Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ceyran”ın oğru adı verdiyi “Ürək”



Bir qanqsterin manifesti

“Ceyran”ın oğru adı verdiyi “Ürək”

Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsi, ev 36 ünvanında qeydiyyatda olub. Hə, məhz qeydiyyatda, bəlkə bircə gün də yaşamayıb o ünvanda. Amma 1996-cı ildən, düz 21 il idi ki, Bakı həbsxanalarının sakiniydi. 24 yaşında düşdüyü türmədən dünən çıxdı. Ləqəbi gürcü dilindən tərcümədə "ürək" olan “Lotu Quli”...

***

1972-ci il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunun Məmişli kəndində anadan olub, Nəriman kişinin evində. Elə həmin kənddə də orta təhsilini alıb. 90-ların əvvəllərində tale onu Bakıya gətirib çıxarmışdı. Özü də tək yox. Sonradan “Otar Marneulski” ləqəbi alacaq dostu ilə birlikdə. Amma onda onlar oğru deyildilər. Hamı onları Nadir Səlifov və Otar Bədəlov kimi tanıyırdı. Otarın çox sevdiyi dostunu gürcü dilində “Quli” (“Ürək”) çağırması o vaxtlar adi dost jesti idisə, illər sonra bu ad onun kriminal ləqəbi kimi şöhrət qazanacaqdı...

***

Nadir ilk cinayətini 1994-cü ildə törədir. O, qətldə ittiham olunurdu. 1995-ci ildə məhkəmənin hökmüylə 15 il müddətinə azadlıqdan məhrum edilir. 2001-ci ilə qədər Bayılda cəza çəkir. Həmin il onu Böyükşordakı 6 saylı cəzaçəkmə müəssisəsinə köçürürlər. Amma ona qədər artıq Nadir “qanuni oğru” adını almışdı. Bu adı ona 2001-ci ildə elə həmin Bayıl həbsxanasında Raul və Ceyran Rustavski adlı qanuni oğrular vermişdilər...

***

Həbsdən çıxmasına sayılı illər qalmış “Quli” başqa bir ittihamla üzləşir. O, ayrı-ayrı şəxslərdən qanunsuz pul tələb etməkdə və daha bir neçə cinayətdə suçlanır. 2005-ci ildə hakim Abdin Aydınbəyovun sədrliyi ilə keçirilən məhkəmədə “Quli”nin cəza müddəti artırılır və o, Qobustana, qapalı həbsxanaya köçürülür.

Amma buna qədər “Quli” Azərbaycan kriminalitetinin böyük əksəriyyəti ilə düşmən idi. Söhbət ondan gedir ki, hələ Bayılda yatarkən hamının “böyük qardaş” kimi tanıdığı Sabirabadlı Hikmətə əl qaldırmışdı. Bu fotoya diqqətlə baxın. “Quli” Hikmətlə bir yerdədir. Çox mehriban görünürlər. Amma nələr baş verdi ki, onlar düşmənə çevrildilər, bu, sirri-xuda olaraq qalır. Məlum olan isə budur ki...

***

Zaman - 2003-cü ilin may ayı.

Məkan - Moskva, azərbaycanlı iş adamı Şamil Qurbanovun "7 gözəl" restoranı.

Burada “sxodka”ya yığışır azərbaycanlı avtoritetlər.

Sabirabadlı Hikmət, Masallı Mamed, Ağbaş Çingiz, Nardaranlı Seymur, Rövşən Lənkəranski və Əli Zabratski “Quli”nin oğru adının əlindən alınması barədə, necə deyərlər, fətva verirlər. Qarar keçmiş SSRİ-nin bütün “zon”larına göndərilir.

Elə bununla da müharibə başlayır...

***

Əslində isə müharibə çoxdan başlamışdı. Bir qədər əvvəl Moskvanın Kutuzov prospektində yerləşən "Take" barda “Quli”nin ən yaxın dostu, hə, həmin o Otar öldürülmüşdü. Oğrular arasında müharibə də bu hadisədən sonra başladı. Otar aradan götürüldükdən sonra "Lotu Quli"ni öldürmək məsələsi ortaya çıxdı. Onun

