Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

SSRİ-də mənzil hədiyyəsi – Stalin mühafizəçisinə, Xruşov və Brejnev yaxınlarına ev bağışlayıb


Yeni mənzilə sahib olmaq hər bir ailənin həyatında əlamətdar hadisələrdən biri sayılır. Bəzən ailələr bu əlamətdar hadisəni illərlə gözləməli olur. Bu gözləmələri qısaltmaq üçün bütün ölkələrdə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı xüsusi proqramlar qəbul olunur, dövlətin sosial siyasətində mənzil təminatı vacib məsələlərdən birinə çevrilir.
SSRİ-də də vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması vacib məsələlərdən biri sayılıb. Sovet hökumətinin ilk illərində ölkədə mənzil təminatı məsələsi acınacaqlı durumda olub. Yalnız 1930-cu illərdən başlayaraq SSRİ-nin böyük şəhərlərində tikinti işləri sürətləndirilib. İosif Stalin bu məsələyə xüsusi diqqət yetirib.
Stalinin hakimiyyəti illərində evlərin tikilməsi əsasən iki kateqoriyaya bölünüb. Birinci kateqoriyaya elit binalar daxil olub ki, həmin binalar bu gün də “stalinka” adlandırılır. Daşdan tikilməsi və mənzillərin hündürlüyü ilə fərqlənən bu binalar Mərkəzi Komitə və nazirliklərin işçiləri, elm və mədəniyyət xadimləri, statuslu kommunistlər üçün nəzərdə tutulub. Yəni, sıravi vətəndaşlar bu binalardan mənzil ala bilməyiblər. İkinci kateqoriyaya isə ümumi yaşayış binaları aid olub. Bu da “kommunalka” adı ilə məşhurlaşıb. “Kommunalka”larda hamam, tualet və mətbəxdən ümumi olaraq bir neçə mənzil istifadə edib.
1024px-Хрущевка_серии_I-464А_в_Южном_Бутово.png (792 KB)
Sovet-alman müharibəsi dövründə bütün tikintilər dayandırılıb, tikilmişlərin bir hissəsi isə müharibə nəticəsində tamamilə dağılıb. Xüsusilə Ukraynada, Belarusiyada, Rusiyanın mərkəzi hissəsində yaşayış binalarının dağıntısı və sıradan çıxması daha kütləvi şəkildə olub.
Müharibədən sonrakı bərpa dövründə SSRİ-də mənzil məsələsi ən böyük problemlərdən birinə çevrilib. Stalin bu problemə böyük güc sərf etsə də, mənzil təminatını məqbul vəziyyətə gətirə bilməyib.
Nikita Xruşovun hakimiyyəti illərində SSRİ-də tikinti işləri geniş vüsət alıb. Ölkənin bütün yaşayış məntəqələrində “xruşovka” adı ilə məşhurlaşan, mənzilləri kiçik kavdratmetrli, 4-5 mərtəbəli binalar tikilib. Bu binalar istifadəyə verildikcə “kommunalka”larda yaşayanların təxminən 60-70 faizi ümumi yaşayış problemindən xilas olublar.
zhilishnoe-stroitelstvo-v-sssr_poster.jpg (112 KB)
1956-1963-cü illərdə SSRİ ərazisində 1 milyon kvadratmetrdən artıq sahəsi olan mənzillər istifadəyə verilib. Stalinin hakimiyyəti dövrü ilə müqayisədə bu iki dəfədən artıq olub.
Sovet vətəndaşlarına daha çox mənzil sevinci bəxş edən isə Leonid Brejnev olub. Baş katibin 18 illik hakimiyyəti dövründə 268 milyon sovet vətəndaşından 164 milyonu yeni mənzillərə köçüb. Ən başlıcası isə Brejnev dövründə tikilən yaşayış binaları sahəsinə, rahatlığına görə “xruşovka”lardan qat-qat fərqlənib.
TASS_368774_d_850.jpg (155 KB)
SSRİ-də mənzil sahibi olanların 90-95 faizi mənzilləri növbəyə dayanaraq alıblar. Düzdür, bunun üçün bəzən illərlə gözləmək lazım gəlib. Amma əsas şərt odur ki, bu gözləməyin nəticəsi olub.
Digər 5-10 faiz mənzil sahibləri isə mükafat qaydasında mənzillə təmin olunublar. İstehsalatda fərqlənənlər, kosmonavtlar, tanınmış idmançılar, incəsənət xadimləri və s. növbədənkənar mənzillə təmin ediliblər.
Təxminən mənzil sahibi olanların 1 faizi isə xüsusi statusa malik olaraq mənzili birincilərdən hədiyyə kimi alıblar.
754903617090077 (1).jpg (147 KB)
Stalin kiməsə mənzil hədiyyə etməyi xoşlamasa da, onun ev bəxşişi ilə bağlı bir fakt üzə çıxıb. Müharibə illərində sovet liderinin mühafizə rəisi general Vlasik Tukov soyadlı mühafizəçinin işdən azad edilməsi ilə bağlı Stalinə məruzə edib. Bu məruzədən sonra onların arasında kiçik bir dialoq yaranıb. Stalin mühafizə rəisindən soruşub:
- Tukovu hansı səbəbdən xidmətdən azad edirsiniz?
- Yoldaş Stalin, Tukov növbədə yatmışdı və bu birinci dəfə deyil.
- Özü də yatdığını etiraf edirmi?
- Bəli.
- Bəs siz maraqlandınızmı niyə o, növbədə yatır. Axı mühafizəçilərə bir sutka istirahət verilir.
- Onun mənzi şəraiti çox ağırdır. Həyat yoldaşı və iki azyaşlı uşağı ilə bir otaqlı “kommunalka”da yaşayır. Yəqin ki, belə şəraitdə normal yuxu almaq çətin məsələdir.
- Siz onu geri qaytarın və mənim yanıma çağırın.
Bir həftədən sonra Stalinin göstərişi ilə Tukova şəhərin mərkəzində üçotaqlı mənzil verilib.
754678180971559.jpg (169 KB)
Xruşov mənzil hədiyyə etməkdə “səxavətli” olub, amma öz yaxınları, qohumları, kürəkəni və özü üçün. Moskvanın ən elit binalarında bir neçə mənzilə sahib olan baş katibə həmin mənzillərdə çox yaşamaq qismət olmayıb. Saray çevrilişindən sonra həmin mənzillər Xruşovdan alınıb.
1576521933_tass_35531rez_0.jpg (95 KB)
Leonid Brejnev isə “tikdiyi” evləri yaxınlarına və dostlarına səxavətlə paylayıb. Siyasi Büronun üzvlərinin, Mərkəzi Komitənin katiblərinin, demək olar ki, hamsının övladları Moskvanın mərkəzində növbədəmkənar evlə təmin olunublar. Hətta Brejnev ən “təmiz” kommunist kimi tanınan Suslovun oğluna və qızına da mənzil hədiyyə edib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10