Əfqanıstanda “Taliban” yaraqlıları avqustun 8-dən başlayaraq ölkənin Orta Asiya ilə həmsərhəd şimal əyalətlərinə genişmiqyaslı hücuma keçib və beynəlxalq informasiya agentlikləri bu ölkədə vəziyyətin getdikcə daha dramatik xarakter aldığını bildirir.
Xarici KİV-lərə istinadən xəbər veririk ki, bu gün avqustun 9-da səhər saatlarından başlayaraq Əfqanıstanın şimalındakı Bəlx və Taxar vilayətlərində hökumət qüvvələri ilə “Taliban” döyüşçüləri arasında şiddətli döyüşlər gedir. Bundan bir gün əvvəl isə “Taliban” yaraqlıları şimalda strateji əhəmiyyətli Gündüz şəhəri də daxil olmaqla üç vilayət paytaxtını ələ keçiriblər.
Habelə avqustun 8-i gecədən başlayaraq Bəlx əyalətinin inzibati paytaxtı Məzari Şərif yaxınlığında döyüşlər gedir. “Tolo News” ingilisdilli əfqan xəbər agentliyi yerli komandirlərə istinadən bildirir ki, tezliklə əlavə qüvvələr göndərilməsə, hökumətin müdafiə xətti yarıla bilər.
“Taliban” avqustun 8-də 375 min nəfər əhalisi olan Gündüzün böyük hissəsini, eləcə də Sar-e Pul şəhərini və Taxar vilayətinin paytaxtı Taloqanı ələ keçirib. Əfqanıstan hökuməti hələlik bu şəhərlərin əldən verildiyini rəsmən təsdiqləmir. Bununla belə mənbələr hökumət qüvvələrinin Gündüzdə yalnız aeroporta və öz bazalarına nəzarət etdiyini deyirlər. Hökumət binalarının hamısının silahlıların əlində olduğu bildirilir. Hətta şəhərdəki əsas həbsxananın da “Taliban”ın nəzarətində olduğu deyilir. “Taliban”ın sözçüsü Zabihulla Mücahid qruplaşmanın hökumət binalarının əksəriyyətini, hətta aeroporta yaxın Milli Təhlükəsizlik Direktorluğunu tutduğunu bildirib. “The New York Times” qəzeti də hərbi qaynaqlara istinadən “Taliban”ın Gündüz, Sar-e-Pul və Talukan şəhərlərinə nəzarəti ələ keçirdiyini təsdiqləyib. Bəzi məlumatlara görə, talibançılar ələ keçirdikləri şəhərlərdə dinc sakinlərə divan tutur, amerikalılarla əməkdaşlıqda şübhəli bildikləri şəxsləri nümayişkarənə şəkildə öldürür.
Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən “Taliban” ölkənin şimalında gedən döyüşlərdə ilk dəfə ağır artilleriyadan-sovet istehsalı olan 122 millimetrlik D-30 qaubitsalarından istifadə edir. Üstəlik artilleriya atəşlərini dronlarla korrektə etməyə başlayıb.
“Taliban”ın əlinə bu qaubitsalar Əfqanıstan ordusundan qənimət olaraq keçib. Döyüşmək üçün güclü motivasiyaya malik olmayan əfqan ordusu geri çəkilərkən çoxsaylı texnikanı, o cümlədən artilleriya qurğularını atıb gedir. “Taliban” isə artıq qənimət kimi ələ keçirdiyi bu silahların hesabına artilleriya diviziyonları formalaşdırıb. Bundan əvvəl “Taliban”ın ən ağır silahı minomyotlar idi.
Sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən “Taliban” döyüşçüləri Gündüz şəhərinə endirilən artilleriya zərbələrini dronlarla korrektə edir. Dron operatoru mərminin hədəfi dəqiq vurmasını izləyir və döyüş yoldaşına “Maşallah, Həmzə, Maşallah!” deyə öz təəssüratlarını çatdırır. Doğrudur, “Taliban”ın sıralarında peşəkar artilleriyaçılar yox idi, amma indi onlar bu problemi də aradan qaldırmış kimi görünürlər. Çünki Əfqanıstan ordusunun sıralarından çoxsaylı zabitlər və hazırlıq keçmiş kadrlar “Taliban”ın sıralarına qoşulur.
Xatırladaq ki, Əfqanıstanda vəziyyət ABŞ-ın 20 il əvvəl bu ölkəyə yeritdiyi qoşunlarını çıxarmağa başlamasından etibarən dramatik xarakter alıb, “Taliban” sürətlə ölkə ərazilərinin böyük hissəsini tutub. ABŞ-ın təlim keçib hazırladığı Əfqanıstan hökumət ordusu “Taliban”a gözlənilən müqaviməti göstərə bilmir.
“The New York Times” qəzeti yazır ki, son həftə ərzində “Taliban” yaraqlıları bir-birinin ardınca əsas şəhərləri ələ keçirəndə, hökumət rəsmilərini və dinc sakinləri öldürəndə Amerika rəsmiləri Əfqanıstan qüvvələrinin onları geri oturtmaq üçün qüvvə və vasitələrinin olduğuna ümid bəslədiklərini deyirdilər. Eyni zamanda “Taliban”la dinc razılaşmaya dair danışıqlar da aparılırdı, amma bu danışıqlara ümid günbəgün azalır.
Barak Obama administrasiyasında müdafiə naziri postunu tutmuş Leon Panetta qəzetə açıqlamasında deyib ki, ötən bazar günü ABŞ-ın Əfqanıstanın şimalında “Taliban”ın hücumunu dayandırmaq üçün əfqan ordusuna havadan daha çox dəstək verəcəyini gözləyirdi, amma situasiyanın hətta ABŞ aviasiyasının köməyinə baxmayaraq bu cür sürətlə pisləşəcəyini düşünmürdü.
Pentaqon nümayəndələri isə deyiblər ki, aviazərbələrdən başqa əfqan ordusuna başqa dəstək planlaşdırılmır. Onlar son üç həftə ərzində ABŞ-ın “Taliban”ın ağır texnikasına qarşı AC-130 zərbə təyyarələrindən və “Reaper” pilotsuz təyyarələrindən istifadə etdiyini deyiblər. Pentaqon rəsmilərindən biri deyib ki, Əfqanıstanda hazırda cəmi 650 Amerika hərbçisi var və hava zərbələri talibançıların hücumlarını dayandırmaq üçün kifayət deyil. Bill Klinton administrasiyası dövründə ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı olmuş general Uesli Klark isə baş verənləri “Əfqanıstan xalqı üçün faciə və Amerikanın yanlış planlarının, uğursuzluqlarının nəticəsi” adlandırıb.
Əlbəttə, Əfqanıstanda baş verənləri Rusiyada da izləyirlər və ekspertlərə görə Gündüz şəhərinin ələ keçirilməsi “Taliban”ın Tacikistana və Özbəkistana yolunu aça bilər. Lakin istefada olan polkovnik Anatoli Matviyçuk “Vzqlyad” qəzetinə açıqlamasında deyir ki, “Taliban” Orta Asiyaya girməyə hazırlaşmır. “Onlar boş yerə Moskvaya danışıqlara gəlməmişdilər. Əmin ediblər ki, Orta Asiyaya müdaxilə etməyəcəklər”,-o bildirib.
“Taliban” Moskva ilə anlaşmış kimi görünsə də Rusiya yaranmış vəziyyətdə Orta Asiyadakı hərbi iştirakını genişləndirir və regiona əlavə qüvvələr göndərir, birgə təlimlər keçirir.
F.Məmmədov
virtualaz.org