Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Korrupsiyanın “yediyi” milyonçular və ya gizlənin, gəlirlər!


Azərbaycanda rəsmi milyonçular niyə yoxdur – işin içindən elə işlər çıxır ki…
 
Hər il müxtəlif nüfuzlu nəşrlər dünyanın və eləcə də ayrı-ayrı ölkələrin zəngin insanlarının siyahısını açıqlayır. “Forbes”in məlumatına görə, bu gün dünyada 2755 rəsmi milyarder var ki, onların ümumi varidatı 13,1 trilyon dollar təşkil edir. Dünyada ən çox milyarder Çində yaşayır və sayları 210 nəfərdir. İkinci sırada 98 milyarderlə ABŞ gəlir. Rusiyada isə 80 milyarder var və onlardan dördü azərbaycanlıdır.
 
Bu gün Azərbaycanda da onminlərlə işçisi olan, iqtisadiyyatın müxtəlif sahələrində öncül mövqedə qərarlaşan xeyli sayda şirkət var. Onların rüblük dövriyyəsi yüzmilyonlarla ölçülür. Ortaya haqlı suallar çıxır: Bəs nəyə görə Azərbaycanda rəsmi milyarder və yüzmilyonçu yoxdur? Halbuki, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Ağabala Quliyev və digərləri Azərbaycan milyonçuları olaraq tarixə düşüblər. Onlardan bəziləri xeyriyyəçilik fəaliyyəti ilə də ad qazanıblar.
Ramil Osmanlı sədr seçildi
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı AYNA-ya açıqlamasında deyib ki, müxtəlif dövlətlərdə yaşayan Azərbaycan əsilli zənginlərlə öyünsək də, daxildə rəsmi milyarder və milyonçular yoxdur: “Bunu doğuran səbəblər müxtəlifdir. İlk növbədə onu qeyd edim ki, Azərbaycanda rəsmi milyonçular var. Lakin niyə bu, rəsmi səviyyədə etiraf olunmur? Hesab edirəm ki, bunun əsas səbəbi leqal dövriyyə mexanizmlərinin olmaması ilə bağlıdır. Bu gün Azərbaycanda yüksək dövriyyəsi olan xeyli şirkətlər mövcuddur. Lakin onların gəlirləri və xərcləri arasındakı nisbətə nəzər yetirərkən və ya qiymətləndirmə apararkən məlum olur ki, nəticədə onlar ya ziyana uğrayıblar, ya da az qazanc əldə ediblər. Çünki özəl sektorda təəssüflər olsun ki, ikili mühasibatlıq sistemi mövcuddur. Bunlardan biri müvafiq dövlət orqanlarına təqdim etmək üçün, digəri isə “qara mühasibatlıq” olaraq fəaliyyət göstərir”.
 
Ekspertin sözlərinə görə, şəffaf maliyyə hesabatları olmadığına görə, yaxın gələcəkdə də Azərbaycanda rəsmi milyonçuların olacağı inandırıcı görünmür: “Təbii ki, nə vaxtsa Azərbaycanın da rəsmi zənginləri olacaq. Ancaq bunun tezliklə baş verəcəyini ehtimal etmirəm. O səbəbdən ki, bunun üçün kompleks tədbirlər həyata keçirilməlidir. Dövlət satınalmaları, vergi, maliyyə sistemləri, gömrük orqanları tam şəffaf şəkildə fəaliyyət göstərməlidir. Təəsüflər olsun ki, qeyd olunan sahələrin əksəriyyətində bu, baş vermir. Müəyyən mütərəqqi meyllər hiss olunur, lakin qənaətbəxş səviyyədə deyil. Misal üçün, vergi sistemində yığımlar zamanı neqativ hallar müəyyən mənada aradan qalxıb. Hər şey rəsmi olarsa və şəffaflıq təmin edilərsə, bu halda sahibkarlar da maraqlı olacaq ki, rəsmi gəlirlərini elan etsinlər”.
 
