Ekspert: "Verilən güzəştlərdən xarici investorların tam istifadə etməsinə hansısa qurumun, məmurun əngəl törətməsinə imkan vermək olmaz"
Azərbaycanda yaxın vaxtlarda fəaliyyətə başlayacaq Ələt Azad İqtisadi Zonasında (Alat Free Economic Zone – AFEZ) sahibkarlara və investorlara veriləcək güzəştlər və bununla bağlı detallar məlum olub.
Əvvəlcə onu xatırladaq ki, AFEZ əvvəlcədən üç sahəyə ayrılmış 850 ha ümumi sahəyə malikdir. Sahələrdən ilk ikisi – Zona 1 və Zona 2 Bakı Limanına bitişikdir və ümumi sahəsi 639 ha təşkil edir. Bakı Limanından 7 km məsafədə 3-cü Zona yerləşir və 211 hektar sahəni əhatə edəcək. Güzəştlərə gəlincə, AFEZ-dən bidirilib ki, zonada investorlar vergisiz fəaliyyət şəraiti, təkmil infrastruktur və yüksək dövlət zəmanəti ilə təmin ediləcəklər. Eləcə də investorlara asanlaşdırılmış viza dəstəyi veriləcək.
AFEZ-də investorları normal işgüzar mühit və strateji mövqedən dünya bazarlarına çıxış, əsas müştəriləri isə cəlbedici vergi və gömrük güzəştləri paketi gözləyir. Vergi, gömrük və digər xidmətlərlə bağlı güzəştlər aşağıdakı kimidir:
– 0% Korporativ vergi;
– İxrac üçün mallara 0% gömrük və ƏDV;
– Ticarətin asanlaşdırılmasına əsaslanan gömrük rejimi;
– Xarici mülkiyyət məhdudiyyəti yoxdur;
– Xarici valyuta və ya mənfəətin geri qaytarılması ilə bağlı heç bir məhdudiyyət yoxdur;
– Xarici vətəndaşlar üçün viza alınması asanlığı;
– Biznesin “bir pəncərə” vasitəsilə qiymətləndirilməsi və lisenziyalaşdırılması;
– Müstəqil idarəedici və tənzimləmə orqanı;
– Mübahisələrin beynəlxalq standartlara uyğun olaraq müstəqil həlli;
– Sağlamlıq, təhlükəsizlik, əmək və ətraf mühitlə bağlı beynəlxalq standartlar;
– İnvestorların tam qorunması;
– Əqli mülkiyyət hüquqlarının tam qorunması.
İqtisadçı Eldəniz Əmirov “Press Klub”a şərhində bildirdi ki, şirkətlər güzəştlər kateqoriyasına görə 3 yerə bölünəcək:
“Birinci qrupdan olan əsas müştərilər – əsas investorlara bütün güzəştlər ediləcək. Bunlar beynəlxalq istehsal şirkətləri, eləcə də xarici ixraca yönəlmiş, innovasiyalı məhsul və xidmətlər istehsal edən, yeni texnologiyalar tətbiq edən və bu sahədə yeni iş yerləri yaradan şirkətlərdir.
İkinci qrup şirkətlər zonadan kənarda yerləşən və güzəşti olmayan şirkətlərdir. Bunlar AFEZ-in əsas müştəriləri üçün köməkçi məhsullar hazırlayan şirkətlər olacaq və onlara icazə veriləcək ki, zonaya bitişik xüsusi ayrılan ərazidə yerləşsin.
Üçüncü qrup şirkətlər isə zonada yerləşəcək, amma güzəştləri olmayacaq. Onlar da AFEZ-ın əsas müştərilərinə kommersiya, pərakəndə və məişət xidməti göstərən şirkətlərdir”.
İqtisadçının sözlərinə görə, göründüyü kimi, AFEZ-in taleyində 1-ci qrup əsas rol oynayacaq:
“Ona görə də mənə ən maraqlı olan onlara verilən güzəştlərdir. Bu siyahıda korporativ vergilər – 0%, ixrac üçün mallara gömrük və ƏDV – 0%, asanlaşdırılmış gömrük rejimi və sair kimi xeyli sayda güzəşt istiqamətləri əks etdirilib”.
Ekspertin fikrincə, burada diqqəti cəlb edən daha vacib güzəştlər xarici mülkiyyət məhdudiyyətinin olmaması, xarici valyuta və ya mənfəətin geri qaytarılması ilə bağlı məhdudiyyət olmaması, mübahisələrin beynəlxalq standartlara uyğun həll edilməsi, investorların qorunması kimi güzəştlərdir:
“Bu güzəştlər 0% vergi, 0% gömrük güzəştlərindən daha vacibdir. Çünki xarici investor özünü təzyiq altında hiss etməməlidir, mülkiyyət məhdudiyyəti ilə qarşılaşmamalıdır, qazandığı mənfəəti istədiyi zaman ölkədən sərbəst çıxara bilməlidir. Xarici investor nəinki bunlar pozulduqda, hətta pozulma ehtimalını hiss etdikdə belə ilk fürsətdə buradan qaçacaq. Hətta ən adi güzəştlərdən belə maksimum yararlanmaları üçün imkan vermək lazımdır. Məsələn, verilən güzəştlərdən biri belədir ki, xarici işçilərin Dövlət Sosial Müdafiə Fondunda iştirakı, yəni bu fonda ödəniş edib-etməməsi könüllü olacaq. Yəni bu ödənişləri edib-etməməyə işçi və çalışdığı şirkət qərar verəcək. Dövlət Sosial Müdafiə Fondunda bir az artıq vəsait yığılsın deyə bu şirkətlərə rəsmi və ya qeyri-rəsmi səviyyələrdə təzyiq etmək, buna cəhd kimi hallara yol verilməməlidir. Miqyasından asılı olmayaraq, istənilən təzyiq növü xarici investoru Azərbaycandan qaçıran ən başlıca səbəbdir. Buna görə də nə olursa olsun, hansısa qurumun, hansısa məmurun və ya hansısa bürokratik əngəllərin bu güzəştlərdən xarici investorların tam istifadə etməsinə mane olmasına imkan vermək olmaz. Çünki bu, təkcə investorun və ya bu azad iqtisadi zonanın taleyinə yox, bütöv Azərbaycan iqtisadiyyatının taleyinə ciddi zərbə olar. Ona görə ki, AFEZ qeyri-neft sektoru üzrə xarici investorların Azərbaycana axınının yeni dalğasını yarada bilər. Yetər ki, onların Azərbaycan ərazisində azad iqtisadi fəaliyyət imkanlarının yaradılmasına inamını, güvənini qazana bilək. Bu inamı qazanmaq üçün AFEZ əla bir fürsətdir. Belə fürsətlər hər deyəndə ələ düşmür”.
Turqut