Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çayın təbii və qatqısız olduğunu necə bilməli? - Mütəxəssis rəyi


Azərbaycan dünyada ən çox çay içilən ölkələrdən biri sayılır. Bizim süfrəmizi çay dəstgahı olmadan təsəvvür etmək mümkün deyil, çay dəmlənməsi, içilməsi isə əsl mədəniyyətə çevrilib.

Evimizə gələn qonağa ən azı bir stəkan çay təklif edilməsi, elçilik zamanı şirin çay təklif edilməsi, bir çox çətin məsələlərin məhz çay süfrəsi arxasında həll edilməsi isə xalqımızın çaya münasibətini göstərir.
Amma son zamanlar bir çox sahələrdə olduğu kimi, içdiyimiz çaydan da şikayətlər var. Çox zaman istehlakçılar çayın keyfiyyətindən, dadından, qoxusundan və rəngindən narazı qalırlar. Çay çox qoxulu və rənglidirsə, mütləq əlavə qarışıqlarının olduğu düşünülür.

Bəs içdiyimiz çayın qatqısız olduğunu necə anlaya bilərik?

Qida mühəndisi Samir Quliyev öncə çayın insan orqanizminə xeyrindən danışaraq, çayın tərkibində 300-ə yaxın birləşmə və maddə olduğunu bildirir. Onun sözlərinə görə, çayın keyfiyyətini itirməməsi üçün onu quru yerdə saxlamaq lazımdır: "Çay iş qabiliyyətini artırır, gümrahlaşdırır, təzyiqi stabilləşdirir. Gərgin iş saatlarında bir stəkan çay içmək beyni rahatlaşdırır".

S.Quliyev qeyd edib ki, çayın keyfiyyəti ən əsas onun qoxusu ilə özünü büruzə verir.

"Çay alarkən onu qoxulayın. Çayın qoxusu yüngüldürsə, narahat etmirsə, aldığınız yaxşı çaydır. Əgər çaydan sərt, kəskin qoxu gəlirsə, ona müxtəlif dadlandırıcılar və qarışıqlar qarışdırılmış ola bilər", – deyən ekspert əlavə edib ki, çay yarpaqlarının böyüklüyü və rəngi də onun keyfiyyətinin xəbərçisidir. Belə ki, əgər çay yarpaqlarının boyu eynidirsə və tünd rəngdədirsə çay keyfiyyətlidir.
Eyni zamanda keyfiyyətli çayın içində çay tozu və digər maddələr olmamalıdır. Məsələn, bəzən çay alarkən onun dibində çox narın şəkildə çay tozu aşkar edirik. Buna diqqət yetirmək lazımdır.

Çay yarpaqları qıvrımdırsa çay keyfiyyətlidir. Düz yarpaqlar keyfiyyətinin aşağı olmasını göstərir. Ən keyfiyyətli çayın yarpaqları qıvrım, parlaq və bükük olur: "Çayın keyfiyyətini yoxlamaq üçün ağ bir salfet üzərinə tökün. Yaxşı çayın yarpaqları eyni olmalıdır".

Bundan başqa, çayın keyfiyyətini su ilə də yoxlamaq olar.
Mütəxəssis qeyd edir ki, adi istehlakçının çayın keyfiyyətini mağazadan alan zaman dərhal müəyyən etməsi çox çətindir. Bunu ancaq dəmləyərkən müəyyən etmək olur. Belə ki, saxta çayın dəmi də, görüntüsü də yaxşı olmur.
Onun sözlərinə görə, çayın tərkibinə qatılan qatqılar sağlamlıq üçün təhlükəli ola və qan-damar xəstəliklərinə yol aça bilər. /saglamolun.az/





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10