Doğrudanmı, Tariyel müəllimin adı Təhsil Nazirliyinin “qara” siyahısındadır?
Son günlər Təhsil Şöbələrinin birləşməsi ilə bağlı xəbər yenidən gündəmə gəlib. Belə ki, təhsil şöbələrinin hesablaşma mərkəzləri regionlaşsa da, təhsil şöbələrinin rəhbər heyəti, necə deyərlər, rayonlaşma həddində qalmışdı.
Son vaxtlar ardıcıl gələn məlumatlara görə, 2018-ci ilin yanvar ayından Təhsil Şöbələrinin “üst qatı”da biləşəcək.
Bu xəbərin reallaşacağını çoxları səbirsizliklə və narahatlıqla gözləyir.
Hazırda rayon Təhsil Şöbələrinin işçiləri kollektiv şəkildə Təhsil Nazirliyinə çağırılır, birləşmiş Təhsil Şöbələrinə nəzərdə tutulan RƏHBƏRLƏR barədə sorğu-sual aparılır. (Bu barədə bəzi məqamlara yaxın vaxtlarda daha detallı aydınlıq gətirməyə çalışacağıq).
Masallı Təhsil Şöbəsi haqqında isə xoş olmayan söhbətlər dolaşır.
Məlum olduğu kimi, ötən il saxta və doğru müqavilələrlə işləyən bir çox müəllimlərə total hücum oldu, əksər müəllimlər oyuna “mərkəzdən” başladı və bu əməliyyat elə də ucuz başa gəlmədi.
Bu il 65 yaş, diaqnostik bal və sair əngəllər əsas çörək yerinə çevrilib. Babalı deyilənlərin boynuna, bu işin dədə-baba qaydası ilə həlli 1000 manatdan aşağı deyil.
Hələ 17 il öncə “Gəncə filialı” adlı oyuncaq məktəbdə 300-ə yaxın saxta müəllim yetişdirib, hələ də onun acısını unutmayan Masallının “təhsil fədailəri” belə işlərdə böyük təcrübəyə malikdirlər.
Masallının bu günkü təhsilinin biabırçılıqlarından yazmağa isə qədim zamanlarda deyilmişkən “Gərək meşələr qələm, dəryalar mürəkkəb ola.”
Dərs ilinin başlanmasından ay yarım keçsə də hələ də “tarfikasiya” deyilən əməliyyat bəzi məktəblərdə başa çatmayıb.
Direktorlar nəinki hər gün, az qala bir gündə bir neçə dəfə təhsil şöbəsinə çağırılır.
2-ci mərtəbə ilə 3-cü mərtəbə arasındakı “qanlı sərhəd”di keçmək hər direktora nəsib olmur.
Biri deyir əsas mənəm, o kimdir. O biri deyir... Hər işçinin öz “tası” var-məktəbin böyük-kiçikliyindən asılı olaraq. “Xadimə biznesi”, “laboratoriya biznesi”, “abunə biznesi” və sair bizneslər elə işləyir, heç hərbidə elə qanun işləmir.
Məktəblərdə tədbir adına heç nə yoxdur. Hərə öz yubileyini keçirmək hayındadır - tarixi şəxsiyyətlərin yubileylərinin adını tutan yoxdur.
İndi bu birləşmədən sonra Hesablaşma Mərkəzlərinin birləşmiş təhsil şöbələrinə hansı səviyyədə tabe olacağı olduqca maraqla gözlənilir.
Masallı-Yardımlı və Cəlilabad rayonlarını əhatə edəcək və Masallıda yerləşəcək Regional Təhsil Şöbəsinə isə hələlik 7 namizəd “arxa cəbhədə” qanlı döyüşlər aparır.
Yəqin ki, yaxın vaxtlarda sizi təhsilimizin “güngörməz” sahilləri ilə daha yaxından tanış edəcəyik.
Zahir