Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şelokovu Brejnevə danlatdıran manyak – O, 6 il ərzində onlarca zorlama, qarət, qətl hadisəsi törədib


18 illik hakimiyyəti dövründə Leonid Brejnev çox nadir hallarda dövlət məmurlarına, Mərkəzi Komitə katiblərinə, nazirlərə, komitə sədrlərinə səsinin tonunu qaldırıb. Baş katib adətən təmkin nümayiş etdirərək ən sərt qərarlarını belə çox sakitliklə bəyan edib. Amma 1977-ci ilin noyabrın 24-də Mordoviya Muxtar Respublikasının paytaxtı Saranskda baş verən qətl hadisəsi ilə bağlı xəbəri eşidəndə Brejnev əsəblərinə hakim ola bilməyib.
Həmin gün Saranskda muxtar respublikanın psixiatriya xəstəxanasının baş həkimi Lidiya Borzova qətlə yetirilib. Qətldən bir saat keçməmiş hadisə ilə bağlı Brejnevə məlumat verilib. Lidiya Borzova hələ müharibə illərindən Brejnevin köməkçilərindən birinin bacısı olub və bu ailə ilə baş katibin ailəsi arasında uzun illər yaxın dostluq münasibətləri hökm sürüb.
Hadisədən xəbər tutan Brejnev dərhal daxili işlər naziri Nikolay Şelokovu kabinetinə çağırtdırıb. Təsadüf nəticəsində baş katiblə nazirin görüşündə Brejnevin kabinetində olan MK katibi Mixail Zimyanin sonralar bu görüş haqqında təəssüratlarını belə bölüşüb:
rysMi4IymjZvF.jpeg (91 KB)
“Qəbul otağından Şelokovun gəldiyini bildirəndə mən kabinetdən çıxmaq istədim. Brejnev əli ilə oturmağımı işarə etdi. Mən Brejnevlə Şelokovun nə dərəcədə yaxın olduqlarını yaxşı bilirdim. Baş katibin nazirə dost kimi müraciətinin də dəfələrlə şahidi olmuşdum. Bu dəfəki mənzərə isə tam fərqli idi. Brejnev Şelokovla hal-əhval tutmadan səsinin tonunu qaldırdı:
- Siz kabinetlərdə mürgüləyəndə, günün günorta çağı insanları küçələrdə qətlə yetirirlər. Borzovanın qatili ən qısa müddətdə tapılmalıdır. Əks halda həm başınız, həm də rütbələriniz havaya sovrulacaq. Nəzərə alın ki, o qatil mənim şəxsi düşmənimdir.
Mən ilk dəfə idi ki, Brejnevi belə qəzəbli görürdüm. Şelokov heç nə demədən kabinetdən çıxdı...”
Bu xoşagəlməz söhbətdən sonra Şelokov Mordoviyanın bütün hüquq-mühafizə orqanlarını ayağa qaldırıb. Dörd gündən sonra nazirə qatilin tutulduğu məruzə edilib. Rəsmi yazılı məruzədə Lidiya Borzovanı Fedosov soyadlı ruhi xəstə qətlə yetirdiyi göstərilib və qeyd olunub ki, Fedosov ayrı-ayrı vaxtlarda Borzovanın pasienti olub. Sənəddə o da göstərilib ki, Fedosov baş həkimə kərpiclə zərbə vurduqdan sonra onu boğub öldürüb. Bu arayışdan sonra Şelokov Brejnevə qatilin tutulması haqqında məruzə edib.
img_03.jpg (63 KB)
Şelokov istintaqa nazirliyin mərkəzi aparatının əməkdaşlarını da cəlb edib. İstintaq zamanı məlum olub ki, Mordoviya milisi Şelekovun qəzəbindən qurtulmaq üçün ruhi xəstə olan Fedosovu bir sıra sənədlərə imza atmağa məcbur ediblər. Fedosov dindirilən zaman qətl hadisəsini kərpiclə və boğmaqla törətdiyini bildirib. Əslində isə Lidiya Borzova bıçaqla qətlə yetrilib. Bu saxtakarlığa görə Şelokovun əmri ilə Mordoviyanın daxili işlər orqanlarından 22 nəfər zabit işdən azad edilib. Amma Şelokov bu haqda Brejnevə heç nə deməyib. Zabitlərin orqandan xaric edilməsi isə xidməti uyğunsuzluqla əsaslandırılıb.
