Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rasim Balayev onu kinoya gətirdi, Amaliya Pənahova etiraz etdi – “Babək”in qalmaqallı gözəli Pərvin kimdir?


Xalq artisti Tamara Yandiyeva haqqında maraqlı faktları təqdim edirik.

Tamara Xavaj qızı Yandiyeva 25 iyul 1955-ci ildə Qazaxıstanın Karaqanda vilayətində dünyaya gəlib. Milliyyətcə inquşdur. Rusiyanın əməkdar artisti, İnquşetiyanın isə Xalq artistidir.
***
Tamara dünyaya gələndən sonra ailəlikcə İnquşetiyaya qayıdıblar. Valideynləri sanatoriyada işlədiklərindən elə orda da qalırdılar. Sanatoriyaya çox sayda tanınmış adamlar gələrdilər – teatr, kino, opera və estrada artistləri. Tamara onların qarşısında çıxış etdiyindən, qonaqlar onu "artistka” adlandırardı. Tamara özü uşaqlıqdan kinoya vurğun idi. 3 yaşından atası onu açıq meydanlarda olan kino çəkilişlərinə apararmış.

O, məktəb yaşına çatanda ailəsi onu böyük bacısı ilə birgə Orconikidze şəhərindəki 1 nömrəli internat məktəbinə göndəriblər. Qızları evə ildə bir-iki dəfə gətirərmişlər. Ancaq 5-ci sinifdən sonra onu adi orta məktəbə qoyurlar. Məktəb illərində qız qiraət müsabiqələrində iştirak edir, "Rovesnik” adlı vokal-instrumental ansamblında çıxışlar edir.
***
Tamara orta məktəbi bitirəndən sonra Moskva Kinematoqrafiya İnstitutuna qəbul olunmaq istəyir. Lakin atası onun bu istəyinə qarşı çıxır, sərt reaksiya verir. O, qızının həkim olmasını istəyir. Tamara atasının təkidi ilə kimyadan müəllim yanına getmək üçün Qroznıya yollanır. Həmin vaxt Qroznıya Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya İnstitutundan qəbul komissiyası gəlibmiş. Yandiyeva özü danışır:
"Qroznıda xalamgildə qalırdım. O, çox inkişaf etmiş, savadlı filoloq idi. Mənim istəyimi bilən kimi, dedi get, sına özünü. Atan icazə vermir, qəbul olunmasan özün də soyuyarsan o arzudan. Xalamla qərara gəldik ki, sınayaq görək, aktrisalıq iddiasında olmaq üçün hansısa əsasım, istedadım varmı? Biz onun özü kimi gözəl, fransız dili müəlliməsi olan rəfiqəsi ilə getdik imtahana. Üç turdan sonra imtahan götürən sənətkar Merkurev özü mənə yaxınlaşıb – "siz qəbul olundunuz, təbrik edirəm” - deyəndə, sevincimi təsəvvür edə bilməzsiz.

Lakin Yandiyevanın atası bundan sonra da qızının aktrisalığına icazə vermir. Hətta atasının yanına xahişə gələn ailənin yaxın qohumu, tanınmış rejissor Sulumbəy Mamilov və Mədəniyyət Nazirliyindən nümayəndə heyəti minnətçi düşür, lakin bunun da faydası olmur. Günlərin birində isə ailənin yaxın qohumlarından bir gənc dünyasını dəyişir. Yas mərasimində mərhumun atası göz yaşları içində Tamaranın atasından Tamaranın oxumasına icazə verməsini xahiş edir. Kişi bu dərdli qocaya etiraz edə bilmir.
***
Tamara dərhal əşyalarını yığıb Leninqrada yollanır. Onun kurs rəhbəri Vasili Merkurev olur. Tamara 1979-cu ildən M. Lermontov adına Qroznı Rus Dram Teatrında işləməyə başlayır. Tamaşalarda müxtəlif rollarda oynayır.

Xalq artisti Rasim Balayev Çeçenistanda "Dağ nağılı” adlı çeçen filmində çəkilirmiş. Tamara Yandiyeva həmin televiziya filmində Rasim Balayevlə tərəf müqabili olur. Bakıda isə Eldar Quliyevin çəkməyə hazırlaşdığı "Babək” filminə Pərvin rolu üçün aktrisa axtarışı gedirmiş. Tamaranın filmə çəkilməsinə Xalq artisti Rasim Balayev səbəb olur. O, xatirələrində deyir: “Hələ "Babək”ə çəkiləcəyim dəqiqləşməmişdi, gördüm ki, bu qız Pərvin roluna çox yarayır. Dedim, şəklini verərsən mənə. Gördüm, çox təəccüblü və şübhəli baxdı üzümə. Dedim, qorxma, mən evliyəm, ailəmə də sadiqəm. Şəklin bizim kinostudiyaya lazımdır, ola bilər, səni kinoya dəvət etsinlər”.

