Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Genişmiqyaslı bahalaşma yaxınlaşır, hökumət isə... 10 faizlik maaş artımı?


“Kütləvi bahalaşma olacaq, bütün sahələrdə qiymət artımları qaçılmazdır”
 
2021-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilin yanvar-iyul aylarına nisbətən 4,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,9 faiz artıb. Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumatda belə deyilir.
 
Ekspertlər hesab edirlər ki, qarşıdakı aylarda bahalaşma davam edəcək. Xüsusən ərzaq və geyim məhsullarının, tütün məmulatlarının, dəftərxana ləvazimatlarının, tikinti materiallarının qiymətlərinin artacağı gözlənilir.
Qubad İbadoğlu ABŞ universitetində işləməyə başladı - modern.az
İqtisadçı alim Qubad İbadoğlu AYNA-ya şərhində deyib ki, qarşıdakı aylarda ciddi qiymət artımları olacaq: “Təəssüf ki, son illər Azərbaycanda qiymətlər durmadan artır. Bu, iqtisadiyyatın bütün sahələrində baş verir. Bahalaşmanın qarşısını almaq məqsədilə hökumət yalnız dövlət sektorunda çalışan şəxslərin əməkhaqlarını cüzi artırır ki, bu da çıxış yolu deyil”.
 
“Bu gün Azərbaycanda məmur oliqarxiyası hökm sürür və onlar bazara diqtə edirlər. İnhisarçılıq, gömrük rüsumları və gömrük keçid-məntəqələrində baş verən özbaşınalıqlar, sahibkarların maddi cərimələr və digər yollarla yüklənməsi, azad bazar iqtisadiyyatının mövcud olmaması, yerli istehsal müəssisələrinin sayının çox az olması və digər amillər bahalaşmanı şərtləndirir. Hər il olduğu kimi, bu payızda da qiymətlərin artacağı gözlənilir”, - deyə o bildirib.
 
Mütəxəssisin sözlərinə görə, bu bahalaşma bütün sahələri, o cümlədən qida sektorunu da əhatə edəcək: “Mövsümi amillərin təsiri nəticəsində kənd təsərrüfatı məhsullarının qiymətləri artacaq. Əlavə olaraq ərzaq, geyim, inşaat, dəftərxana və digər məhsulların da bahalaşacağı gözlənilir. Əsas bahalaşma isə elektrik enerjisi və yanacağın qiymətləri ilə bağlı olacaq”.
 
“Bilirsiniz ki, adını çəkdiyim məhsullar bahalaşanda inflyasiya baş verir və bu, bütün bazara təsir edir. Metroda və ictimai nəqliyyatda qiymətlərin artacağını gözləyirəm. Eyni zamanda, ilin sonuna doğru elektrik enerjisinin, o cümlədən Aİ-92 markalı benzinin tarifləri artırılacaq. Yəqin ki, bu, baş verəcək. Hökumət isə ənənəvi olaraq bu dəfə də dövlət sektorunda çalışanların məvacibini 10 faiz artırmaqla öz işini bitmiş sayacaq”, - deyə İbadoğlu fikrini yekunlaşdırıb.
Картинки по запросу
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da AYNA-ya şərhində bahalaşma gözləntilərindən danışıb. Qeyd edib ki, bahalaşmanı doğuran ənənəvi səbəblərlə yanaşı, digər görünməyən səbəblər də var: “Bununla bağlı rəhbəri olduğum quruma çoxsaylı şikayətlər daxil olub. Bilirsiniz kimi, alıcılar gündəlik istehlak etdiyi məhsulların əksəriyyətini böyük marketlərdən əldə edirlər. Bu marketlərdə isə, sözün əsl mənasında hərc-mərclik hökm sürür”.
 
“Deməli, hiper və supermarketlər rəfləri və stendləri olduqca baha qiymətə şirkətlərə satırlar. Kiçik bir yer üçün onlardan onminlərlə manat birdəfəlik rüsumlar alınır. Bu rüsumlar qanunsuz olduğundan heç bir rəsmiləşdirmə aparılmır. Ardınca şirkətlər ümumu satışdan əldə etdiyi dövriyyənin xeyli hissəsini həmin marketlərə qaytarır. Marketlər onlardan rəfləri doldurmağı və məhsulları yeniləməyi tələb edir”, - deyə həmsöhbətimiz vurğulayıb.
 
AİB sədrinin bildirdiyinə görə, nəticədə şirkətlərin məhsullarının çoxu yararsız hala düşür: “Çünki rəflər dolu olmalı və yenilənməlidir. Bu isə xeyli sayda məhsulun zay olmasına, dəyər-dəyməzinə satılmasına gətirib çıxarır. Sonda zərbə istehlakçılara dəyir. Sahibkar ona dəymiş olan ziyanı qiymətləri qaldırmaqla tənzimləyir. Bu, çox ciddi problemdir. Hətta deyərdim ki, qiymətlərin bahalaşmasına səbəb olan əsas amillərdən biridir”.
 
“Lakin bundan nə rəsmi dairələrin, nə də geniş ictimaiyyətin məlumatı var. Son dövrlər paytaxtda şəbəkə halında kiçik marketlər də fəaliyyət göstərir. Onlarda da ənənəvi üsullardan istifadə edilir. Hesab edirəm ki, müvafiq dairələr bu özbaşınalıqlara son qoymalıdır. İlkin mərhələdə qanunsuz olaraq istehsalçı və idxalçı şirkətlərdən toplanan qeyri-rəsmi rüsumlar aradan qaldırılmalıdır”, - deyə ekspert vurğulayıb.
 
Hüseynov əlavə edib ki, hər il olduğu kimi, bu il də istehlak bazarında qiymətlərin artacağı gözlənilir: “Artıq bunun əlamətləri ortadadır. Təbii ki, bahalaşma olacaq. Mövsümi amillərlə əlaqədar kənd təsərrüfatı məhsullarının, eyni zamanda tədris ilinin başlamasına bağlı geyim və dəftərxana məhsullarının qiymət artımı qaçılmazdır. Bütün bunların fonunda digər məhsulların da bahalaşacağı gözlənilir. Əmlak, tikinti, məişət, xidmət və digər sahələrdə də bahalaşmalar olacaq”.

Müəllif: Azər Niftiyev





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10