Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Nə qədər müəllim mənəvi zərbə aldı” – MİQ-dən narazılıq dalğası


“Nə qədər müəllim mənəvi zərbə aldı” –     MİQ-dən narazılıq dalğası
İmtahan iştirakçısı: “Bunlar hansı səbəbdən edildi - heç kim başa düşmədi”
 
Şəlalə Nuruyeva: “Yeganə həll yolu vakansiyaların tam şəffaf şəkildə üzə çıxarılması və müəllimlərin maaşlarının artırılması olmalıdır ki, onların əlavə işə ehtiyacları qalmasın və digər işsiz müdavimlər də iş əldə edə bilsin”.
 
Müəllimlərin işə qəbulu (MİQ) imtahanları ilə bağlı günlərdir ki, şikayətlər səngimək bilmir. Baxmayaraq ki, təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindən MİQ imtahanı iştirakçılarına müraciət etmiş və müvafiq qərarlar qəbul ediləcəyini bildirmişdi, amma müəllimlərin narazılığı davam edir.
 
AYNA baş verənlərə və problemin kökünə imtahan iştirakçısı olmuş namizədin gözü ilə baxıb. Həmsöhbətimiz Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasından məzun, 3-cü dəfə MİQ imtahanının iştirakçısı Şəlalə Nuruyevadır.

- Şəlalə xanım, MİQ imtahanı ilə bağlı nəticəniz necə oldu?
 
- 49 bal toplamışam. 2 sualı da apellyasiyaya vermişəm, baxılma mərhələsindədir. Düzgün baxılsa, 51 bal olacaq.
 
- Nazirin açıqlmasından sonra nəticələrə bir də baxılacaq...
 
- Təkrar imtahan bizə aid deyil. Mən 22 iyulda imtahan vermişəm. 23 və 26-sı imtahan verənlər yenidən imtahan olunacaq. Onların nəticəsinə 1-2, maksimum 3 bal əlavə edilib. Razılaşmayanlar təkrar imtahana girəcəklər.
 
- Bəs niyə 22-si imtahanına da təkrar baxılmır?
 
- Çünki əvvəldən 23 və 26-sı imtahan verənlər bu tələblərdə daha fəal idilər. Qərar çıxandan sonra 22-si imtahan verənlər də fəallaşmağa başladılar, amma artıq gec idi. Onların fikrinə görə, 22 iyulda imtahanlar nisbətən asan olub. Amma fakt budur ki, səhər 9 seansında normal yüksək nəticə minimum, sualların vaxta uyğunluğu isə sıfıra bərabər idi.
 
- Sosial şəbəkədə gülüş hədəfinə çevrilən suallar yayılmışdı.  Nazirlikdən bununla bağlı açıqlama görməsəm də, nazirliyin sosial şəbəkədəki canlı yayımında deyilənə görə, elə sual olmayıb. Sadəcə sualların absurdluğunu önə çıxarmaq üçün müqayisə xarakterli olaraq belə sualların olduğu yazılır. Absurd suallar var idimi?
 
- Ümumiyyətlə, internet məkanı elədir ki, kütlənin marağına hesablanmış informasiyalar sürətlə yayılır. İmtahanda deyildiyi kimi Qanpoladın paltarının hansı materialdan olması, Niftalı koxanın əynindən hansı paltarı birinci çıxarması kimi suallar düşməmişdi. Kimsə zarafat xatirinə yazıb, amma ciddi başa düşülür və yayılır. Çox təəssüf ki, bəzi təhsil mütəxəssisləri də buna inanıb. Amma belə bir sual olub ki, Aldanmış Kəvakib əsərində özünü qoca it adlandıran kim olub? Bu sualı dəqiq deyə bilərəm. Amma həmin sual müəllimlərdə hansı təfəkkürü yoxlayır, başa düşmürəm.
 
Bəziləri elə bilir ki, biz müəllimlər çətin sual istəmirik. Xeyr, belə deyil. İmtahan çətin olmalıdır ki, güclünü zəifdən seçə bilsinlər. Amma səviyyə və vaxt söhbəti nəzərə alınmalı idi. O suallar dəqiqə yarımlıq düşüncə tələb etmirdi. Bəzi suallar var idi ki, 3, 4, 5, hətta 7-8 dəqiqə belə, düşünmək tələb edirdi. Elə sual var idi ki, toplam götürsək, üstündə 15 dəqiqəyə yaxın fikirləşmişəm, həmin suala dəfələrlə qayıtmışam.
 