Osmanlı əlavə edib ki, ictimai nəzarət sistemi də bu məsələdə vacib amillərdən biridir: “Söylədiyim kimi, kompleks tədbirlər həyata keçirilməlidir. Nəyisə yaratmaq naminə nələrisə təsis etmək çıxış yolu deyil. Bu siyasətdən birmənalı imtina edilməlidir. Çünki bu addımlar nəinki ciddi dəyişikliklərə gətirib çıxarmır, əksinə, dövlət bücəsindən əsassız xərclərə yol açır. Liberal bazar iqtisadiyyatı dövründə rəsmi milyonçuların olması labüddür və bunun üçün ilk növbədə sahibkarlara münbit şərait yaradılmalı və bütün sahələrdə şəffaflıq təmin edilməlidir”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü İradə Cavadova AYNA-ya şərhində söyləyib ki, Azərbaycanda gəlir deklarasiyası ənənəsi formalaşmayıb: “Düzdür, bunun hüquqi mexanizmləri mövcuddur, lakin işlək deyil. Bu səbəbdən iş adamlarının əldə etdiyi gəlirlər də məlum deyil. Digər yandan, sahibkarların fəaliyyətinə kifayət qədər əngəllər var. Bunlar həm inzibati əngəllərdir, həm də dolayı əngəllər. Nəzərə alanda ki, Azərbaycan daha çox xaricdən məhsul idxal edir, bu mənada gömrük orqanları şəffaf işləməlidir”.
 
“Lakin biz nəyin şahidi oluruq? Dövlət Gömrük Komitəsi və tabeliyində olan qurumlar kommersiya fəaliyyəti ilə məşğul olan vətəndaşlara sözün əsl mənasında divan tutur. Bu sahədə həm inhisarçılıq hökm sürür, həm də süni maneələr var. İllərdir ekspertlər gömrükdə baş verən  özbaşınalıqlara son qoyulması çağırışı etsələr də, bu sahədə vəziyyət olduğu kimi qalır. Bir halda ki, sahibkar ölkəyə məhsul gətirən zaman böyük məbləğdə əsassız ödənişlərə məcbur edilir, bu halda hansı milyonçudan və zəngindən danışmaq olar?!”, - deyə vəkil vurğulayıb.
 
Müsahibimizin bildirdiyinə görə, sahibkarlar da bunun əvəzini vətəndaşlardan çıxırlar: “Adi bir misal çəkim. Deməli, yeni tikilən binaların sahiblərindən o qədər əlavə məsrəflər tələb edirlər ki, onlar da payçıları “yükləməklə” bunu kompensasiya etməyə çalışır. Normal həyətyanı sahə yaratmırlar, mənzillərin real ölçülərini şişirdirlər, xidmət çox aşağı səviyyədədir. Ona görə ki, sahibkar incidilir, ondan əsassız rüsumlar tələb edilir”.
 
“Digər sahələrdə də analoji vəziyyət hökm sürür. Bütün bunların qarşısını almaq üçün ilk növbətə sahibkarlara qarşı inzibati müdaxilələrə son qoyulmalıdır. İş adamı əmindir ki, gəlir deklarasiyasını doldursa, bu halda ona qarşı təzyiqlər artacaq”, - deyə Cavadova qeyd edib.
 
O, bütün bunların zəncirvari şəkildə bir-birinə bağlı olduğunu əlavə edib: “Ölkədə azad rəqabət mühiti formalaşmayana, sahibkarlara qarşı əsassız hücumlara son qoyulmayana, inzibati resursların biznes mühitinə təsiri aradan qaldırılmayana qədər Azərbaycanda nəinki rəsmi milyonçu və milyarderlər olmayacaq, əksinə, normal gəlir əldə edən iş adamları gəlirlərini gizlətməyə, bu yolla özlərini qorumağa cəhd edəcəklər. Bu məsələdə onları qınamağa da dəyməz. Çünki təhlükəsizliklərinə heç bir təminat yoxdur”.
Müəllif: Azər Niftiyev





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10