Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Pərviz Rəcəbli||--||



 Burada veteran vəsiqəsinin alınmasından saxta hərbi biletin alınmasınadək hər şeyin açıq-aşkar rüşvətlə həll edilməsi, insanların günlərlə süründürməçiliyə salınması, alçaldılması, hədələnməsi az qala adi hala çevrilib. Vərəmli xəstənin hərbi xidmətə, ön cəbhəyə göndərilməsi, sağlam adamdan hərbi xidmətə getmək üçün pul tələb olunması da burada kimsə üçün təəccüblü deyil. Redaksiyaya daxil olan son məktub isə əsasən komissarlıqda IV şöbəyə rəhbərlik edən Pərviz Rəcəbli barədədir. Məktubda yazılır:


Cəlilabad rayon Hərbi Komissarlığının qeyri-qənaətbəxş fəaliyyəti prokuror tərəfindən araşdırılmağa başlanıb. Bu da təbiidir, çünki Cəlilabad rayon Hərbi Komissarlığında açıq bazar baş alıb gedir. Çoxları qorxusundan bu barədə danışmağa çəkinsə də, komissarlıqdakı tasları rayonda bilməyən yoxdur. Deyilənlərə inansaq guya Cəlilabadda saxta hərbi bilet almaq üçün 3 min manat vermək lazımdır. 3 aylıq möhlət hüququ min manata, hərbiyə yararsız hesab edilən şəxslərin 3 ildən bir komissiyadan keçməsi üçün 200 manat tələb olunur. Daha rahat hərbi hissələrə düşmək üçün, məsələn, Sərhəd xidmətinə min manat, daxili qoşunlara min beş yüz, FHN-ə düşmək üçün isə 2 min-2 min beş yüz tərləmək lazımdır. Bu tasların nə qədər real olduğunu təkid edə bilməsək də, lap dəqiqini həmin pulu alanlar və verənlər bilər.

Yəqin bu səbəbdəndir ki, bir çox məmurlar bizim rayona yağlı tikə, camaatımıza isə şikar kimi baxır. Odur ki, əhalini necə istəyirlər, elə də çapıb talayırlar. Bu yoldaşlar üçün xəstə adamı əsgərliyə aparmaq, uşağının beş-üç gün gec getməsini istəyən valideyni soymaq su içmək kimi bir şeydir. Nə qədər adamı, son gümanı gələn əşyanı da satdırıb, bir tikə çörəyə möhtac qoyublar. Camaatın əsəbləri pozulub. Bu işlərdə IV şöbənin rəisi Pərviz Rəcəbli xüsusi fəallıq göstərir. O, bu yaxınlarda İranda beynindən cərrahiyə əməliyyatı olunmuş ali təhsilli tələbəni ölümlə-həyat arasında qoydu. 20 manatdan ötəri IV şöbənin rəisi Pərviz Rəcəbli vətəndaş Rüfət Bədəlovu uzun müddət get-gələ saldı, son nəticədə əsəbləri pozulmuş uşağı ağır vəziyyətdə həkimin yanına gətirdilər. Rüfət Bədəlov beyin əməliyyatı olunmuş, səhhətindəki ciddi problemlərə görə hərbi xidmətə yararsız hesab edilmişdi. Lakin Pərviz Rəcəbli ona qanuni hərbi biletini vermək istəmir, pul tələb edirdi. Bədəlov maşın tutaraq dəfələrlə IV şöbə rəisinin yanına getmiş, elə yol xərcinə təxminən 50 manat sərf etmiş, lakin Pərviz Rəcəbli ona pul verilməyincə hərbi bileti verməyəcəyini bildirmişdi. Rüfət Bədəlov qanuni haqqını tələb etdikdə isə onu nalayiq sözlərlə təhqir etmişdi. Nəticədə Rüfət Bədəlovun əsəbləri daha da pozulmuş, ağır vəziyyətdə həkim yanına çatdırılmışdı. Bu cür hallar onlarladır. Pərviz Rəcəbli 5-10 manat puldan ötrü ona müraciət edənlərə hər zülm etməyə hazırdır. Təki həmin şəxsdən pul qopartsın.

Qarabağ müharibəsi veteranı Ceyhun Sadıqov da bizimlə söhbətində IV şöbənin rəisi Pərviz Rəcəblinin özbaşına əməlləri barədə danışdı. Ceyhun müharibə veteranı vəsiqəsini almaq üçün uzun müddət mübarizə aparmış, dəfələrlə əlaqədar orqanlara müraciət etmiş, aylarla get-gələ salınmış, xeyli müddət gözləməli olmuşdu. Səbəb də bu idi ki, Cəlilabad Hərbi Komissarlığı yuxarı orqanlara yanlış məktub göndərərək məlumatlandırmışdı ki, guya mən fərariyəm, təxris əmrim də yoxdur. Halbuki bu adamlar arxa cəbhədə soyğunçuluqla məşğul olanda mən müharibənın qızğın çağlarında ön cəbhədə olmuşam, ölümcül yara almışam və atəşkəsdən sonra qayda-qanunla tərxis olunaraq evə qayıtmışam. Budur bizim Hərbi Komissarlığın vətən uğrunda döyüşənlərə hörmət və ehtiramı! Məhz belə məmurların saxta əməlləri nəticəsində vətəndaşların yuxarı səviyyədə problemi həll olunmadı, son nəticədə illərlə mənə çatacaq müavinəti ala bilmədim. Hətta vəsiqəBakıdan göndəriləndən sonra Pərviz Rəcəblidən həmin sənədi almaq üçün xeyli müsibətlər çəkdim. Belə ki, Pərviz müəllim ona lazım olan məbləği verməyəcəyimi görüb müxtəlif bəhanələrlə məni get-gələ saldı. Dəfələrlə Hərbi Komissarlığın bu məmuru ilə çəkişməli oldum. Yalnız yuxarı təşkilatlara müraciət etdikdən sonra Pərviz Rəcəbli veteran vəsiqəmi verdi.


