“Təəssüf ki, bu gün telekanallar özlərinə hörmət eləmirlər, təkcə aparıcının nitqindən söhbət getmir, həmin verilişlərinin mövzusu, səhərdən axşama qədər etdikləri düşüklüyü telekanal rəhbərlərinin öz düşüncəsindən xəbər verir”.
Bu sözləri Yenisabah.az-a bəzi televiziya kanallarının aparıcılarının nitqində müşahidə etdiyi dil və nitq qüsurları ilə bağlı danışan tanımış aparıcı-şoumen Kamran Həsənli deyib.
O, aparıcıların nitqində olan ədəbi dilimizin normalarına uyğun olmayan əcnəbi sözlərin işlədilməsi, cümlənin düzgün deyilməməsi, söz bazalarının az olması kimi məqamlara toxunub:
“Televiziya aparıcılarının nitqi köhnə və çətin strukturdur. Bu məsələni düzəltmək üçün o vaxt ANS telekanalı nəsə etməyə çalışmışdı. Amma bir az çətin məsələdir. Ən azından televizya kanalları özləri özlərinə hörmət etməlidirlər.
Mavi ekranda olan aparıcı insanların önünə çıxırsa, mütləq nitqinə diqqət etməlidir. Əsas olan səs tembridir, ikincisi, aparıcı mütaliəli adam olmalıdır ki, söz bazası çox olsun. Çox təəssüf ki, bu gün telekanallar özlərinə hörmət eləmirlər, təkcə aparıcının nitqindən söhbət getmir, həmin verilişlərinin mövzusu, səhərdən axşama qədər etdikləri düşüklüyü telekanal rəhbərlərinin öz düşüncəsindən xəbər verir.
Onlar özlərinə uyğun aparıcılar seçirlər, görünür, özlərinin də mütaliəsi yoxdur. Əvvəllər bu tip verilişlər, aparıcılar insanlarımızı yönəldə bilirdilər, savadsız aparıcılar kütləni özlərinə oxşada bilirdilər, amma artıq belə deyil. Şükür ki, 44 günlük savaşdan sonra millətimizin düşüncəsində, təfəkküründə müəyyən dəyişikliklər var və insanların böyük əksəriyyəti televiziyalara nifrət və istehza ilə yanaşırlar”.
K.Həsənli son illər Azərbaycan teleməkanında müğənnilərin teleaparıcılıq etməsi ənənəsi barədə də danışıb. O bunu telekanal rəhbərlərinin verilişin daha baxımlı olması üçün tanınmışlara aparıcılıq təklif etməsi ilə izah edb:
“Müğənnilərin aparıcılıq etməsində onları deyil, televiziya rəhbərlərini günahkar bilirəm. Müğənnillər 2000-ci illərə qədər heç vaxt aparıcılıq etməyiblər. İlk dəfə Xalq artisti Nisə Qasımova buna başlamışdı və uğurlu alınmışdı. Sonra müğənnilər gördülər ki, televiziya aparıcılığında da ulduz olmaq olar və başladılar aparıcılığa. Televiziya rəhbərləri isə müğənnilərin populyarlığından istifadə etmək istədilər. Bu Türkiyədə də var idi, onlardan bizə keçmişdi. Telekanal rəhbərləri düşündülər ki, müğənni populyardırsa, deməli onun verilişinə də baxılacaq və başladılar onlardan istifadə etməyə.
Mən bu günə qədər aparıcılıq etməyən müğənni tanımıram, deyəsən, hamısı özünü aparıcılıqda sınayıb. Onlar müğənniliklə qazandıqları avtoritetin, hörmətin hamısını aparıcılıqla itirdilər. Çünki aparıcılıq tamamilə başqa peşədir. Ona görə də müğənnilərimiz 3 ay, 5 ay, uzağı bir il veriliş aparırdılar, əllərində olar hörmət, sevgi kapitalını xərcləyirdilər və “kariyera”larını bitirərək, yenidən müğənniliyə qayıdırdılar. Təqsir televiziya rəhbərlərindədir, çünki onlar tənbəllik edib aparıcı yetişdirmək istəmirlər. Onlar ölkəni tanıdacaq aparıcılar yetişdirmək əvəzinə müğənnilərin məşhurluğundan öz xeyirlərinə istifadə edirlər”
Əsmətxanım