“Böyük qardaş”a əl qaldırmasını heç kim bağışlamaq istəmirdi. Həmin tapşırığı isə Lotu Mamed verir. Amma yaddan çıxmışdı ki, Moskvada bir Marneuli qruplaşması var ki, onlar əslən bu rayondan olan Otara az qala Allah kimi baxırdılar. Ona görə də Marneuli qruplaşması Otarın qanını yerdə qoymamaq üçün bir neçə azərbaycanlı avtoriteti qətlə yetirir və elə Hikmətin qətli də bu qruplaşmanın üstündə qalır. O vaxt Moskva Şəhər Şimal Dairə prokurorluğu da Hikmətin çox ciddi şəkildə hazırlanmış sifarişli qətl nəticəsində öldürüldüyünə şübhə etmirdi. Və onlar haqlı idilər. Lotu Hikmətin güllələnməsi hələ 2003-cü ildə Moskvada törədilmiş iki sifarişli qətllə bilavasitə bağlı sayılır. Həmin ilin martında iki naməlum şəxs Kutuzov prospektindəki "Take" barına yaxınlaşmış, içəri girməmiş, elə vitrinin o üzündən atəş açaraq masa arxasında oturanları güllələmişdilər. Eləcə də Otarı...

İki ay keçdi, "Peşera" gecə klubunda daha bir azərbaycalı “qanuni oğru - Lotu Seymur (Mirseymur Abdullayev) güllələndi. İki killer onunla dostu İlyas Babayevi elə klubun zalında qətlə yetirdilər. Hər iki cinayətdə iki killer vardı. Bu, “Quli”nin cavabı idi. Çünki Seymur da “Quli”nin adının əlindən alınmasına səs verənlərdən biriydi.

***

2006-cı ildə “Quli” “qanuni oğru” adını bərpa edir. Buna isə Ded Xasanın klanının dəstəyi ilə nail olur. Məhz Dedin iştirakıyla keçrilən "sxodka"da “Quli”nin adını özünə qaytarırlar. Və bundan sonra “Quli”nin mövqeləri möhkəmlənməyə başlayır. Artıq “Quli”nin özü belə bəzi azərbaycanlı avtoritetlərə “qanuni oğru” adının verilməsini təşkil edir. Məsələn, “Quli” 2011-ci ildə "Skype" vasitəsilə Rafət Əlibayramlinski və Ceyhun Gəncinskiyə bu adı verib.

Bir qədər əvvəl isə “Quli” Vaqif Süleymanov (Bakinski) və Rəşad Gəncinski güclərini bir araya gətirir. Vaqif və Rəşad Moskva regionundakı iri bazarlara nəzarət edirlər. “Quli”nin nüfuzu onların gücünə güc qatır. Amma bütün bunlara rəğmən, Rövşən Lənkəranskinin ölümündən sonra “Quli”nin özünə qarşı da böyük bir güc formalaşır. Söhbət Caviddən – “Dato Ağcabədinski” ləqəbli qanuni oğru Cavid Məmmədovdan gedir. Maraqlıdır ki, Cavidi yunan oğru klanı və Ded Xasanın tərəfdarları dəstəkləyir. Bundan başqa, abxaz klanı da, başda "Pıza" ləqəbli qanuni oğru Raul Bartsba olmaqla, Cavidin arxasındadır. Yadınızdadırsa, bu yaxınlarda “Quli”nin üç nümayəndəsi - Rəşad İsmayılov, Niko Qarinskiy və Roma Stavropolski “Pıza”nı Abxaziyada döyməyə cəhd ediblər. Bu barədə Lent.az yazmışdı.

Nəticədə "Pıza" atəş açaraq, Rəşad və Nikonu yaralamışdı.

Eyni zamanda, qanuni oğru Dato Kutaisski, Laşi Celadze (Raça) və Zaza Ambroladze də Cavidi dəstəkləyir. Sonuncu üç nəfər kifayət qədər nüfuzlu qanuni oğrular sayılır.

***

“Dato” indi həbsdədir, “Quli” isə dünən azadlığa çıxdı, hazırda Dmanisidə, doğma kəndi Məmişlidə olduğu deyilir. Bundan sonra nə olacağını isə proqnozlaşdımaq hələ tezdir. “Quli” hara gedəcək, Gürcüstandamı qalacaq və ya ehtimal olunan kimi, İstanbuldamı məskunlaşacaq, bunu indi demək çox çətindir. Amma bir şey tam dəqiqdir: Azərbaycanın ən nüfuzlu qanuni oğrusu artıq həbsxanada deyil. O şəxs ki, içəridə olduğu 21 il ərzində haqqında əfsanələr gəzirdi.
..





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10