Qardaş ölkə odla su arasında yaşam savaşı aparır, hər kəs tək yumruq halında birləşib
Türkiyə meşə yanğınları ilə mübarizə aparmaqda davam edərkən, qardaş ölkədə yaşananları, insanların nə düşündüklərini, hiss etdiklərini özləri ilə həmsöhbət olub öyrənməyə çalışmışıq. AYNA həmsöhbətlərinin fikirlərini təqdim edir:
“Od düşdüyü yeri yandırırmış”
Jurnalist, sosial media fenomeni Öznur Atayeter:
“Xəbəri ilk eşitdikdə hər kəs çox narahat oldu, təlaşlandı. Zaman keçdikcə isə bu hisslər yerini dərin kədər və səssiz ağlamalarla əvəzləməkdədir. Sizin vasitənizlə qardaş ölkə Azərbaycan xalqına sevgi və salamlarımızı çatdırıram. “İki dövlət, tək millət” şüarı heç bir zaman içiboş siyasi bir ifadə olaraq qalmayıb. Cani-könüldən sevdiyimiz ölkəniz bizi digər dar günlərimizdə olduğu kimi günümüzdə də yalnız qoymadı. İgidləriniz öz evlərində qardaşlarının yaralarına məlhəm olarkən, bizlər də onlarla qürur duyuruq və ailələrinə sizin vəsilənizlə söyləmək istəyirəm ki, onlar burada bizlərə əmanətdir, gözləri və ürəkləri onların yanında qalmasın.
Qlobal iqlim dəyişikliyi bəzi bölgələrdə təbii yanğınların baş verməsinə səbəb olur. Təəssüf ki, bunu dünyanın bir çox hissəsində gördük, yaşadıq. Fəqət doğrudan da od düşdüyü yeri yandırırmış. Bu yanğınlar təbii haldamı başladı, yoxsa burada təxribat əməli varmı? Mütləq səlahiyyətli şəxslər araşdırma etdikdən sonra bu suallara cavab verəcəklər və o açıqlama gələnə qədər sakitliyimizi qorumalı və yeni yanğınlar ehtimalına qarşı təxribatçı ifadələrə fikir verməməli, təmkinimizi qoruyaraq gözləməliyik. Düzgün vətəndaş davranışı bunu tələb edir.
Xəbəri ilk eşitdiyimizdə müşahidəm belə oldu ki, millət olaraq bütün dərdlərimizi unudub yanğın baş verən bölgələrdə zərər çəkən hər bir canlı üçün narahat olduq. Zaman keçdikcə isə bu narahatlıq dərin kədər və səssiz ağlamalarla əvəzləndi. Yanan təkcə meşələr deyildi, kəndlərimiz, insanlarımız yanırdı, qısacası ciyərimizin ortasına bir od düşmüşdü.
“Biz bir ağac kəsmək üçün fətva istəyən nəslin davamçısıyıq. Sabah qarışqa haqqını soruşmazmı?”, - deyə alimlərimiz bildirirlər. “Mən atmosferdə baş verən bu istilik dəyişimində, buzlaqların əriməsində, meşələrin yanmasında nə qədər günahkaram?”, - deyə özümüzdən soruşmalı, hər kəs əlini daşın altına qoymalı və dərs çıxarmalıdır. Əlbəttə, itkilər ödənilər, amma bu, yanıq yarasıdır - ağrısı, acısı belə rahat sağalarmı? İz qoymazmı?
Türkiyədə bir çaxnaşma yaşanır. Hər kəs bir-birinə gücü çatdığı qədər yardım edir. Qeyri-hökumət təşkilatları, könüllülər yardım kampaniyaları başladıblar. Yanğınların söndürülməsində iştirak edənlər üçün yanıq məlhəmi, buz, qatıq toplanması məni çox incitdi. Şəkillərə baxa bilmirəm, ürəyim ağrıyır. Əminəm, hamımız bu vəziyyətdəyik, bu hissləri hər kəsin adından dilə gətirirəm. Ürəyimiz ağrıyır, ciyərimiz yanır, yanıq iyisini ölkənin harasında olmasından asılı olmayaraq hiss edə bilirk.
