Masallı Gənclər və İdman İdarəsinin müdiri Camal Manafovun vəzifəsini qalmaqallı səbəblərdən tərk etməsindən sonra bir aya yaxın idi ki, bu vəzifə boş idi. Redaksiyaya bir neçə mənbədən daxil olan məlumata görə, həmin vəzifəyə 44 yaşı bu gün tamam olan Ərkivan Qəsəbə sakini, daha dəqiq desək, İcra hakimiyyəti Başçısının Ərkivan Qəsəbəsi üzrə nümayəndəsi Sabiq Cahangirov təyin olunacaq.
Sabiq müəllimin gənclik və idman yaşı “normanı” bir az keçsə də, onun bu vəzifəyə təyinatını təqdirəlayiq saymaq olar.
Birincisi, Sabiq müəllim 2 dəfə Ərkivan kimi böyük və çətin məkanda ərazi nümayəndəsi olub və hər dəfə indiki reallıqlar çərçivəsində işgüzarlığı, səmimiyyəti, insanlara münasibəti ilə seçilən bir rəhbər olub.
İkincisi, o, rayonumuza şərəf gətirən idmançılardan olub, Azərbaycanın Milli Voleybol komandasının ən fəal üzvlərindən biri kimi tanınıb.
Həm də nəzərə alsaq ki, Sabiq müəllim, qəsəbədə halal bir nəslin, halal bir ailənin təmsilçisidir, bu təyinatı uğurlu saymaq olar..
O da maraqlıdır ki, bu gün Sabiq Cahangirovun 44 yaşı tamam olur. Ad günündə yeni vəzifə almağın da özgə aləmi var.
Təyinatın rəsmi təqdimatı icra başçısı məzuniyyətdə olduğu üçün bir qədər yubansa da, mənbələrin verdiyi məlumata görə, xəbər doğrudur, sadəcə ortada gün məsələsi var.
Qeyd: Bəlli olduğu kimi ərkivanlı Kamal Mazanov Masallı Şəhər Nümayəndəsi vəzifəsindən heç də inandırıcı olmayan səbəblərdən uzaqlaşdırlması birmənalı qarşılanmamışdı. Görünür, icra başçısı ərkivanlıların könlünü almaq istəyir. Belə ki, bir ay öncə ərkivanlı Rusif Kərimovun Rayon Suvarma İdarəsinə müdir təyin olunması, indi isə Sabiq Cahangirovun təyinatı belə təəssürat yaradır.
Bütün hallarda Sabiq Cahangirovu gözlənilən yeni təyinat münasibəti ilə təbrik edir və inanırıq ki, o, bu vəzifəyə əsil coşqunluq, bir gənclik ab-havası gətirəcək.
Cenub.az. Zahir Əmənov