Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ah… necə kef çəkməli əyyam idi…



Vaxtilə Olimpiya medalçılarını fantastik məbləğlərlə mükafatlandıran, təmtəraqlı idman yarışlarına milyardlarla pul xərcləyən Azərbaycan indi Olimpiya Oyunlarını sükutla yola verir...

İyulun 23-də koronavirus pandemiyası səbəbindən təxirə salınmış Tokio-2020 Yay Olimpiya və Paralimpiya oyunları start götürüb. Hazırda yarışlar fövqəladə vəziyyət şəraitində davam etdirilir, qapalı məkanlara tamaşaçılar buraxılmır. Azərbaycan bu yarışlarda əvvəlki Olimpiya oyunları ilə müqayisədə daha az heyətlə iştirak edir. Ölkədə əvvəlki Olimpiya əhval-ruhiyyəsi də hiss olunmur. Çünki siyasi rəhbərliyi öz ənənəsinə zidd olaraq bu yarışlara xüsusi həvəs və diqqət göstərməyib, qalib olacaq idmançılara pul mükafatları da vəd edilməyib.
Azərbaycan milli komandasının Tokioda olan missiya şefi, Gənclər və İdman Nazirliyinin idman müdiri Fərid Mansurov bildirib ki, Olimpiya yığmamız yarışlara 13 idman növü üzrə 44 idmançı ilə qatılıb. Onların bir neçəsi milliləşdirilmiş legionerlərdir və yarışların ilk günlərində olduqca aşağı nəticələrlə ciddi tənqid hədəfinə çevriliblər. Məsələn, stend atıclığında Elçin Cəfərov 30 nəfər arasında 26-cı, penvmatik tapançadan 10 metr məsafəyə atəş açmada Ruslan Lunyov 36 idmançı arasında 20-ci, 400 metr məsafəyə üzmə yarışlarında Maksim Şemberev isə 29 idmançı arasında 26-cı ola bilib. Cüdoçumuz Rüstəm Orucova bəslənən ümidlər də özünü doğrultmayıb, o, bürünc medal uğrunda görüşü uduzaq yarışı medalsız tərk edib. 
Xatırladaq ki, Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə təsis edilib və 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinə üzv olub. Bundan sonra ölkəmiz 6 yay Olimpiya Oyunlarında iştirak edib. Bu Olimpiadalarda qazanılan 44 medal 7 idman növündə əldə edilib. 
Beləliklə, 2008-ci ildə Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların növünə görə isə 39-cu yeri tutub.
2012-ci ildə London Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 10 medal (2 qızıl, 2 gümüş və 6 bürünc) qazanaraq yarışları medalçılar siyahısında 30-cu pillədə başa vurub.
Rio-2016 Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 3 gümüş və 6 bürünc olmaqla, ümumilikdə 9 medal əldə ediblər.
Tokio-2020 Yay Olimpiya Oyunlarını nəzərə almasaq, Azərbaycan indiyədək bu nəhəng beynəlxalq idman müsabiqəsinə ən böyük diqqət göstərən ölkələrdən biridir. Yarışlarda əldə edilən uğurlar siyasi hakimiyyətin təbliğat kampaniyalarında gen-bol istifadə olunub. Medal qazanan idmançılar prezident tərəfindən qəbul edilib, onlar döş nişanları, fəxri adlarla təltif olunub və iri məbləğdə pul mükafatları alıblar. 
Məsələn, prezident İlham Əliyevin 2012-ci il Yay Olimpiya Oyunları ərəfəsində mükafatlandırma ilə bağlı sərəncamına görə: 
– Qızıl medala görə hər bir idmançı 400 min manat, məşqçi 200 min manat;
– İkinci yer üçün idmançılara 200 min manat, məşqçilərə 100 min manat;
– Üçüncü yerə görə idmançılara 100 min manat, məşqçilərə isə 50 min manat mükafat verilib.
Bundan başqa, Milli Olimpiya Komitəsi də ayrıca mükafatlar müəyyən edib. Belə ki, 1-ci, 2-ci və 3-cü yerlərə görə idmançılara müvafiq olaraq 200 min, 100 min və 50 min manat ayrılıb, məşqçilərə isə müvafiq olaraq 100 min, 50 min və 25 min manat ödənilib. Beləliklə, Olimpiya çempionlarının hər biri 600 min manat mükafat əldə ediblər.
Bundan başqa, bəzi böyük şirkətlər də Olimpiya çempionu olan idmançılara Bakıda mənzil və avtomobillər verib. 
Azərbaycan 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçrilmiş Qış Olimpiya Oyunlarında idmançılara vəd olunan pul mükafatları ilə də diqqəti cəlb etmişdi. Belə ki, Olimpiya çempionu olacaq idmançı 510 min dollar, gümüş medalçıya 255 min dollar, bürünc medalçıya isə 130 min dollar vəd edilmişdi. (Bu yarışlarda Azərbaycan idmançıları yer tuta bilməyib.) 