Biz güclü, imanlı və ən çətin vaxtlarda bir-birimizə bağlı olan bir millətik. Fərqli mədəniyyətləri ehtiva etsə də, dinindən, dilindən və irqindən asılı olmayaraq bir-birimizi qucaqlayaraq ağrı-acılarımızı necə sağaladacağımızı yaxşı bilirik. Yıxılan bir uşağın anası dizlərindən necə öpərsə, biz bir-birimizin yarasından elə öpərik. Biz belə bir millətik. İndi ağrımız çox təzədir, yaralarımız dərindir, dizimiz ağrıyır. Xoşbəxtlikdən, dizlərimizi öpəcək qardaşlarımız var. Biz ağrılar içində qıvrılarkən özümüz demədən yanımızdadırlar. Bütün Azərbaycan xalqına millətimiz adından minnətdarlığımızı çatdırır, təşəkkür edirəm”.
“Yanğınların eyni zamanda 8 ayrı nöqtədə və geniş yayıla biləcək yerlərdə çıxması təsadüf deyil”
Atatürk Universitetinin doktorantı Murat Keleş:
“Yanğınların terrorçular tərəfindən törədilməsi ehtimalı yüksəkdir. Bu fəlakət bütün Türkiyə xalqını dərin kədərə qərq edib. Təəssüf ki, demək olar, hər il meşə yanğınları ilə müabarizə aparan bir ölkəyik. Bildiyiniz kimi, meşə yanğınlarının bir neçə səbəbi var: tamamilə söndürülməyən kamp ocaqlar, manqal kömüründən qalan qırıntılar, təbiətə atılan şüşə qırıqları, mənfur terror təşkilatlarının cəhdləri. Son illərdə məktəblərdə, sosial media platformalarında, maarifləndirici toplantılarda aparılan işlər nəticəsində ilk üç səbəbi hiss ediləcək qədər aşağı salmışıq. Amma sonuncusu...
Türkiyə xalqının böyük bir qismi kimi mən də bu yanğınların terror təşkilatları tərəfindən törədildiyini düşünürəm. Yanğınların eyni zamanda 8 ayrı nöqtədə və geniş yayıla biləcək yerlərdə çıxmasını heç də təsadüf hesab etmirəm. Hökumətimiz artıq bu məsələ ilə bağlı araşdırmalara başlayıb.
Həmişə olduğu kimi, bu dəfə də PKK terror təşkilatı xaincəsinə hücum edir. Hər küncdə onlarla mübarizə aparan əsgərlərimiz dağda, təpədə, şəhərlərdə onlara göz açamağa imkan vermədikcə onlar da bu cür xain əməllərə əl atır, meşələrimizi yandırırlar. Ancaq unudurlar ki, Türk milləti nə olursa olsun, onlara istədiklərini verməyib, verməyəcək də.
Bütün çətin vəziyyətlərdə olduğu kimi, bu meşə yanğını hadisəsində də təbii bir refleks olaraq əl-ələ verib səfərbər olduq. Yanğının olduğu bölgədə gənc, yaşlı, kişi və qadın – hər kəs yanğını söndürmək üçün meşə işçiləri və yanğınsöndürənlərlə birlikdə böyük bir mübarizə aparır. Həm işçilərə avadanlıq, həm də su daşımaqla dəstəklərini göstərirlər. Yanğınsöndürənlərə motosikletlə su daşıyarkən 25 yaşlı Şahin Akdəmirin ölümünə dərindən kədərlənirik.
Digər tərəfdən, qadınlarımızın yanğınsöndürmə şlanqlarını bellərində daşımalarını, yanğınsöndürənlərə kömək etmələrini ifadə edəcək sözlər tapmaqda çətinlik çəkirəm, sözlər aciz qalır. Əlbəttə ki, hər zaman yanımızda olan qardaş ölkəmiz Azərbaycandan olan yanğınsöndürənlər də bizə dəstək olurlar. Onlara ürəkdən təşəkkür edirik. Fəlakətə ən qısa zamanda son qoyulması üçün Allaha yalvararkən, bu müddətdə dünyasını dəyişən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara tezliklə şəfa, söndürmə işlərinə davam edən məmurlarımıza və vətəndaşlarımıza rahatlıq diləyirəm”.
