayılırıq
O yerlərdə ki, sakinləri körpələr olan
bağçalı evlər var.
O evlər ki, çəpərləri mavi qızılgüllərdən hörülmüş
O güllər ki, Tanrının ətəyində əkilmiş
O Tanrı ki, heç vaxt göydə deyilmiş...
Uzaqdaaa, lap uzaqda
Lap,
lap, laap uzaqdaaaaa
Kiçik bir nöqtəymişik biz.
etiraf edirəm:
mən
dörd əlli qarışqayam
ikisi yerdə,
ikisi səmada əllərimin,
ayaqlarımsa yoxdur,
olsa çoxdan gedərdim...
***
Mavi Ay çıxıb
Qırmızı gecə düşəndə
bağışlayacaq Tanrı
Bütün günahsız insanları
onda bütün körpə qucaqları
dünyanın qibləsi olacaq
Yaşıl torpaq
bəyaz yarpaqlarla öpüşəndə
qanadlı olacaq insanlar
sevdiklərinin pəncərəsinə qonacaqlar
onda bütün divarlar
insanların "hər kəsi" olacaq.
Mavi Ay çıxıb
qırmızı gecə düşəndə
yaşıl torpaq bəyaz yarpaqlarla
öpüşəndə
və
qarışqalar apardıqları yemi
quşlarla
bölüşəndə
bağışlayacaq Tanrı
bütün günahsız insanları...
***
Sən gələndə
Gedirdim mən,
əllərimdən xatirələr
tökülürdü birər-birər.
toplamağa nə güc, nə hal
qalmamışdı.
qayıtmağa nə vaxt, nə yol
qalmamışdı...
Sən gələndə gedirdim mən
uzaqlara, uzaqlara,
fərq etməzdi necə, hara
ümidlərim ürəyimin ətəyindən
uşaq kimi yapışmışdı
ağlayırdı...
Ürəyimsə "gələn olmaz daha"
deyib qapıları bağlayırdı...
Sən gələndə gedirdim mən
gedirdim mən sən gələndə
mən gedirdim gələndə sən.
İndi isə
İşə bir bax,
gələn də sən,
gedən də sən...
***
Mərhum qum hissəciklərindən
yaranmış
kirli şüşə qarşısında dayanıb düşünürəm:
gecəni biz uydurmuşuq
darıxmaq,
darıxmaq,
darıxmaq üçün!
Mərhum qum hissəciklərindən
yaranmış soyuq divarlar arasında
dayanıb düşünürəm:
Keçmişi biz uydurmuşuq
Darıxmaq,
Darıxmaq,
Darıxmaq üçün!
Yəni,
Məni dustaq edən keçmiş
işıq da verə bilər...
Ondan nə yaratdığına bağlı...