Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sığınacaq istəyən azərbaycanlı blogerin Tbilisidə meyiti tapılıb



Gürcüstan hökumətinə siyasi sığınacaq üçün müraciət edən Azərbaycan vətəndaşı Hüseyn Bakıxanovun Tbilisidə ölməsi xəbəri yayılıb.
Rəsmi məlumata görə o özünü Tbilisidəki otellərin birindən atıb. Faktla bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.
Otelin vəkili AzadlıqRadiosunun Gürcü xidmətinə deyib ki, hadisə otelin iki əməkdaşının gözü qarşısında baş verib.
Almaniyada yaşayan və əslən Azərbaycandan olan araşdırmaçı-jurnalist Əfqan Muxtarlı deyir ki, hadisə iyulun 14-də baş versə də, ictimai fəallar sosial mediada paylaşımlar edəndən sonra, hüquq-mühafizə orqanlarından reaksiya gəlib, buna qədər isə hadisə haqda ictimaiyyətə məlumat verilməyib:
“Onun müəmməlı şəkildə ölümü, bu ölümün iki həftə gizlədilməsi, otel rəhbərliyinin açıqlamaları bizdə çox ciddi şübhələrə yol açıb. Bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Siyasi mühacir statusundan ötrü Gürcüstan hökumətinə müraciət etmiş bir şəxs ölüb. Bu adam ölümündən iki gün öncə döyülüb. Bu ölüm faktı ilə bağlı Gürcüstan heç bir məlumat verməyib, əksinə məlumatı gizlədib”.
Hüseyn Bakıxanov özünün Youtube səhifəsində, iyulun 12-də yaydığı videoda yenicə tanış olduğu, 5 nəfər azərbaycanlı tərəfindən döyüldüyünü iddia edib və gürcü polisindən bu məsələnin araşdırılmasını istəyib. Əfqan Muxtarlı iddia edir ki, Gürcüstan polisi nə Bakıxanovun döyülməsini, nə də ölümü faktını araşdırmaqda maraqlı olub.
Əfqan Muxtarlı özü də bir müddət Gürcüstanda yaşayıb. O deyir ki, 2017-ci ildə müəmmalı şəkildə paytaxt Tbilisidən oğurlanaraq Azərbaycana gətirilib və həbs olunmuşdu. Azərbaycan hakimiyyəti isə bildirirdi ki, o sərhədi qanunsuz keçib.
Hüseyn Bakıxanovun ölüm hadisəsinin istintaqı və səslənən iddialarla bağlı suallara cavab almaq üçün Gürcüstanın Daxili İşlər Nazirliyi ilə əlaqə saxlasaq da, nazirlikdən AzadlıqRadiosuna bildiriblər ki, suallar yalnız yazılı cavablandırıla bilər. Amma günün sonunacan suallara cavab gəlməyib





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10