30 ildir xalqımızın və dövlətimizin qarşısında ən böyük problem Qarabağ problemi idi.
Hər gün ermənilərin şəhərlərimizi, kəndlərimizi atəşə tutması, əsgərlərimizin şəhid olması, mülkü əhalimizin atəş altında olması cəmiyyəti basqı altında saxlayırdı.
Cəmiyyətin bu dəhşətli problemi tezliklə, hətta 44 günə həll edəcəyini çoxlarımız düşünə bilməzdik.
Şükür Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində bu ağır problem həll olundu. Və cəmiyyətimiz rahat nəfəs almağa başladı.
Ancaq təəssüf ki, son vaxtlar cəmiyyətimiz daha ağır bir problemlə üz-üzə qalıb.
Hər gün, bəzən gündə bir neçə dəfə oxuyuruq, eşidirik:
Astarada külli miqdarda narkotik aşkarlandı...
Polis Masallıda əməliyyat keçirdi: narkotacirlər saxlanıldı.
Cəlilabadda həyətində nakotik tərkibli bitki becərən şəxs həbs edildi
Lerikdə narkotik alveri ilə məşğul olan şəxs saxlanıldı..
Polis əməkdaşları genişmiqyaslı əməliyyatlar keçirib və “patı”, “şüşə” satan şəxslər həbs olunub...
İnanın, bu problem də cəmiyyətimiz üçün çox təhlükəli və ağır bir məsələdir.
Pul hərisləri olan kimlərsə gənclərimizi bilərəkdən məhv edir. Bu işdə xarici, düşmən qüvvələrin də əli var. Buna şübhə olmasın.
Ancaq yenə Azərbaycan dövləti öz sözünü deyəcək. Çünki genefondumuz, gələcəyimiz məhv edilir.
Nə yaxşı ki, bu bəla ilə mübarizədə Daxili İşlər Nazirliyi, şəxsən cənab nazir Vilayət Eyvazov bütün gücü ilə çalışır.
Bizim hər birimiz, elliklə mübarizəyə qoşulmalı, bu dəhşətli bəladan gənclərimizi xilas etməliyik.
Yəni bu bəla məhəlli, lokal məsələ deyil, bütün ölkə ərazisində, böyük şəhərlərdə, hətta ən ucqar kəndlərdə baş verir.
Biz yazının başlığında əbəs yerə Cənub zonasını qabartmadıq.
Hələ ötən əsrin 90-cı illərindən, sovetlər dağılanda, sərhədlərə nəzarət zəifləyəndə bu proses başlayıb və indi pik həddinə çatıb.
Cənub zonasındakı rayonlarımızın İranla həmsərhəd olması da bu problemi gücləndirib.
Bəli, bu gün Cənub rayonlarımızda narkotik məsələsi dəhşətli həddə çatıb.
Son vaxtlar Daxili İşlər Nazirliyi əməkdaşlarının bu zonada həyata keçirdiyi əməliyyatlar təqdirəlayiqdir.
Ancaq təkcə DİN-lə bu məsələ həll olunmur.
Bu məsələdə rayon rəhbərliyi, prokurorluq orqanları, bələdiyyələr, məktəb rəhbərləri, rayonun ağsaqqaları fəal olmalıdırlar. Yoxsa, bu ağır problemin öhdəsindən gələ bilmərik.
Görəsən, müxtəlif nazirlik və komitələrin rayon şöbələri niyə fəallıq göstərmir ?
Ancaq unutmayaq ki, qarşı tərəf tez təslim olan deyil. Söhbət milyonlar qazanan narkotacirlərdən gedir.
Cənub zonasının adını əbəs yerə çəkmədik.
Bu gün Cənubdakı narkobaronlar elə gizli ad altında fəaliyyət göstərirlər ki, yəqin ki, onların gördükləri iş çoxlarının ağlına gələ bilməz. Hətta dərman bazasının rəhbəri adı altında, taxta-şalban biznesi adı altında fəaliyyət göstərən ilqarlar, ilşadlar bilməlidilər ki, yuxarıdan komanda veriləndə aşağıdakılar icra edəcəklər. Nə qədər ki, gec deyil narkotiklərlə dolu olan zənbillərinizi Araz çayına tullayın. Heyfiniz gəlməsin. Yoxsa ömrünüzün 20 ilini dəmir barmaqlıqlar arasında keçirəcəksiniz.
Cənub zonasında at oynadan narkotacirlər var. Onlar da gizli adlarla övladlarımızı zəhərləyirlər.
Görəsən, müvafiq orqanların, “Depo İlqar”dan, yaxud “ Şalban İlşad”dan xəbəri yoxdur ?
Bir daha təkrar edirik ki, hər birimiz bu məsələdə fəal olmalı, bildiyimiz informasiyanı dövlət qurumları ilə bölüşməli, inşaAllah bu bəlanı da erməni bəlası kimi məhv etməliyik.
P.S Bu mübarizədə "Gündəlik Bakı qəzetinin araşdırma qrupu" olaraq cənab Prezidentdən dəstək istəyirik.
teref.az