Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Virusun bağladığı cənub qapı -​ İranla sərhəddən reportaj: kimlər gəlir, kimlər gedir...


İndi fəxarətlə deyə bilərik ki, Azərbaycanın cənub sərhədləri tam bərpa olunub, lakin pandemiya açılmasını əngəlləyir; qonşu ölkəyə istisna halda reseptli xəstələr buraxılır, İrandan isə... - əməkdaşımız yazır

İndi biz fəxarətlə deyə bilərik ki, Azərbaycanın cənub sərhədləri tam bərpa olunub. Pandemiyadan əvvəl, hələ 44 günlük müharibəyə qədər İrana Biləsuvar, Astara və Naxçıvan istiqamətindən gediş-gəlişimiz var idisə, artıq Aran Qarabağdan da qonşu ölkəyə sərhədimiz möhkəmlənib. İndi Xudafərin körpüsü Azərbaycan əsgərinin nəzarətindədir, o taylı - bu taylı kommunikasiyanın qurulması üçün Zəngilan istiqamətində də sərhəd məntəqəmiz, hər halda, yaxın gələcəkdə fəaliyyət göstərəcək. Pandemiya başlayanda isə nəinki cənub sərhədlərimiz tam bərpa olunmuşdu, cənub zonası istiqamətindən gömrük məntəqələrimiz də işini dayandırmışdı. O gün - bu gün, indi cənub sərhədlərimiz tam bərpa olunsa da, yenə quru yollar bağlıdır, İrana demək olar ki, gediş-gəliş yoxdur, dünyanı çənginə alan koronavirus ucbatından...

Artıq iki ilə yaxındır ki, Azərbaycandan nə Gürcüstana, nə Rusiyaya, nə İrana quru sərhədlər açılır. Hətta yaxın aylarda da belə gözlənti yoxdur. Ölkədə epidemiyanın təzədən vüsət alması, yoluxmanın 3000 civarında olması sərhədlərin açılmasını aktuallaşdırmır. Bu da özlüyündə insanların xaricə çıxış imkanlarını tamamilə məhdudlaşdırıb. İndi yalnız “COVİD” testi verməklə təyyarəyə bilet alıb səfərə çıxa bilərsiniz. Cənub bölgəsində isə insanlar İranla quru sərhədin açılmasını gözləyirlər. Onlar alış-veriş, qonşu ölkədən ucuz mallar almaq üçün bu qərarın verilməsini arzulayırlar. Bunu cənub zonasında olarkən insanlarla söhbətlərdən hiss etdik.

Belə ki, ötən həftə Astarada olarkən İranla sərhəd məntəqəsinə baş çəkib “Yeni Müsavat” üçün reportaj hazırladıq, ümumi vəziyyətlə maraqlandıq. Bu səfər elə vaxta təsadüf edirdi ki, Azərbaycan İrana nota vermişdi, Xankəndinə maşınlarla yüklərin daşınmasına etiraz bildirilmişdi. Astarada yerli camaat da İranın bu rəsmi siyasətini bəyənmədiyini dilə gətirdi. Lakin əhali tərəfdarıdır ki, iki qonşu ölkə arasında mehribanlıq olsun, problem yaşanmasın, çünki bu onların ticarətinə də müsbət təsir edə bilər.

...Hazırda Astara gömrük məntəqəsində tam bir sükutdur. Biz pandemiyanın yeni gəldiyi vaxtlarda, İranla sərhəddəki vəziyyətdən ilk reportajı verən media olmuşduq. Onda sərhəd təzəcə bağlanmış, heç rəsmi qərar da açıqlanmamış, amma gediş-gəliş tam dayanmış, sərhədçilər maskadan istifadə etməyə başlamışdılar, yəni o dövr idi. Bu gedişimizdə də oxşar mənzərə ilə qarşılaşdıq. Sərhəd qapısında nəzarətçi sərhədçimiz keşik çəksə də, nə gələn var, nə gedən...

Amma istisna halı qeyd etmək lazımdır: əgər vətəndaşın səhhətində ciddi problem varsa, xəstəxanadan resept və tibbi kağız təqdim olunursa, bu şəraitdə humanizm prinsipi üstün tutularaq həmin şəxsin İran klinikalarına getməsinə imkan yaradılır. Sadəcə, dediyimiz kimi, çox istisna hallarda mümkün olur. Digər hallarda heç kəs İrana gedə və gələ bilmir.

Bununla yanaşı, İrandan gələn ərzaq və digər məhsulların ölkəmizə keçidində problem yoxdur. Elə sərhəd-keçid məntəqəsinin qarşısındakı dükanlarda İran mallarının satışı davam edir. Düzdür, qonşu ölkədəki qiymətlərdən müəyyən qədər fərqlənir, amma istəyənlər mağazalardan alırlar. Burada ağartı məhsulları, yağ, düyü, yuyucu tozlar, sabun və s. mallar satışdadır. Əslində pandemiya səbəbindən sərhədin bağlanması İran malları satan dükanların işini zəiflədib. Halbuki sərhədlər açıq olanda hər gün mağazalarda şıdırğı alver gedirdi, kim İrana keçmirdisə, elə buradan - sərhəd qapısından alıb evinə dönürdü. İndi isə müştəri sarıdan korluq çəkirlər. Satıcılar ümid etmirlər ki, ilin sonuna qədər quru sərhəd açılsın. Yalnız vaksinasiya prosesi tam yekunlaşandan sonra bu məsələyə baxılacağı gözlənilir. Onların sözlərinə görə, sərhədlərin açıq olduğu vaxtlarda İrana iki kateqoriyadan insanlar gedirdilər - ticarətə və həkimə... İndi yalnız ikincilərə xüsusi hallarda müəyyən güzəşt olunur. Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov quru sərhədlərinin açılması ilə bağlı məsələ müzakirə olunmadığını bildirib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Astara-Bakı








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10