Pərviz Rəcəbli kimdir?


Araşdırmamız zamanı məlum oldu ki, əslən Xaçmazdan olan Pərviz Rəcəbli həmin rayonda məsul vəzifədə işləyən qohumuna arxayın olaraq cəlilabadlılara qan uddurur. Bu gün Cəlilabadda çoxları bilir ki, Pərviz Rəcəbli rüşvət almaq üçün adamları nə günə qoyur. Bu adam açıq-aşkar çağırış məsələlərinə qarışaraq maxinasiyalarla məşğul olur. Rayonda söz-söhbət gəzir ki, o, hətta pensiyaya çıxarmaq işlərinə də əl atır, saxta bilet almış uşaqların valideynlərindən pul alaraq onları əlil kimi pensiyaya çıxaracağına söz verir.

Yəqin ki, Cəlilabadda Hərbi komissar vəsifəsini icra edən Etibar Nuriyevin xeyir-duası olmasa idi, Pərviz bəy bu qədər özbaşınalıq etməzdi. Elə Etibar bəyin özündən də narazı olanlar az deyil. Bu gün komissarlığın hərbi prokurorluq tərəfindən yoxlanılması da yəqin ki, bu səbəbdəndir. Maraqlı orasıdır ki, Hərbi Komissarlığa bu özbaşınalıqlar barədə etirazımızı bildirdikdə bizi məhkəməyə verəcəkləri ilə hədələyirlər. Deyirlər ki, sübut elə, əlində faktların varmı? Əlbir olduqları orqanlardan istifadə edərək bizi susdurmaq istəyirlər. Sadə insanlar onlara hər hansı məsələ ilə bağlı müraciət etsə, ancaq bir cavabı eşidirlər: - Qanun yol vermir. Hansı qanundur, bax, onu demirlər. Belə çıxır ki, qanun ancaq kasıblar, əlsiz-ayaqsızlar üçündür, özlərinə lazım olanda isə qanunu elə tapdalayırlar ki,..

Bu gün Cəlilabad rayon Hərbi Komissarlığında pul qazanmaq üçün müxtəlif variantlar qurublar. Hər çağırışda yüzlərlə adam komsovat olunur. Xəstədən min manat, xəstə olmayandan 3 min manat alırlar. Bizim rayondan bu qədər pul yığırlar, ancaq xəstə uşaqlarımızla, müharibə veteranlarımızla kobud davranır, aylarla süründürərək olmazın əziyyət verirlər.

O cümlədən, yararsız hərbi bilet verilmiş, lakin sağlam olduğu sübuta yetirilərək öz arzusu ilə hərbi xidmətə gedən Anar Ramiz oğlu da bəzi nüansları açıqladı. Anarın işində əslən Cəlilabaddan olan, respublikanın səlahiyyətli nümayəndələri də fəallıq göstərdilər, sağ olsunlar, məsələnin ədalətli həlli üçün əllərindən gələni etdilər. Lakin rayonun səlahiyyətli nümayəndələrinə necə ehtiram və hörmətbəslədiyini komissar əvəzi Etibar Nuriyev bir daha sübut etdi. Hər dəfə həmin qanunverici orqanın nümayəndələri zəng etdikdə, Etibar Nuriyev məsələni həll edəcəyini, Anarı tibbi komissiyadan keçmək üçün çağıracağını bildirirdi. Məsələni bir aya kimi uzatdıqdan sonra isə işin həllinə qanunun yol vermədiyini bildirirdi. Beləcə, bu hal bir neçə dəfə təkrar olundu, Bakıdakı səlahiyyətli nümayəndələr zəng etdikdə Etibar Nuriyev işi həll edəcəyini bildirdi, vaxtı uzatdıqdan sonra isə işi boynundan atdı. Beləcə Anar Ağayev aylarla vaxt itirdi. Rayon ziyalıları isə Etibarın cəlilabadlılara necə münasibət bəslədiyinin şahidi oldular. Bəri başdan işin alınmayacağını bildirib, camaatı işindən-gücündən ayırmamaq olmazdımı? Yoxsa, bu cür nomenklatur iş prinsipinə artıq öyrəşmisiniz? Şəxsən mən inanmıram ki, başqa rayonun Etibar kalibrdə məmuru millət vəkilinə qarşı belə sayğısızlıq göstərsin. Bu cür fəsadların necə ağır nəticələr verdiyinin də şahidi olmuşuq. Bu, ancaq bizim Cəlilabada xas olan xüsusiyyətlərdəndir.

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10