Beləliklə, səs-küylü qətl hadisəsi Fedosovu məcburi müalicəyə cəlb etməklə yekunlaşıb.
Borzovanın qətl hadisəsindən bir ay sonra Saranskda və Svetloqorsk şəhərində 1977-1979-cu illərdə bir-birinin ardınca oxşar 18 qətl hadisəsi baş verib. Qətllərin hamısı eyni qaydada törədilib, qadınlar zorlayıb, qarət edib, sonra bıçaqlayaraq öldürüblər. Bununla yanaşı, qatilin əlindən qurtula bilən qadınlar da olub. Zərəçəkən qadınların hamısı öz ifadəlrində qatildən xoşagəlməz qoxu gəldiyini vurğulayıblar.
cover.jpg (123 KB)
Bir müddət hüquq-mühafizə orqanları manyak qatilin izinə düşə bilməyiblər. 1980-ci ildə oxşar qətl hadisəsi baş verməyib. 1981-1982-ci illərdə isə eyni zorlama və qətllərin sayı yeddiyə çatıb.
Nəhayət, 1982-ci ilin dekabrında, Brejnevin ölümündən 1 ay sonra “gözəgörünməz” manyakın izinə düşmək mümkün olub. Svetloqorskda sanatoriyaların birində bufetdə işləyən Tatyana Yevdakimova axşam işdən çıxanda park ərazisində manyakın hədəfi olub. Qatil ona yumruq zərbəsi vurduqdan sonra ağacların və kolların sıx olduğu yerə sürüyüb. Yevdakimova özündə güc taparaq qatilə müqavimət göstərib, onun bıçaq olan əlinə təpik vuraraq qaçmağa nail olub. Özünü itirən qatil qadının qışğırığından, ələ keçəcəyindən qorxaraq qaranlıqda bıçağı axtarmadan ərazidən qaçıb. Hadisə yerinə gələn milis bıçaqdakı əl izlərini götürüblər.
Bu hadisədən sonra bir müddət sakitlik olub. Amma “peşə”sindən əl çəkə bilməyən manyak çox dözməyib. 1983-cü ilin oktyabr ayında axşam saatlarında manyak Svetloqorsk şəhərinin mərkəzindən çox da uzaq olmayan küçələrin birində Yelena adlı gənc bir qıza yaxınlaşıb, ona iki yumruq zərbəsi yetirərək yaxınlıqdakı tikinti meydançasına sürüyüb. Amma bu dəfə qatilin hədəfi özündən güclü olub. Tələbə qız özünü itirmədən qışqırmağa başlayıb, “rəqib”inə yetəriincə fiziki təzyiq göstərib. Manyak qatil vəziyyətin onun xeyrinə olmadığını hiss edəndə tikinti meydançasından qaçıb və şəhərin mənzil kommunal təssərüfatı birliyinin binası yerləşən həyətə keçib. Ərazidə olan milis patrulları səs-küyü eşidərək hadisə yerinə gəliblər, əlavə kömək şağrılıb. 15 dəqiqədən sonra manyak qatil mənzil kommunal təsərrüfatı birliyinin binasında ələ keçib.
Митрофаненко.png (195 KB)
İstintaq zamanı məlum olub ki, silsilə zorlama, soyğunçuluq, qətl tərədən Aleksey Mitrofanenko Svetloqorsk şəhər sovetinin deputatı, şəhər mənzil kommunal təsərrüfatı birliyinin əməkdaşıdır. O da məlum olub ki, qatil deputatın sudan, yuyunmaqdan böyük qorxusu var. Buna görə də ondan həmişə xoşagəlməz iy gəlib. Tibbi ekspertiza Mitrofanenkoda ruhi xəstəlik də aşkar edib.
Məhkəmə Aleksey Mitrofanenkoya altı aylıq məcburi müalicədən sonra 15 il azadlıqdan məhrumetmə cəzası verib.
Qeyd edək ki, bu hadisə ilə bağlı iki sənədli film, “Brejnevin şəxsi düşməni” və “Baş katib manyaka qarşı” adlı filmlər çəkilib. Baç katibə isə ailə dostunun əsl qatilinin kim olduğunu görmək qismət olmayıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10