“Təsəvvür edin, onlarla, bəli onlarla şəhid meyitlərinin arasında kisələri bir-bir açıb oğlumun nəşin axtarırdım. Hər şəhidin qanla dolu, əli-ayağı paralanmış bədənin görmək, balamın lap param-parça olsa belə bədənin tapa bilməməyin zülmü bilirsiniz nədi?”
Bu günlərdə millət vəkili Məşhur Məmmədovun köməkçisi Hekayət Nəzərovla rayondaxili maraqlı bir səfərimiz oldu. Bunu obrazlı şəkildə “vətənpərvərlik turu” da demək olar.
Səfərimiz rayonun Ərəb kəndinə olsa da, yol üstü yenidən qurulan Qəhrəmanlıq Parkına tanışlıqdan başladı.
Bu məkanı izləyicilər üçün dəqiqləşdirməkdən ötəri xatırladım ki, “Qəhrəmanlar parkı” Masallı İcra Hakimiyyətinin qarşısındakı meydanın cənub tərəfində, YAP Masallı Rayon Təşkilatının binası ilə üzbəüz, əvvəllər Şəhidlər abidəsi adlanan ərazinin yerində, daha da genişləndirilmiş məkanda yerləşir.
Bu parkın önündə qəhrəmanlıq simvolu olan kompozisiya qurulmuş, onun aşağısındakı qara mərmər üzərində şəhidlərin ad və soyadları, ölüm və doğum tarixləri həkk olunmuşdur.
Bu kompozisiyanın sol tərəfində Milli Qəhrəman adı qazanmış 3 masallılının, onunla üzbəz, sağ tərəfdə isə Qarabağ Qəhrəmanı adına layiq görülmüş 2 masallılının büstü hazırlanır.
Bu meydana daxil olduqda isə parkın sol və sağ tərəflərində 1-ci və 2-ci Qarabağ savaşlarında şəhid olmuş 242 masallılı qəhrəmanımızın 40 x 30 ölçüdə mərmər lövhələrə həkk olunmuş şəkilləri vurulacaq.
Bütün bu işlər qarşıdakı yaxın 2 ayda yekunlaşacaq, noyabrın 10-da - Zəfər Günü isə parkın açılışı olacaq.
Ərəb kəndində gedən yollar...
Xırmandalı İnzibati Ərazisi Masallının mərkəzindən təxminən 16 kilometr aralıdır. Bu ərazinin əsas yolundan isə Ərəb kəndinə 3 kilometrlik asfalt bir yol uzanır. Bu 3 kilometrdən sonra isə asfalt bitsə də, kənd bitmir. Belə ki, həmin asfalt bitəndən sonra kəndin ucqarında, təxminən 600 metrlik bir məsafədə, Neftçala və dənizlə sərhəddə bir şəhid balamızın ata yurdu yerləşir. Necə deyərlər, şəhidimiz məşəqqətli, ağrılı, iztirablı ömür yolu kimi bu evə gedən yol da son vaxtlara qədər olduqca bərbad idi.
Hazırda çox ucqarda olan bu yola daş-çınqıl, qum tökülür.
Şəhid yurduna yaxınlaşdıqca sanki bir qəhrəmanlıq ünvanına və sərgisinə yaxınlaşırsan. Hər tərəfdə Azərbaycan və Türk bayraqlarının özü və rəsmləri, eləcə də şəhid balamız Məsimin şəkilləri görünür. Gözdən könüldən uzaq, cəmi 1300-1400 əhalisi olan bu kəndə Məsim öz şəhidliyi ilə sanki bir sönməz ruh, alov, atəş gətirib. Kənd sanki bu şəhidlərin ruhu ilə nəfəs alır.
Xatırladaq ki, Məsim bu kəndin 2-ci şəhdidir. Digər şəhid Cəbrayıl Qasımov.
Onu da vurğulayaq ki, Məsimin atası Hafiz kişi özü də 1-ci Qarabağ savaşının qazısıdır. Oğlunun döyüşdüyü və şəhid olduğu məkanlarda döyüşüb.
Hafiz kişinin ciddi təkidi ilə Hekayət müəllimlə birgə onun təşkil etdiyi çay süfrəsində əyləşdik.
Bizdən qabaq bu evə gələnlər az olmayıb. Hafiz kişi deyir ki, 19-u iyul, Qurban bayramı axşamı millət vəkili Məşhur müəllim bu uzaq yolu qət edib qapımızı açması bizə böyük təsəlli oldu.
Bir qədər əvvəl isə Jurnalist həmkarımız Nurəddin Ədiloğlu bu evdə olub və şəhid balamız haqqında adlı çox maraqlı yazı hazırlayıb. (cenub.az. ”Ad günündə nəşi tapılan şəhid”).
Şəhid atası Hafiz kişinin ürək dağlayan çıxışını dinləmək isə ən daş ürəklilərdən də dəmir dözüm istəyirdi:
-Təsəvvür edin, onlarla, bəli onlarla şəhid meyitləri arasında kisələri bir-bir açıb oğlumun nəşin axtarırdım. Hər şəhidin qanla dolu, əli-ayağı paralanmış bədənin görmək, balanın lap param-parça olsa belə bədənin tapa bilməməyimin zülmü bilirsiniz nədi?
70 gün şəhid balamın meytin axtardım. Bilirdim “Qanlı göl”deyilən ərazidə, Gorusla həmsərhəd olan yerdə vurulub. Nəhayət, oğlum Məsimin Ad günündə, yanvarda onun meytini tapdıq. Necə tapdıq, necə gətirdik... bir kinoluq söhbətdir.
Hərbiyə gedən gün, itkin meyiti tapılan gün... bu günədək 7 qurban kəsmişəm. Adına evin bir otağın muzey eləmişik. İndi çalışırıq ki, kəndin mərkəzində buradakı 2 şəhidin şərəfinə bulaq tikək. Siz də sağ olun axtarırsınız, dayaq olursunuz. Elə bu ucqar ərazidə bizə axtarmağınız, bizlə bir stəkan çay işməyiniz nəyə desəniz dəyər.
Səfərimizin son dayanacağı Qasımlı kəndi – heykəltaraş ATA İlqar və heykətaraş oğlanlar Müstəqil və Aqşinlə onların emalatxanasındakı görüş oldu. Qəhrəmanların büstləri ilə bağlı yeklunlaşmaqda olan işlərinə baxdıq. Artıq əsas işlər, 3-cü izləmə işləri, tunc örtüklər cilalanır.
Sonda onu da bildirək ki, İstər Qəhrəmanlıq Parkında görülən işlər, istər ucqar Ərəb kəndində şəhid evinə gedən bərbad yolun abadlaşdırılması, istəq Qarabağ qəhrəmanların üçün büstlərin hazırlanması millət vəkili Məşhur Məmmədovun təşəbbüsü və yaxından dəstəyi ilə icra edilir.
Cenub.az. Zahir Əmənov