Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qarabağ məsələsinə nöqtə qoymağın yolu


Azərbaycan öz ərazi bütövlüyü və suverenliyi çərçivəsində dinc birgəyaşayışa, erməni azlığın konstitusion hüquqlarını, təhlükəsizliyini təmin etməyə hazır olduğunu göstərməli və dünyanı buna inandırmalıdır

Qarabağ məsələsi ətrafında yaranmış gərginlik birmənalı şəkildə Rusiyanın siyasətinin nəticəsidir. Moskva 10 noyabr Bəyanatından sonra bölgədə əldə etdiyi mövqeləri daha da möhkəmləndirməyə çalışır. Ötən 9 ayda sülhməramlılar Qarabağdakı separatçı rejimi yenidən təşkilatlandırıb, onun iqtisadi, humanitar problemlərini həll etməyə çalışıb. Sirr deyil ki, Moskva Qarabağ ermənilərinin təhlükəsizliyinə təminatçı qismində ərazidə uzun müddət qalmaq niyyətindədir. 

Azərbaycan isə Rusiyanın bu niyyətindən məmnun deyil. Bakı açıq mətnlə ifadə etməsə də, bu beşillikdə Moskvanın sülhməramlı missiyasının yekunlaşmasını istəyir, ona görə də, Kremlin təklif etdiyi sülhməramlıların mandatına dair əlavə sənədi imzalamaq istəmir. Mətni açıqlanmasa da çox güman, bu sənəd Rusiyanın planlarına hüquqi çərçivə müəyyənləşdirmək mahiyyəti daşıyır. 

Ermənistan bu məsələdə artıq ikinci plandadır, Paşinyan hökuməti sadəcə, Moskvanın bölgə siyasətini izləyir və ona dəstək nümayiş etdirir. Sanki Kreml Qarabağ ermənilərinin taleyinə görə məsuliyyəti üzərinə götürməklə İrəvanı böyük bir yükdən xilas edib. Uzun illər Ermənistanın əsas prioriteti olan Qarabağ məsələsi ilə indi Moskva məşğul olur. Paşinyan isə Qərbin siyasi və maliyyə dəstəyi ilə daha çox Ermənistanın daxili problemlərinin həllinə diqqətini yönəldib.    

Beləliklə, Azərbaycan üçün mürəkkəb vəziyyət yaranıb. Bakı həmişə Rusiyanın bölgə maraqlarına hörmətlə yanaşıb, Moskva ilə konfrontasiyadan qaçmağa çalışıb. Müharibədən sonra da bu siyasət davam edir, amma indi Qarabağdakı sülhməramlı əməliyyat zonasında yaranmış vəziyyətə görə təkcə Ermənistanı ittiham etmək gerçəklərdən uzaq olardı. Görünür, Bakı səssiz diplomatiyanın nəticə vermədiyini görərək Kremlin siyasətinə etirazını ictimailəşdirmək qərarına gəlib. Söhbət Müdafiə Nazirliyinin son bəyanatından gedir. Amma ardınca XİN-in verdiyi daha iki açıqlamada əsas ittiham hədəfi yenə Ermənistandır. Hiss olunur ki, Bakı Rusiya ilə gərginliyin artması ehtimalından çəkinir və bəzi hallarda “qızım sənə deyirəm, gəlinim, sən eşit” prinsipindən çıxış edir. Bu, nə zamana qədər davam edə bilər? Rusiyanın təxribatlarının miqyası böyüyərsə və erməni aqressiv separatizmi yenidən dirçələrsə, nə etməliyik? 

Azərbaycanın Qarabağdakı erməni silahlı dəstələrinə qarşı güc tətbiqinə Rusiyanın və Qərbin hansı reaksiyanı verəcəyini proqnozlaşdırmaq mümkündür. Həmsədr ölkələr buna qarşı ortaq mövqe nümayiş etdirəcəklər. Bu isə Azərbaycanın təcridinə səbəb ola bilər. Ona görə də hazırkı vəziyyətdə ağıllı, rasional, uzaqgörən diplomatiyaya ehtiyac var. Məsələn, Azərbaycan dövləti Qarabağdakı erməni azlığı ilə bağlı dövlət proqramı hazırlayıb, onu beynəlxalq ictimaiyyətə təqdim edə bilər. Qərbdə erməni lobbilərinin təbliğatı nəticəsində belə bir rəy formalaşıb ki, Azərbaycan Qarabağda etnik təmizlik aparmaq istəyir və oradan bütün erməniləri qovub çıxarmaq niyyətindədir. Bu rəyin Qərb və ümumən beynəlxalq ictimai rəydə oturuşmasına imkan vermək olmaz. Ermənilərə muxtariyyət statusu verilməsə də, onların bütün mədəni hüquqularının təmin olunacağı, o cümlədən ana dilində təhsilə, dini etiqad azadlığına, erməni icmasının yerli idarəçilikdə iştirakına, onların təmsilçisinin Milli Məclisdə təmsil olunmasına şərait yaradılacağı dünya ictimaiyyətinə bildirilməlidir. Onsuz da bunlar Azərbaycan Konstitusiyasında əksini tapmış hüquqlardır. Qarabağ erməniləri də Azərbaycan əhalisinin bir hissəsi olaraq bu hüquqlardan faydalana bilər. Qarabağdakı 50 min erməni (hazırda onların sayı daha azdır) Azərbaycana hər hansı təhlükə törədə bilməz. Lakin hədə-qorxu ritorikası, Xankəndindəki ermənilərə “evinizi bizə satın” tipli qeyri-ciddi müraciətlər, dözümsüzlük kimi qiymətləndirilə biləcək çıxışlar Rusiyanı da, Qərbi də ermənilərin müdafiəsinə yönəldir, problemə nöqtə qoyulmasına mane olur. 

Azərbaycan müxalifəti də Qarabağla bağlı mövqeyində diqqətli olmalı və populizmdən uzaq durmalıdır. “Hanı Xankəndi?! Niyə hücum əməliyyatlarını dayandırdınız?! Niyə axıra qədər getmədiniz?!” şəklində hakimiyyətə yönəlmiş sərt tənqidlər xarici çevrələrdə belə təsəvvür yaradır ki, Azərbaycan müxalifəti ultraradikallardan ibarətdir və etnik təmizliyin tərəfdarıdır. Bu cür rəyin yaranması da ümumi işimizə mane olur. Çünki belə bir şəraitdə Rusiya ordusunun Qarabağı tərk etməsini heç Qərb də istəməz. 

Biz Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində dinc birgəyaşayışa, bu istiqamətdə layihələr həyata keçirməyə hazır olduğumuzu dünyaya göstərməli, onları buna inandırmalıyıq. O zaman dünya ermənilərinin də, Rusiyanın da, Qərbdəki bəzi çevrələrin də bəhanələrinə və bu məsələyə destruktiv müdaxilələrinə yer qalmaz…

Turqut





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10