Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Fəryad 2” üçün 15 manata aktyor axtarılır? - “Azərbaycanfilm”in direktorundan açıqlama...


           “Fəryad 2” üçün 15 manata aktyor axtarılır? - “Azərbaycanfilm”in direktorundan açıqlama...

Məşhur "Fəryad" filminin ikinci hissəsi çəkilir. Ekran işində çəkilmək üçün kişi aktyorlar axtarılır. Bu haqda kastinq şirkəti elan yayıb. Sosial şəbəkədə paylaşılan elan isə hər kəsi təəccübləndirib. Buna səbəb isə ekran işində rol alacaq şəxslərə veriləcək 15 manat qonorar olub. Aktyorlara veriləcək qonorar sosial şəbəkələrdə ciddi reaksiya doğurub.
 
Moderator.az-a açıqlama verən “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov məsələyə aydınlıq gətirib.



“Hal-hazırda “Azərbaycanfilm” kinostudiyasında rejissor Vaqif Mustafayevin “Həyat, deyəsən gözəldir” (Fəryad 2) tammetrajlı bədii filmi istehsal edilir. Filmin kütləvi səhnələrində çəkilmək üçün 1000 nəfərə yaxın kişi və qadınların çəkilişlərə cəlb edilməsi planlaşdırılır. Məlumat üçün qeyd edək ki, kütləvi və epizodik səhnələrdə çəkilən əlavə şəxslər peşəkar aktyor, aktrisa hesab olunmur. Bu şəxslərin gündəlik iş saatları isə müxtəlifdir, səhnə quruluşuna əsasən 1 saatdan 8 saata qədər ola bilər. “Azərbaycanfilm” kinostudiyasında isə filmin istehsal büdcəsinə uyğun olaraq kütləvi səhnələrdə çəkiləcək hər bir adam üçün ödəniş, vergilər daxil edilməklə 35 manat, vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra 20.65 manat təşkil edir. Bu ödənişlər çəkilişdə iştirak edən şəxslərə ödənilir. Əlavə olaraq qeyd edək ki, filmdə çəkiləcək kütləvi səhnələrdə iştirak edəcək şəxslərin seçimində müxtəlif kast menecerləri ilə (və ya ”massovşiklərlə”) işləyirik. Kütləvi səhnələrdə çəkilənlərin  sözügedən kast menecerlərə verdikləri xidmət komissiyasına və komissiya məbləğinin miqdarına görə “Azərbaycanfilm” kinostudiyası hər hansı bir öhdəlik daşımır. Bütün məsuliyyət aralarında olan razılaşmaya əsasən kast menecerlərin və kütləvi səhnələrdə çəkilənlərin üzərinə düşür” deyə direktor bildirib.
 
Fariz Əhmədov sonda filmin çəkilişlərinə hazırlıq prossesində olduğunu, ekran işini noyabr ayına kimi çatdırmaq istədiklərini və bu haqda daha sonra ətraflı məlumatın veriləcəyini bildirib.
 
Qeyd edək ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunur.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10