Təhsil eksperti: “Bakıda elə özəl məktəb və bağçalar var ki, illik təhsil haqqı 50 min manatdır”
Qarşıdan tədris ili gəlir. Yoluxma sayının sürətlə artması fonunda tədrisin əyani, yaxud onlayn formada keçiriləcəyinə qəti qərar verilməsə də, şagirdlər və tələbələr yeni tədris ilinə hazırlaşırlar. Təhsil mərkəzləri, özəl məktəblər, tədris kursları artıq müştəriləri qəbul etməyə başlayıb.
Təklif olunan qiymətlər isə çox bahadır. Bu da, heç şübhəsiz, əhalinin haqlı narazılığına səbəb olub. Pandemiyanın təsirləri, inflyasiya vətəndaşların gəlirlərini əhəmiyyətli dərəcədə azaldıb və üstəlik onların təhsil xərcləri ilə yüklənməsi büdcələrinə ciddi zərbə vurur.
AYNA paytaxtda fəaliyyət göstərən özəl məktəblər, tədris mərkəzləri ilə əlaqə saxlayıb. Qiymətlər, göstərilən xidmətin səviyyəsi, onlayn təhsil zamanı ediləcək güzəştlər və digər məsələləri onların özlərindən dəqiqləşdirməyə çalışıb.
Nərimanov rayonunda yerləşən “Evrika” liseyindən verilən məlumata görə, birinci sinfə daxil olan şagirdlər üçün Azərbaycan və rus bölmələri üzrə illik 8 min, ingilis bölməsi üzrə isə 10 min manat vəsait ödənilməlidir. Bu xidmətə gündə iki dəfə qidalanma, bir dəst məktəbli forması, əlavə məşğələlər və dərnəklər daxildir. Valideynlər rəqs, gimnastika, şahmat, üzgüçülük və s. dərnəklərdən ikisini seçmək hüququna malikdir. Şagirdlər həftənin beş günü səhər saat 9-dan 18:00-a qədər liseydə olurlar. Əlavə olaraq şagirdlərin daşınması üçün servis xidməti də fəaliyyət göstərir. Bunun üçün illik 1000 AZN ödəniş etməlisən. Onlayn rejim zamanı güzəştlərə gəldikdə isə, hazırda bu barədə qəti qərarın olmadığı söylənilib.
Xətai rayonunda yerləşən “Kaspi” liseyindən bildiriblər ki, birinci sinfə daxil olan uşaqlar Azərbaycan bölməsi üzrə illik 6900, rus bölməsi üzrə isə 7900 AZN ödəniş etməlidirlər. Bu qiymətə şagirdlərin gündə bir dəfə qidalanması, bir dəst məktəbli forması, kitablar, etüd (əlavə məşğələlər), dərnəklər (şahmat, rəqs, gimanstika) daxildir. Əgər tədris onlayn rejimə keçərsə, bu halda ümumi məbləğ 9 aya bölünür və hər ay üzrə ödənişlərə 30 faiz güzəşt tətbiq edilir.
Müasir İnnovasiyalar Liseyinin (MİL) 28 may korpusundan birinci sinfə qəbul qiymətinin bölmələr üzrə dəyişdiyini deyiblər. Verilən məlumata görə, Azərbaycan bölməsi üzə illik ödəniş haqqı 6000, rus bölməsi üzrə 6500, ingilis bölməsi üzrə 7000 AZN təşkil edir. Şagirdlər gündə bir dəfə qida ilə təmin edilirlər. Eyni zamanda bir dəst məktəbli forması, kitablar, ev tapşırıqları, dərnəklər (psixologiya, şahmat, rəqs, gimanstika) qiymətlərə daxildir. Əyani tədris distant təhsillə əvəz edilərsə, bu zaman ümumi məbləğ 9-a bölünür və aylıq məbləğdən 40 faiz güzəşt olunur.
Xətai rayonunda yerləşən “Hədəf” kurslarından bildiriblər ki, tədris məşğələlərinin qiyməti fərqlidir. Misal üçün, məktəbəqədər hazırlıq üçün ayda 100, ibtidai siniflər üçün məşğələlərə 120 AZN ödəniş olmalıdır. Onlayn rejimlə bağlı güzəştlərə gəldikdə isə bu barədə qəti qərar verilməyib.
Nizami rayonunda yerləşən “Nömrə 1” Tədris Mərkəzindən məlumat veriblər ki, məktəbəqədər hazırlıq həftədə 3 dəfə 99 AZN-ə, ibtidai siniflər həftədə 4 dəfə 99 AZN-ə, 5-ci siniflər 4 fənn həftədə 3 dəfə olmaqla 126 AZN-ə, abuturiyent hazırlığı isə həftədə 5 fənn üzrə cəmi 15 saat olmaqla 175 AZN-ə başa gəlir. Hazırda endirim kampaniyasının davam etdiyini və avqust ayının 15-də bitəcəyini söyləyiblər. Bu müddətdən sonra isə qiymətlərin artacağı qeyd olunub.
Təhsil eskperti Kamran Əsədov AYNA-ya açıqlamasında bildirib ki, bu gün Azərbaycanda kommersiya məqsədilə fəaliyyət göstərən 40 özəl məktəb var: “Bakı şəhərində fəaliyyət göstərən dövlət hesablı orta məktəblərin sayı isə 447-dir. Həmin məktəblərdə 1,6 milyona yaxın şagird təhsil alır. Əvvəla bu məqama aydınlıq gətirim ki, özəl məktəblərin sayı çox azdır. Təhsil elə bir sahədir ki, mütləq beynəlxalq təcrübəyə istinad edilməlidir. Misal üçün, qardaş Türkiyədə 7000 məktəb fəaliyyət göstərir ki, bunların 3500-ü özəl məktəbdir. Özəl məktəblər arasında çox ciddi rəqabət var və qiymətlər əlçatandır”.
Əsədovun sözlərinə görə, Azərbaycanda özəl məktəb və bağçalarda tədris haqları universitetlərdən bahadır: “Bu gün ən ucuz özəl məktəbdə olan qiymətlər ən baha universitetlərin təhsil haqlarından da bahadır. Bu, məntiqsiz olmaqla yanaşı, həm də yolverilməzdir. Paytaxtda elə özəl məktəblər və bağçalar var ki, illik təhsil haqqı 50 min manat civarındadır”.
“Hökumət özəl məktəblərin yaranmasında maraqlı olmalıdır. İlkin dövrlərdə onları vergi yükündən və kommunal xərclərdən azad etməlidir. Düzdür, hazırda onlar əlavə dəyər vergisindən (ƏDV) azad olunublar. Liberal bazar iqtisadiyyatı dövründə özəl sektorun inkişafı qaçılmazdır. Bu xüsusda özəl müəssisələrinin də yaradılması vacibdir”, - deyə həmsöhbətimiz vurğulayıb.
Ekspert əlavə edib ki, məsələyə kompleks yanaşılmalıdır: “Açıq etiraf etmək lazımdır ki, özəl məktəblər yalnız varlılar üçündür. Çünki bu məktəbləri yaradan sahibkarlar kommersiya məqsədilə bu addımı atıblar. Rəqabət olmadığına görə, qiymətlər də fantastikdir. Demək olar ki, hamısında standart qaydalar tətbiq olunub. Yəni, kreativ və fərqli metodlar yoxdur”.
Müəllif: Azər Niftiyev