Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dar gündə qardaşa dayaqdır qardaş - Odla savaşanlarımız 22 il öncə də getmişdilər, yenə gediblər


Azərbaycan yanğınsöndürənləri artıq Türkiyədədir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə iyulun 31-də qardaş ölkəyə çatıb.
22 il öncə də belə olmuşdu, Türkiyədə baş verən zəlzələ nəticəsində yaranan yanğınların söndürülməsinə ilk olaraq Azərbaycan yanğınsöndürənləri köməyə getmişdilər.
17 avqust 1999-cu ildə Türkiyədə baş vermiş dəhşətli zəlzələ haqqında məlumat Azərbaycana çatan kimi prezident Heydər Əliyevin göstərişi ilə təbii fəlakət nəticəsində qardaş ölkədə baş vermiş yanğınların söndürülməsi üçün Bakı yanğın qarnizonunun böyük və mürəkkəb yanğınlarda kifayət qədər təcrübə əldə etmiş əməkdaşları bu ölkəyə ezam olunub.
rezervuar 2 (1).jpg (176 KB)
1999-cu il avqustun 19-da İzmit şəhərində Körfəz rayonuna gələn azərbaycanlı yanğınsöndürənlər özlərini müəssisə rəhbərlərinə təqdim etdikdən sonra, yanğın yeri – İzmitdə yerləşən, Türkiyədə mövcud olan 4 neft bazasından ən böyüyü hesab olunan "TÜPRAŞ" (Türkiyə Petrol Refenelər Şirkəti) neft bazasında yanğınla mübarizəyə başlayıblar.
Yanğın zəlzələ nəticəsində gecə baş verib, hündürlüyü 95 metr olan tüstü bacası uçub və texnoloji avadanlığı dağıdaraq yanğın törədib. Bu yanğınların söndürülməsində avqustun 18-də köməyə gələn qonşu Bolqarıstan və Almaniya yanğınsöndürənləri də iştirak ediblər. Dörd günlük gərgin mübarizədən sonra yanğını avqustun 22-də tam ləğv etmək mümkün olub.
Yanğın söndürüldükdən sonra şəxsən Türkiyənin prezidenti Süleyman Dəmirəl, həmçinin "TÜPRAŞ" idarə heyətinin rəhbərliyi Azərbaycandan gəlmiş yanğınsöndürənlərin əməyini yüksək qiymətləndiriblər, igidlik və rəşadət göstərdiklərinə görə onlara öz təşəkkürlərini bildiriblər.
14345135065547723534_1000x669.jpg (83 KB)
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl Azərbaycan yanğınsöndürənlərinin əməyi haqda dəyərli fikirlər söyləyib:
“Hörmətli cümhurbaşqanı Heydər Əliyev həmin anlardan bizə yardım göstərdi – maddi yardım, çox dəyərli şeylər göndərdi və neftayırma zavodunu söndürmək üçün buraya yanğınsöndürən dəstəsi göndərdi. Azərbaycan bu sahədə çox təcrübəlidir. Neftayırma zavodunun söndürülməsində bu dəstə çox böyük xidmətlər göstərdi. Zavodda yanğının baş verməsi zəlzələnin törətdiyi itkilər içərisində ən böyük faciələrdən biri idi. Əgər biz oranı söndürə bilməsəydik itkimiz çox-çox böyük olacaqdı.Yanğın davam edərkən, buraya üç dəfə gəldim. Çünki sakinlər qorxu içərisində idi, əhaliyə müəyyən məlumatlar vermək lazım idi. Azərbaycandan gələn qardaşlarımız həmin yanğınların söndürülməsində, xilasetmə işlərində böyük xidmətlər göstərdilər...”
O cümlədən Heydər Əliyev də dəfələrlə mötəbər məclislərdə yanğınsöndürənlərimizin Türkiyədə göstərdikləri qəhrəmanlıqlara yüksək qiymət verib:
“Biz yardımlarımızı etdik, nə mümkündür Türkiyəyə göndərdik və ən önəmlisi də odur ki, İzmit neftayırma zavodunda yanğının söndürülməsində Azərbaycan yanğınsöndürənləri çox fəal iştirak etdilər və böyük xidmətlər göstərdilər. Mən mənmunam ki, Türkiyənin bu ağır, çətin günündə Azərbaycanın Türkiyə ilə bir yerdə olması Türkiyə hökuməti, dövləti tərəfindən yüksək qiymətləndirilibdir...”
Безымянный-1 (2).jpg (167 KB)
Həmin dövrdə Türkiyənin Azərbaycandakı səfiri Kadri Ecvet Tezcanın Azərbaycan yanğınsöndürənlərinin əməyinə verdiyi qiyməti isə türk xalqının və Türkiyə ictimaiyyətinin rəyi kimi də qiymətləndirmək olar:
“... Biz bu ağır itgiləri, ağır faciəni bərabər keçirdik və bərabər keçiririk. Təbiidir ki, qardaş türk xalqına, Türkiyəyə yardım etmək üçün Azərbaycan dövləti əlindən gələni etdi və Türkiyəyə yardıma gedənlərin ön sırasında oldu. Xüsusən, Azərbaycan yanğınsöndürənləri İzmit şəhərində bir neçə gün yanan nəhəng neft emalı zavodunun yanğından xilas olmasında böyük xidmətlər göstərdilər. Mən azərbaycanlıların yardım və köməyini yüksək qiymətləndirirəm. Ancaq yanğınsöndürənlərin əməyini xüsusi qeyd etmək istəyirəm. Azərbaycandan gəlmiş yanğınsöndürənlər haqda bütün türk vətəndaşları yalnız xoş sözlər deyə bilər...”
7a7e6208-549e-309b-816d-bd33c61e4222_850.jpg (125 KB)
1999-cu ilin avqustunda qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində əmələ gəlmiş yanğının söndürülməsində Azərbaycan yanğınsöndürənlərinin iştirakı, yüksək fədakarlıq və peşəkarlıq nümayiş etdirmələri Azərbaycanın yanğın təhlükəsizliyi xidməti tarixinin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, həm də Türkiyə-Azərbaycan qardaşlığının, həmrəyliyinin ən parlaq nümunələrindən biridir.
Türkiyənin bu acılı günlərində Azrəbaycan yenə də qardaş ölkənin yanındadır, Azərbaycan yanğınsöndürənləri isə yanğın cəbhəsində bu dəfə də fədakarlıq və peşəkarlıq nümayiş etdirəcək





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10