- Sualların özünü belə, oxumaq üçün ortalama dəqiqə yarımdan artıq vaxt tələb edildiyini deyən namizədlər var. Nəzərə alanda ki, dəqiqə yarım sualı oxuyursan, sonra onun üzərində düşünüb cavab axtarırsan, belə vəziyyətdə (60 sual üçün 90 dəqiqə verilir) bu müddətdə bu qədər sualı çatdırmaq mümkündürmü?
 
- Hələ mətnlər də var. İstənilən bir mətni oxuyub bitirəndən sonra veriləcək sualdan asılı olmayaraq, nəticə çıxarmalısan. Nəticə çıxarmaq üçün isə ən azı 2 dəfə oxumalısan. Bu da 2-3 dəqiqədən çox vaxt aparır və ya elə suallar verilir ki, məsələn, uzun cümlələrin durğu işarələri haqqında, sintaktik təhlili haqqında və s. Bu da tələb edir ki, sən o cümləni kompüterdən vərəqə köçürəsən. Onu köçürmək, köçürəndən sonra təhlil etmək, işarələri bərpa etmək və s. xeyli vaxt tələb edir. Əvvəldən bunlar nəzərə alınmalı idi.
 
- Bunu test tərtib etdirən nazirlik bilmirmi?
 
- Əlbəttə, bilir. Bu suallar 1 il ərzində hazırlanır. 1 il ərzində kimsə demədi ki, bəlkə bir az vaxtı nəzərə alaq? Bəlkə də fikirləşiblər, bilmirəm, amma nəticə yenə belə oldu.
 
- Vakansiya yeri az olduğuna görə sualların çətin salındığı ehtimalını  deyənlər də var...
 
- Bu da ola bilər.
 
- Müəllimlər imtahana hazırlaşanda da əziyyət çəkirlər. Hər kursun öz materialları var. Nazirliyin verdiyi hansısa vahid vəsait varmı?

- Xeyr. Nə ixtisas, nə kurikulum üçün vahid kitab var. Azərbaycan dili fənnini “X” qaydalar kitabından, ədəbiyyat fənnini isə orta məktəb dərsliklərindən oxumuşdum. Amma konkret bir sual nümunəsi deyə bilərəm ki, o sualın cavabı orta məktəb dərsliyində yoxdur: Hüseyn Cavidin “İblis” əsərinin hansı vəzndə olması yoxdur, amma imtahanda sual variantlarının içində bu nümunə vardı. Dildən isə orta məktəb dərslikləri qətiyyən kifayət etmir. Mütləq hansısa qayda toplusu oxunmalıdır. Bunun üçün həmişə özümə yaxın olan “X” nəşrlərini seçmişəm
 
Kurikulumdan isə keçən il imtahana heç 1 ay qalmamış “A” nəzəriyyə kitabı çıxardı, məcbur olub oxuduq. Bu il isə təxmini 20 gün qalmış tədris mərkəzlərindən birinin test toplusu çıxdı ki, imtahana o testdən də suallar düşdü. Niyə? Səbəb nə idi? Heç kim başa düşmədi.
 
- 4 il bakalavr (bəzi hallarda 2 il də magistratura) təhsili almış məzunlar universitetdən öyrəndikləri biliklə bu imtahandan uğurlu nəticə yığa bilərmi? Yəni suallar bəlkə universitet təhsilinə əsaslanır, buna görə nazirlik bir vahid material hazırlamır?
 
- Uğur, əsasən ümumi nəticələrə baxır. Məsələn, bu imtahanda 48-49 bal uğur hesab olunursa, əvvəlki illərdə o qədər də uğurlu nəticə hesab olunmayıb. Çünki ümumi nəticə bunu göstərir. Elə məzun var ki, 30 ilin müəllimindən çox bal toplayır. Suallar orta məktəb dərsliyinə əsaslanır. Amma daha düşündürücü, məntiqli hazırlanır ki, bu da ən yüksək nəticəli məzunu belə, ən qocaman müəllimi belə, dolaşdıra bilər. Burda maksimum diqqət və zaman lazımdır. Bir də ki, 40 ixtisas sualı və 20 metodika sualı var. Ola bilər ki, orta yaşlı müəllim öz ixtisasını yüksək səviyyədə bilsin, amma müasir kurikulum sistemini əzbərləyə bilməsin və 47 bal yığsın. O zaman onu savadsız, uğursuz müəllim adlandırmaq doğru deyil. Amma gənc nəslin nümayəndələri kurrikulumu daha tez mənimsəyə bilirlər.
 
