Bu xəstəxananın adını daşıdığı, Masallının ilk tibb elmləri doktorlarından biri olan, ərkivanlı Əvəz Cəbiyevin adı möhüründə olsa da, niyə giriş lövhəsində yoxdur?
Köhnə xəstəxananın taleyi necə olacaq ?
Masallıda xəstəxana məsələsi bir sıra qəribəliklərlə zəngindir. Belə ki, sovet dövründə Cənub bölgəsində ən adlı-sanlı xəstəxanalardan biri Masallıda idi.
Son illər isə cənub bölgəsində, Masallının sağında-solunda, yəni həm Cəlilabadda, həm Lənkəranda Diaqnostika Mərkəzləri tikilsə də, Mərkəzi Xəstəxana binaları təmir olunsa da Masallıda Regional Göz xəstəlikləri üçün bir neçə otağın əsaslı təmiri istisna olunmaqla xəstəxana adına heç nə inşa olunmamışdı.
Hətta Yardımlı və Lerikdə xəstəxanalar əsaslı təmir edilsə də belə layihələr Masallıdan yan keçmişdi.
Masallıda 5 il öncə rəhbər dəyişikliyindən sonra bu sahəyə diqqət nəzərəçarpacaq dərəcədə artdı. Belə ki, İndi Boradigah qəsəbəsində və Kalinovka kəndində xəstəxanalar olduqca müasir səviyyədə təmir olunub və son model avadanlıqlarla təmin edilib.
Bundan əlavə onlarla kənddə həkim məntəqələri inşa olunub. Düzdür bunların bəziləri fantastik qiymətə başa gəlib, bəzilərində heç həkim çatışmır, dərmanın-filanın heç adını tutmalı deyil. Əsas odur ki, bina var.
Bəs Masallı Rayon Mərkəzi Xəstəxanası?
3 il öncə bu xəstəxananın da əsaslı təmirinə başlanıldı. Arada bir qədər fasilə olsa da, ötən ilin ortalarında xəstəxananın təmiri tam sürətlə davam etdirildi, ilin sonunda isə istifadəyə tam hazır idi.
Müəyyən səbəblərdən açılış baş tutmadı. Masallının dializ xəstələri və digər xəstələr yenə qonşu rayonlara üz tutdu. Müasir avadanlıqları, həyət-bacadakı yaşıllıqları qorumaq az qala problemə çevrildi.
Lakin açılışı etməli olan hörmətli qonaq gəlmədi.
Nəhayət, bir neçə gün öncə Respublikanın Səhiyyə Naziri Oqtay Şirəliyev Masallıda göründü və əsaslı təmirdən sonra xəstəxananın lentini kəsdi.
Ən qəribəsi isə odur ki, köhnə xəstəxana hələ də yeni binaya köçmür. Xəstələr və həkimlər yenə də olduqca əziyyət çəkir. Xəstəxananın Baş həkimi Cəlil müəllim deyir ki, ən azı 15-20 gün də gözləməli olacağıq.
Niyə?Aydın bilinmir.
Qəribə məqamlardan biri də odur ki, əvvəllər ərkivanlı, rayonun ilk tibb elmləri doktorlarından biri olan Əvəz Cəbiyevin adını daşıyan bu xəstəxana təmirdən sonra bu addan imtina edib. Ən təəccüblüsü isə odur ki, baş həkimin möhüründə “Əvəz Cəbiyev adına Masallı Rayon Mərkəzi Xəstəxanası” yazılsa da, reallıqda bu ad silinib. Baş həkim bu məqama da tam aydınlıq gətirə bilmədi.
Bəs köhnə xəstəxananın binası, həyəti hansı məqsədlə istifadə olunacaq?
Baş həkimin bildirdiyinə görə, çalışırlar ki, bu bina Regional Diabet Mərkəzi olsun. Yada düşəndə ki, diabet xəstələri aylarla güzəştli iynələri və dərmanları ala bilmir, o vaxt Regional Mərkəzin necə səmərəli işləyəcəyi təsəvvür olunandır.
Hörmətli Cəlil müəllimi də qınamaq düzgün deyil - restoran şəbəkəsinə və çəltik-buğda əkininə başı o qədər qarışıb ki, indi səhiyyə-filana vaxt ayırmağa heç imkanı yoxdur(hələ özgə işləri demirik). Bunlar isə daha geniş yazıların mövzusudur.
Zahir