İnsan niyə riyakar olur?..
İnsanın Allahdan qeyrisi üçün iş görməsinin səbəbi – etiqadının kamil olmamasındadır. Əgər Allaha olan iman və əqidəsi kamil olsaydı, Allahdan qeyrisini dəyərsiz hesab edərdi.
Rəhmətlik İmam (r) insanların sevimlisi olmuşdur. Ancaq özü bunu istəməmişdir. Həmişə özünü göstərməkdən qaçmışdır. Ancaq indiyə qədər belə insanlar onu sevirlər, çünki qəlblər Allahın əlindədir. Hər kim özünü Allaha xidmət yolunda fəda edər, Allah bütün insanların qəlbini onun sevgisinə tərəf yönəldər. Özü bunu istəsə də, istəməsə də.
Ancaq bu fikirdə olmaq ki, nə edim ki, ancaq insanların sevimlisi olum – yanlış əqidədir. İnsan bu yolda çox səy göstərə bilər və çox hümmətlər edə bilər. Ancaq məqsədinə çatması çox çətindir. Çünki Allah bunu istəmədikcə, bu insan hər nə qədər səy göstərsə də, yenə faydasızdır. Ola bilsin ki, bir neçə gün insanların dilində olsun, ancaq bu, keçicidir, sonu isə rüsvayçılıqdır.
Əgər insanın həqiqi imanı olarsa, Allahdan qeyrisindən heç bir gözləntisi olmaz. Əgər bunun əksi olarsa, deməli, iman və əqidəsi kamil deyildir. Əgər insan Allahın ona verdiklərini görməsə və davamlı olaraq başqalarının diqqətini cəlb etmək ardınca olarsa, bu zaman qəlbi onu aldadar və şeytanın (lən) qulu edər.
«O gün ki, malın və oğulların bir faydası olmayacaq». «Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!». (“Şuəra” 88-89).
Qiyamət günü insanın dadına nə malı, nə övladları çata biləcəkdir. Ona nicat verə biləcək tək şey – sağlam qəlbi olacaqdır. O qəlb ki, Allahdan qeyrisini özünə buraxmamış və özünü Allahın məkanı etmişdir. Heç kəsi ona şərik etməmişdir. (Həvzəh)
Allah bizlərə nəsib etsin!