- Niyə bu il MİQ imtahanı ətrafında belə səs-küy yarandı?
 
- Bildiyiniz kimi, bu il 60 min nəfərdən çox adam müəllimliyə namizədliyini irəli sürdü. Say çoxluğunun səbəbi bu il işləyən müəllimlərin də MİQ imtahanında iştirak edib ixtisas seçməklərinə imkan yaradılmasıdır. Bu da bəzi işləməyən namizədlərdə narazılıq yaradır ki, biz hələ 1-ci iş yerini əldə edə bilməmişik, onlar artıq 2-ci iş yerini seçirlər. Amma bu, özü də bir problemin nəticəsidir. Müəllim özünə niyə 2-ci iş yeri seçsin? Ya yolu uzaqdır, şəraiti imkan vermir və yaxın ərazini seçmək istəyir, ya da əldə etdiyi maaşa qane olmur, tələbatlarını ödəyə bilmir. Belə olan halda biz həmin müəllimlərdən yox, bu problemə səbəbkar olanlardan danışmalıyıq. Bunun qarşısını almağın yeganə yolu vakansiyaların tam şəffaf şəkildə üzə çıxarılması və müəllimlərin maaşlarının artırılması olmalıdır ki, onların əlavə işə ehtiyacları qalmasın və digər işsiz müdavimlər də iş əldə edə bilsinlər.
 
Belə bir qayda var ki, əgər məktəbdən bir yaşlı müəllim çıxırsa, onun dərs saatı maaşı az olan digər müəllimlər arasında bölüşdürülə bilər. Olmazmı ki, o müəllimlərin maaşı elə səviyyədə olsun ki, onların həmin yaşlı müəllimin dərs saatına ehtiyacları olmasın? Yaşlı müəllimin yerini vakant yer kimi çıxarsınlar, heç işləməyən müəllim də gəlib orda işləyə bilsin. Demək ki, problemlər kökündən həll olunmalıdır.
 
- Nazirliyin canlı yayımını izləyirdim, orada çıxış edənlər müəllimlərin ucqar kəndlərdə olan vakansiyaları seçməməsinə diqqət çəkdilər. Əsaslandırırdılar ki, müəllimlik belədir, gərək bu peşəni seçəndə fədakarlığı da gözə alasan...
 
- Burada təkcə fədakarlıq kifayət etmir. Ucqar kəndi seçmək üçün həm də məsafə, xərc, tələbat, ailə şəraiti - hər şey nəzərə alınmalıdır. Elə müəllimlər var ki, onlar üçün məkan fərqi yoxdur, hər cür şərait imkan verir işləməyə. Elə müəllimlər də var ki, ailəlidirlər, övladları var və ucqar kəndə getmələri mümkün deyil. O qədər müəllimlər var ki, ucqar yerlərdə işləyirlər. Onların bu yolda problemi yoxdur, rahat şəkildə seçə biliblər. Amma bəzi müəllimlər də var ki, təki işi olsun, müəllim olsun deyə ucqar yerləri də seçir və sonradan yerlərini dəyişməyə məcbur olurlar. Buna da çoxlu şəxsi səbəblər göstərmək olar.
 
- Neçə gündür müəllimlərin işə qəbulu ilə bağlı yaşanan bu problem daha çox ictimailəşdi. Bəzən düşünürsən ki, bu olanlar illərdir müəllimliyə axın edənlərin sayına təsir göstərəcək. Artıq problem sanki daha qabarıq bəlli olur. Siz necə düşünürsünüz?
 
- MİQ imtahanlarında əvvəldən problemlər var idi. Amma bu səviyyədə bəlli olmamışdı. Düşünürəm ki, bunun səbəbi bu il namizədlərin daha çox olmasıdır, çünki rekord sayda müəllim qeydiyyatdan keçmişdi. Artıq bu dəfə problem o həddə çatdı ki, birbaşa nazir özü məsələyə sosial şəbəkədə statusla reaksiya verdi. Düşünmürəm ki, gələcəkdə müəllimliyə axın edən namizədlərin sayına təsir göstərsin. Baxmayaraq ki, nə qədər müəllimə mənəvi zərbə oldu, amma problemin gec də olsa müəllimlərin xeyrinə həll edilməsinə çalışmaq gələcək namizədlərdə də bir ümid ocağı yaratdı.
 
- Ümid edirik, bu problem öz həllini tapar. Sizə də uğurlar diləyirik!
 
- Çox sağ olun! Mən də özüm daxil olmaqla, vakansiya seçimində bütün müəllimlərə uğurlar arzu edirəm!





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10