Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yaxşı ki, yol insan deyil


Kanalizasiya çəkənlər təzə asfaltladığı yolları bir neçə yerdən dağıtdılar

Yaxşı ki, yol insan deyil


Su-kanalizasiya xətti çoxlarının baş bəlasına çevrilib. Milyonlarla manatın sərf edildiyi bir yana 4-5 ildir ki, minlərlə insan bu “abadlıq və quruculuq” işlərinin ağrılarını çəkir. Masallıda su-kanalizasiya işləri aparılarkən çox istədiklərindən Ərkivan qəsəbəsinin şimal hissəsini – Abbaslı məhəlləsindən Cəbiliyədək yerləşən əraziləri də bu quruculuq işlərinə qatdılar. Yerli sakinlərin, xeyriyyəçilərin min əziyyətlə abadlaşdırdığı, asfaltlaşdırdığı yolları bir neçə gün ərzində qazıb dağıtdılar ki, sizə su xətti və kanalizasiya xətti çəkirik. 3 ildən artıq insanlar tozun-torpağın, çala-çuxurun içində eşələndi.

Rayon rəhbərliyindən tutmuş ayrı-ayrı əhali qruplarınadək yuxarılara yüzlərlə şikayət getdi. Nəhayət AzərSu bu ilin yayında dağıtdığı yolları ala-babat da olsa asfaltladı-bəzi yerdə enindən, bəzi yerdə qalınlığından kəsməklə guya abadlıq apardı. Dedilər buna da şükür.

İndi isə 3 gündür ki, Ərkivan qəsəbəsi də daxil həmin asfalt yolları hər 5-10 metrdən qazıb, pis günə qoyublar. Deyən yoxdur ki, iş qurtarmamışdı asfaltı niyə vururdunuz? Yaxud asfaltı qazıb dağıtmışınız, niyə təmir işi aparıb yenidən abadlaşdırmırsınız? Onlarla maşın çalalara düşüb zədələnir, yaxud ortadan qazılmış yolu maşınla heç keçmək olmur.

Heç nədən on min manatlarla pul xərclənir, minlərlə insan narahatçılıq keçirir. Bu hansı“kəllə mühəndisdir” ki, on dəfə qazsa da çəkdiyi kanalizasiyanın səmtini tapa bilmir.

Hələ onu demirik ki, su anbarı illərlə təmizlənmədiyi üçün yeni çəkilmiş su xəttindən istifadə əksər yerlərdə mümkünsüz olub. Kef isə milyonlarla pul bahasına başa gəlmiş kanalizasiya xətti “yaradıcılığa” başlayandadır. Bütün bunların cavabını kimdən soruşasan, o isə bilinmir.

cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10