Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ailəmi polis gücünə küçəyə atıb, evimizi yerlə yeksan etdilər…”


İş adamı ata-oğul Salahzadələr tərəfindən əmlakının zəbt olunduğunu bildirir


Bakı sakini Seymur Quliyev Milli Məclisin deputatı Əliabbas Salahzadəni, onun həyat yoldaşı Xatirə Salahzadəni və atası, keçmiş deputat Qalib Salahzadəni məhkəməyə verib. Deputatın qayınatası, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni də üçüncü şəxs qismində prosesə cəlb edib.

Bu barədə “Press Klub”a danışan Seymur Quliyev bildirdi ki, 2012-ci ildə mülkiyyəti zəbt olunandan bu yana şikayət etdiyi dövlət orqanlarında Q.Salahzadə ilə yanaşı, həm də Şeyxin adını eşidir. O, məsələni aydınlaşdırmaq üçün bir neçə dəfə A.Paşazadənin özü ilə görüşməyə cəhd göstərdiyini söylədi: “Üç dəfə qəbuluna getmişəm. Bugünlərdə də getmişdim. Qəbul eləmədi. Ona görə bu addımı atdım ki, bəlkə məhkəmə onu çağırar, gələr”.
İddia ərizəsində prezident İlham Əliyev isə maraqlı şəxs kimi qeyd edilib: 

“Çünki prezident efirdən hamıya müraciət edib dedi ki, “məmur özbaşınalıqları barədə məni xəbərdar edin”. Uzun illərdir deputat olan bu ailənin mənim və yaxınlarımın başına açdığı oyunlar barədə yazmadığım yer, getmədiyim dövlət orqanı qalmayıb. Amma xeyri yoxdur. Əlimdə mülkiyyət hüququnu təsdiqləyən çıxarış ola-ola Qalib Salahzadə ailəmi polis gücünə evimdən çıxartdırıb, küçəyə atdırdı. Əşyalarımızı daşıtdırıb, həyətdəki iki və üç mərtəbəli evlərimi sokdürdü. Bəs, mən bütün bunları prezidentə necə çatdırım? Başqa yol görmədim”.
Seymur Quliyevin əmlakı Bilgəh qəsəbəsində, dəniz sahilində yerləşib. Onun əlində 20 sot əraziyə mülkiyyət hüququnu təsdiqləyən çıxarış var. 2004-cü ildə alqı-satqı yoluyla əldə etdiyi həmin ərazidə sonradan 2 və 3 mərtəbəli iki ev, həyətdə hovuz tikdirib. Amma hazırda o yerdə bunların heç biri yoxdur. “Hasar qonşum var, mənim başıma gələnləri onun da başına gətiriblər. Hər ikimizin evlərini yerlə yeksan ediblər. Bizim ərazidən Salahzadələr beş ildir ki, avtodayanacaq kimi istifadə edir. Düz dəniz kənarında yerləşir deyə, yayda dənizə gələn maşınları orada saxlayırlar. Şlaqbaum da qoyulub. Təsəvvür edin, əlimdə çıxarış ola-ola mən öz ərazimə daxil ola bilmirəm”, – deyə S.Quliyev söyləyir.

2004-cü ildən Seymur Quliyevin mülkiyyətində olan əraziyə 2012-ci ildə deputat Xatirə Salahzadənin adına çıxarış alınıb. S. Quliyevin şikayəti əsasında məhkəmə o çıxarışı ləğv edib: 

“Mənim əlimdə çıxarış ola-ola Xatirə Salahzadənin adına da o əraziyə çıxarış verilmişdi. Biz məhkəməyə verib, ləğv elətdirdik. Amma nə faydası? Qalib Salahzadə polislərin gücüylə bizi çıxartdırdı. Mən Dubayda bizneslə məşğul idim, uşaqlarıma oradan oyuncaqlar gətirmişdim. Bizi çıxarandan sonra uşaqlarımın oyuncaqlarına qədər götürüb apardılar. Bunları necə bağışlayım? Evlərimizi buldozerin ağzına verdilər. Qalib Salahzadə mənə dedi ki, “sən bilmirsən ki, Bilgəhin ağası mənəm?!”
S.Quliyev iddia ərizəsində ərazinin boşaldılması, dağıdılmış əmlakların əvvəlki vəziyyətinə qaytarılmasını, maddi ziyana görə 3 milyon, mənəvi ziyana görə 2 milyon, beş il ərzində oradan dayanacaq kimi istifadə olunmasına görə isə 450 min manat pulun cavabdehlərdən tutulub, ona verilməsi tələbini qoyub. İki dəfə məhkəmə iclası keçirilib. Salahzadələrin nümayəndəsi və vəkili ittihamları qəbul etməyib. Sabunçu rayon Məhkəməsində işə baxan hakim Tahirə Əsədova sonuncu məhkəmə iclasında mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazi ilə bağlı ekspert rəyinin alınmasına qərar verib. Bu səbəbdən məhkəmə müvəqqəti təxirə salınıb.
“Mən əslində bu prosesləri əvvəllər də keçmişəm. 2012-ci ildə mülkiyyətim zəbt olunandan mən bu yollardayam. Burada anlaşılmayan nə var ki? Əmlak mənimdir, əlimdə bunu təsdiqləyən sənədlər var. Onu zəbt ediblər, bunu təsdiqləyən şahidlər də var. Özü də, mən tək deyiləm. Qonşum da eyni vəziyyətdədir. Biz bütün məhkəmələrə, dövlət orqanlarına onunla birlikdə şikayət edirdik. Çünki durumumuz eyni idi”, – Seymur Quliyev belə deyir.

Onun şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsində də araşdırmalar aparılıb. Qalib Salahzadə və bir sıra şəxslər orada dindirilib. Bu dindirmələrin nəticəsi olaraq, fakt üzrə Cinayət Məcəlləsinin 186-cı (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə)188-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 320-ci (rəsmi sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) və 322-ci (özbaşınalıq) maddələri ilə cinayət işi başlanıb. 2020-ci ildə istintaq belə nəticəyə gəlib ki, Qalib Salahzadənin əməlində Cinayət Məcəlləsinin 186 və 188-ci maddələrindən başqa, 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma) maddəsinin də tərkibi var. Çünki hadisələr baş verəndə Qalib Salahzadə deputat idi. Bu maddə ilə istintaq aparmaq isə prokurorluğun səlahiyyətindədir. Ona görə də ya prokurorluq işi götürüb, özü Qalib Salahzadəni məsuliyyətə cəlb etməli, ya da bunun üçün Daxili İşlər Nazirliyinə razılıq verməlidir.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi həmin maddələrlə istintaqın davam etdirilməsinə razılıq almaq üçün prokurorluq qarşısında vəsatət qaldırıb, 14 may 2020-ci ildə cinayət işinin materialları Baş Prokurorluğa göndərilib. O vaxtdan da cinayət işinin icraatı dayandırılıb.
“Necə olur, bir deputat bir polisi vurduğuna görə dərhal həbs olunur, başqa deputat illərlə vətəndaşların başına bu oyunları gətirir, vətəndaşlar da bu barədə bütün dövlət orqanlarına yazır, kömək istəyir. Amma o deputata “gözün üstə qaşın var” deyən olmur. Biz insan deyilik?!”, – deyə Seymur Quliyev söyləyir…

Salahzadələr ailəsindən məsələyə münasibət öyrənmək mümkün olmadı.

Gülər





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10