Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Absurd teatrı - COVID və aclıq



Əgər 7 rəqəmi 11-dən çox olursa…
 
Kim nə deyir desin, amma insan qəribə bir məxluqdur. Dünən təəccüblü və fantastik görünən bir şey bu gün adi və gündəlik olaraq qəbul edilir. Planetin hər bir sakininə cəmi bir il yarım əvvəl mövcud pandemiya həqiqətləri barədə danışsaydıq, inanmazdı. Amma bu gün heç kim maskalardan, könüllü-məcburi aşılanmadan və ya ciddi məhdudlaşdırıcı tədbirlərdən təəccüblənmir.
 
Bütün dünya koronavirusla mübarizəyə başladı. Kütlələri bu mübarizəyə cəlb etmək və onların həqiqi canfəşanlığını oyatmaq üçün mümkün qədər çirkin və dəhşətli bir düşmən obrazı yaratmaq lazımdır. Çalışdılar, ortaya çıxdı, açığı, çox yaxşı alınmadı. Məsələ heç də agitatorların zəifliyində deyil. Sadəcə, edilən bütün cəhdlər axmaq (başqa uyğun bir epitet də yoxdur) “qoruma tədbirləri” ilə boşa çıxarıldı.
 
İndi insanlar bu məntiqsiz addımlara artıq öyrəşiblər və az adam bir növ adekvat addım gözləyir. İsti yay günlərində evdə qapalı qalanları indi necə təəccübləndirmək olar? Açıq havada maska taxmağa məcbur olanları necə təəccübləndirmək olar? “Sosial məsafə” ilə beyinlərini xarab edərək, kiminsə ağlına metronu bağlamaq gəldiyi üçün, bankadakı kilkələr kimi avtobusa doldurulanlar niyə və nəyə təəccüblənsin ki? Və ictimai nəqliyyatın şənbə və bazar günləri niyə işləmədiyini necə əsaslandırmaq olar? Axı, o qədər də ağıllı olmayan adam da başa düşür ki, iş günləri sərnişin axını daha sıx olur və yollarda avtobusların olmaması koronavirusun azalmasına heç bir şəkildə xidmət etmir. Əksinə, ancaq taksi ilə hərəkət etməyə məcbur olan vətəndaşların büdcəsinə zərər verir.
 
Əlbəttə, bu şedevr cərgəsində olan toyların keçirilmə şərtlərindən bəhs etməmək çətindir. Bütün şərtlər bu şənliyin təşkilatçıları və qonaqları üçün bir şəkildə dözüləsidirsə, şadlıq evlərinin sahiblərinə və işçilərinə yalnız təəsüfümüzü bildirə bilərik. Nə qədər bürokratiya, nə qədər süründürməçilik, nə qədər problem!
 
Belə hallarda ümumiyyətlə, “harası ilə fikirləşirlər” deyirlər. Ancaq burada başqa bir cümlə daha uyğundur – ümumiyyətlə, “fikirləşirlərmi”?
 
Və proses davam edir. İndi yeni bir qorxu ortaya çıxdı – “Delta” ştammı. Yenə də özünü qorumaq üçün hər cür resept, mütəxəssislərin tamamilə əks fikirləri və əlbəttə ki, bu bəla ilə mübarizə aparmaq üçün yeni milyonlarla dollar vəsait ayırmaları. Yeri gəlmişkən, söhbət dollarlardan getmişkən...
 
Bugünlərdə yoxsulluqla mübarizə təşkilatı Oxfam “Aclıq virusu çoxalır” adlı bir hesabat yayımladı. Məlum oldu ki, dünyada hər dəqiqə 11 nəfər aclıqdan ölür. Koronavirusun bununla nə əlaqəsi var?
 
Beləliklə, dünyada aclıqdan ölənlərin sayı COVID-19-dan ölənlərin sayını aşır - statistikaya görə, dəqiqədə 7 nəfər koronavirusdan ölür. Ancaq dünyanın aclıq çəkənlərin qeydinə qalmağa vaxtı olmadığı görünür. Heç kim həyəcan təbili çalmır, heç kim narahat deyil, heç kim heç bir tədbir görmür. Aclıqdan ölürlər – olsun da, tamam. İndi buna vaxtımız yoxdur. Axı biz KORONAVIRUSun özü ilə ölüm-dirim mübarizəsi aparırıq!
 
İnsanlar buna inanırlarmı? Birmənalı şəkildə cavab vermək çətindir. Bəzən bu mübarizə yel dəyirmanları ilə döyüşə bənzəyir. Və bütün bu qarışıqlığın səmimiyyətinə gəldikdə... Bu suala cavab vermək hüququnu hər kəsin özünə buraxaq. Cavab verməzdən əvvəl, yuxarıdakı rəqəmləri xatırlayaq - 11 və 7.
 
P.S. Oxfam səlahiyyətliləri pandemiyaya baxmayaraq, qlobal hərbi xərclərin 51 milyard dollar artdığını söylədilər. Bu rəqəm BMT-yə aclıqla mübarizə aparmaq üçün lazım olan məbləğdən ən az altı qat çoxdur.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10