Fərqli fikirlər meydan sulasa da, cəmiyyətin bir şüarı var: “Güc birlikdədir, biz bu fəaləktdən alnıaçıq, üzüağ çıxacağıq!”
Türkiyədə iyulun 28-dən başlayan meşə yanğınları hələ də davam etməkdədir. Bir xeyli bölgədə yanğın nəzarətə götürülsə da, digər ərazilərdə təhlükə davam edir. İnsanlar bir tərəfdən yanğınla mübarizə apararkən, digər tərəfdən də dünyanın diqqətini bu ekoloji fəlakətə yönəltməyə çalışırlar.
Sosial mediada yanğının səbəbləri müzakirə edilərkən, elə Türkiyə vətəndaşlarının özləri bu barədə nə düşünürlər? AYNA sosial şəbəkənin Türkiyə seqmentində kiçik müşahidə aparıb, insanların hadisəni necə dəyərləndirdiklərinə nəzər salıb. Beləliklə:
“Marmarisdə yanğınsöndürənlərə könüllü olaraq su daşıyan Şahin Akdəmir tüstüdən boğularaq vəfat etdi”. Bu başlıqla yüzlərlə paylaşım edilib. Şərhlərdə insanlar kədərlərini ifadə edir, Allahdan Şahinə rəhmət diləyirlər: “Sənin o böyük ürəyini bu türk milləti heç vaxt unutmayacaq!”.
Yanğın olan bölgələrdən paylaşılan videolara “Çox vahiməlidir, sanki kiçik cəhənnəmdir. Allah bizlərə yardım etsin!” rəyləri yazılır.
Digər tərəfdən mənzərənin qəzəbləndirdiyi insanlar var. Onlar Türkiyə hökumətinin yetəri qədər yanğınsöndürən helikopterə sahib olmadığını ifadə edərək tənqid edən rəylər yazmaqdadırlar: “Hirs içindəyəm. Bizlərdən toplanan vergiləri mənimsəyiblər, iki helikopetr ala bilməyiblər. Yanğınla mübarizə üçün ölkədə helikopter sayı yetərli deyil”.
Yanğını terrorçuların törətdiyini yazan, onları lənətləyənlərin də sayı az deyil: “İçimiz yanır. Lənətə gəlsin bu məmləkətə qıyanları, bu torpaqlara od salanları. Bu yanğını qəsdən törədənlər tapılmalı, hər kəsin gözü qarşısında yandırılmaldırlar”.
Ərazilərin qəsdən, hotellər salınması üçün yandırıldığını düşünənlər də yox deyil: “Yamyaşıl ərazilər qara torpağa çevrildi. Artıq hotel tikilməsi üçün necə də əlverişli yerlərdir”.
Bütün bu fikir ayrılıqları yaşanarkən “HelpTurkey” başlıqlı yazılar da birmənalı qarşılanmır. İnsanların bir qismi bu cür çağırışların Türkiyə dövlətinin gücünü şübhə altına qoyduğunu ifadə edərkən, digər qism də bu cür fəlakətlərdə digər ölkələrin diqqətini çəkməyi və onlardan yardım istəməyi qəbahətli addım hesab etmir. Bir tərəfdən “Bu, işğal çağırışıdır. Türkiyəni gücsüz göstərməkdir” rəyləri yazılarkən, digər tərəfdən də “Avstraliya da meşə yanğınları zamanı digər ölkələrdən yardım aldı. Fəlakətlər zamanı bu, çox normal haldır” şərhləri yazılmaqdadır.
Bütün bu müzakirələrə, fərqli fikirlərə baxmayaraq, məsələ yardımlaşmağa gələndə insanlar arasında birlik müşahidə olunur. Qruplarda, müxtəlif paylaşımların rəy bölməsində yanğından əziyyət çəkənlərin halına yananlar, yanğınsöndürənlərə dəstək üçün çalışıb-çabalayan yüzlərlə insan görmək mümkündür. Onların bir şüarı var: “Güc birlikdədir, biz bu fəaləktdən alnıaçıq, üzüağ çıxacağıq