2016-cı il Yay Olimpiya Oyunlarında idmançılarına ən çox pul mükafatı müəyyənləşdirən keçmiş sovet ölkəsi də məhz Azərbaycan idi.  
Qeyd edək ki, 2007-ci ildən etibarən Azərbaycana daxil olan neft pullarının əhəmiyyətli hissəsi idman infrastrukturuna yatırılıb. Ölkədə 50-dən artıq Olimpiya idman kompleksləri, sağlamlıq mərkəzləri, stadionlar və sair qurğular tikilərək istifadəyə verilib. Hazırda ölkənin əksər bölgələrində belə tikililər var. Sonuncusu bu il iyulun 22-də prezident İlham Əliyevin qatıldığı açılış mərasimindən sonra Goranboy rayonunda istifadəyə verilib. Hazırda sözügedən Olimpiya kompekslərinin əksəriyyəti bağlıdır, hətta uzun müddətdir cari təmir işləri aparılmadığından, yararsız vəziyyətə düşüb. Buna səbəb idman qurğularının öz xərclərini ödəyə bilməməsi, büdcəsən bu istiqamətdə ayrılan vəsaitin kəskin azaldılmasıdır. Bu mərkəzlərdə çalışan əməkdaşların əksəriyyəti ixtisar edilib. Yalnız bir neçə rayonda Olimpiya idman mərkəzlərinin bəzi sahələri (üzgüçülük hovuzları və s.) pullu istifadə olunur.    
2015-ci il 12-28 iyun tarixlərində Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş I Avropa Oyunları ölkəyə astronomik miqdarda xərc hesabına başa gəlmişdi. Əsas vəsait beynəlxalq standartlara cavab verən idman qurğularının tikintisinə və ölkəyə gələn 7 mindən artıq idmançının yerləşdirilməsi, yol xərcləri, mükafatlarının ödənilməsinə çəkilib. Ümumilikdə ölkə büdcəsindən oyunlar üçün təxminən 8 milyard manat pul xərclənib. Təkcə Bakı Olimpiya Stadionunun inşasına 640 milyon manat, Avropa Oyunları Parkının tikintisi üçün 150 milyon manat, Bakı Su İdman Sarayının layihələndirilməsi və tikintisi üçün 190 milyon manat, Gimnastika kompleksinin tikintisinə isə təxminən 80 milyon manat vəsait sərf olunub. Şübhə doğurmur ki, ayrılan pulların heç də az olmayan qismi oğurlanıb və “yeyilib.”
Bundan başqa, Birinci Avropa Oyunlarında qızıl medal qazanan idmançılar Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə 150 min manat mükafat alıblar. Onların məşqçilərinə isə 75 min mükafat verilib. Gümüş medalçılara 80 min manat, onların məşqçilərinə 40 min manat verilib. Bürünc medalçılar 50 min manat, onların məşqçiləri isə 25 min manat qazanıb.
I Avropa Oyunlarından bir neçə ay sonra – 2015-ci ilin dekabrında Azərbaycan milli valyutası 2-ci dəfə devalvasiyaya uğrayaraq dəyər itirib. Bəzi ekspertlər bunun səbəblərindən biri kimi Avropa Oyunlarına görə ölkədən böyük miqdrada valyuta çıxışını qeyd etmişdilər. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10