Aktrisa ilk dəfə tammetrajlı bədii filmə 1979-cu ildə Bakıda Eldar Quliyevin çəkdiyi "Babək” filmində Pərvin roluna çəkilib. Rasim Balayev aktrisanın şəklini Eldar Quliyevə verib. Rejissor bəyənib və onu filmin çəkilişlərinə dəvət ediblər. Aktrisanın dediyinə görə, Rasim Balayevin təklifi ilə onu Azərbaycanda filmə çəkilməyə dəvət ediləndə böyük sevinclə gəlib:
"Gəldim, amma sınaq çəkilişləri üçün aktrisaların şəkillərini görəndə, dedim yəqin necə gəlmişəm, elə də qayıdaram, burda çox gözəl aktrisalar var. Ümidimi üzüb getmişdim, sınaqdan keçdiyimi eşitdiyim gün mənim üçün bayram oldu. İlk rolum olduğu üçün çox həyəcanlı idim. Həm ona görə həyəcanlı idim ki, rejissora bəzi səhnələrə niyə çəkilə bilməyəcəyimi izah etməkdə çətinlik çəkirdim. Kinoya çəkilmək yeganə məqsədim olsa da, hər səhnəyə, yəni açıq-saçıq səhnələrə çəkilə bilməzdim. Nəticədə səhnələr yenidən yazıldı, paltarlarım yenidən tikildi. Rejissor mənə çox güzəştə getməli oldu. Hətta lağ edib gülürdülər ki, Tamara skafandrda çəkiləcək filmə”.

Yerli mətbuatda gedən məlumatlara görə, film çəkilişləri zamanı Pərvin roluna kənardan aktrisa dəvət edilməsinə ən sərt reaksiya verən tanınmış sənətkar, Xalq artisti Amaliya Pənahova olub. O, Tamara Yandiyevanın bu obraza çəkilməsinə qarşı çıxıb və deyilənlərə görə, hətta, çəkilişlər zamanı bir neçə dəfə qalmaqal yaşanıb.
***
Tamara Yandiyevanın Azərbaycan kinosunda növbəti rolu "Gözlə məni" filmində - Xalq yazıçısı İlyas Əfəndiyevin məşhur "Mahnı dağlarda qaldı" dramı əsasında çəkilmiş filmdəki Şahnaz obrazı olub. Maraqlıdır ki, bu filmdə də Amaliya xanımla birlikdə rol alıblar. Belə ki, Amaliya xanım Böyük bəyin həyat yoldaşı - Fəxrəndə xanım, Tamara xanım isə bacısı Şahnaz rolunu ifa edib. Aktrisa həm də Rasim Balayevlə tərəf müqabili idi. Tamara Yandiyeva bu günə qədər Rasim Balayevi özünün "xaç atası” adlandırır:
"Onun dəvəti ilə Bakıya gəlib filmə çəkildim, ikinci dəfə yenə onunla çəkildim. Ondan sonra kino karyeram, ümumiyyətlə, karyeram çox uğurla irəlilədi. O vaxtdan Azərbaycan, filmlərdə çəkildiyim Bakı, Quba, Şamaxı mənim nağıllar dünyamdır. Çox istərdim yenə oralara gəlim. 30 illik yaradıcılıq yubileyimdə Polad Bülbüloğlu təbrik göndərmişdi. Məni "Pərvin” adlandırmışdı, çox xoş oldu. İstərdim Rasim Balayevi də yubileyimdə görüm, amma onu tapa bilməmişdim”.

"Babək” filminə çəkiləndən sonra aktrisanın kino karyerası başlanır. O, bir-birinin ardınca "Əgər sevirsənsə”, "Məhəbbətin qəribəlikləri haqda”, "Şəhrizadın yeni nağılları”, "Stalinlə gecə”, "Odlu yollar” filmlərinə çəkilir. "Stalinlə gecə” filmi iki beynəlxalq festivalın iştirakçısı olur.
***
1990-cı illərin hadisələrində Tamara Yandiyeva Moskvaya köçməyə məcbur qalır. Moskvada teleradio işçiləri üçün ixtisas artırma kurslarına gedəndən sonra, ali rejissorluq kurslarını da bitirir. İnquşetiyanın Moskvadakı daimi nümayəndəliyində işləyir.

"Mir” telekanalının diktoru olub. Konsertlərdə və rəsmi tədbirlərdə aparıcılıq edib. Bu qədər müxtəlif, amma bir-birini tamamlayan sahələrdə təcrübəsi var. Son vaxtlar vokalist kimi tanınmağa başlayıb. İlk dəfə çeçen-inquş xalq mahnısı ifa etməklə bu sahədə uğurlu olduğunu hiss edib.
***
Tamara Yandiyeva indi soyadına Dağlı soyadını da əlavə edib. O. Həyat yoldaşı ilə "Qara şahzadə” filminin çəkilişləri zamanı tanış olublar. Hətta çəkilişlər toydan sonra yarımçıq qalıb. Müqaviləni pozduğu üçün onlara hədə-qorxu gəliblər. Ailə qurandan sonra həyat yoldaşı icazə vermədiyi üçün filmlərə az çəkilir. Vokalist kimi fəaliyyət göstərir.
***
Akltrisa ümumilikdə 18 filmə çəkilib. Bunların 16-da baş rol ifa edib.

Kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10