“Təbiətsiz insan mövcud ola bilməz, amma təbiət insansız da mövcud ola bilər”
Gümüşhanə Universitetinin laborantı (öğretim görevlisi) Çiğdəm Piyadəoğlu:
“Çox çətin mərhələdən keçirik. Lakin xalqımız həmrəylik nümayiş etdirir, bir-birinin yarasına məlhəm olmağa çalışır. Əvvəla, sizin vasitənizlə Azərbaycan xalqına təəşəkkür edirəm. “Bir millət, bir dövlət” ifadəsini hər zaman hiss edərək, hiss etdirərək yaşayırıq, yaşadırıq. İndiki vaxtda sizlərdən həm hökumət səviyyəsində, həm də xalq dəstəyini hiss edirik. İlk yardımımıza gələn Azərbaycan dövləti oldu. Bu, sizlərin böyüklüyünü göstərir. Biz bu birlikdən çox məmnunuq. İnanırıq ki, bu birlik iki dövlət var olduqca da olacaq.
Bəli, çox çətin günlər yaşayırıq. Bu, böyük fəlakətdir. Olduqca qorxulu, məyusedicidir. Hələ də nəzarət altına alınmamış yanğınlar var. Böyük fəlakətlərin mənfi tərəfləri olduqca çoxdur, amma müsbət tərəfinə baxası olsaq, birlik ruhu yaratdığını deyə bilərik. Türkiyədə hər kəs tək bir ürək olub. Hər kəs yardım edir, bir-birinə dəstək olur.
Müşahidə etdiyiniz kimi, xalq sosial mediada da təşkilatlanmış şəkildə bir-birinə kömək edir. Qüvvətli bir təşkilatlanma ilə insanlar bir-birinin yarasına məlhəm olmağa çalışır. Bütün bunlar olarkən, əlbəttə ki, gecikmələr də, itkilər də olur. Bunlar olunca istər-istəməz vəziyyətin bir qədər gərginləşməsi, böhran vəziyyətinin çətinlikləri hiss olunur. Bu, sosial mediadakı yazışmalardan da görünür.
İstəyirik, bu fəlakət tez bir zamanda bitsin, yaralar sağalmağa başlasın. Təəssüf ki, hələ davam edir. Əvvəllər daha çox panika var idi. Lakin böhran baş verdikdən sonra onu idarə etməyə başlayırsınız. Bizdə də 3-cü gündən sonra bu, mümkün oldu. İndi daha professional yanaşılan mərhələdir.
Bu müddətdə daha yaxşı təşkilatlanma baxımından bir qədər problemlər yaşadıq. Müşahidə edirsiniz, insanların bir qismi həmrəylik göstərərkən, bir qismi əskikliklərə köklənərək daha emosional davaranır. Bunlar böhran dövrlərində ola biləcək hallardır. Sosial medianın da gücünü bu cür böhran anlarında daha yaxşı görə bilirik.
Türk xalqı, Türkiyə – təbiəti sevən hər kəs çox kədərlidir. Təbiətsiz insan mövcud ola bilməz, yaşaya bilməz, amma təbiət insansız da mövcud ola bilər. İnsan təbiətə möhtacdır, təbiətin insana ehtiyacı yoxdur. Bunu bilirik və bilən, anlayan insanlar da çox kədərlidirlər. Anomal istilərin səbəb olduğu deyilərək bütün dünyada yanğınlar olur. Fəqət kimsə bu qədər böyük fəlakətlə qarşılaşacağımızı gözləmirdi.
Ümid edirəm, bu vəziyyətdən alnıaçıq çıxacağıq. Yardım kampaniyaları təşkil edirik, fondlar vasitəsilə dəstək olmağa, pozitiv enerji ötürməyə, yaraları sağaltmağa, gecikmələrin qarşısını almağa çalışırıq. Sosial medianın gücü də bu mərhələdə əvəzolunmazdır. Yəqin ki sosial medianın imkanları olmasa idi, belə tez bir zamanda təşkilatlanma mümkün olmayacaqdı.
Bizlər tez bir zamanda bu yanğınların bitməsini istəyirik. Torpaqlarında yanğın olmayanlar da bu fəlakətin bitməsini istəməlidir. Heyvanlar, ağaclar yanarkən, canlılar məhv olarkən kimsənin əksini düşünəcəyinə ehtimal belə, vermirəm. Ekosistem məhv olarkən buna etinasız qalmaq mümkün deyil.
Bu yanğınların qəsdən törədildiyi ehtimalını səsləndirənlər də var. Təəssüf ki, içimizdə bunu edə biləcək qədər qəzəbli canilər var. Bu yanğınlar tez bir zamanda bitsin, təkcə bizim ölkədə deyil, dünyanın heç bir yerində bu cür şeylər yaşanmasın”.