Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sahibkar öz obyektinə buraxılmır||--||



Onlara qəti şəkildə tapşırdı ki, sahibkarlara kömək etsinlər. Reallıqda isə yerlərdə sahibkarların sıxışdırılması davam edir. Sıxışdırılan sahibkarlardan biri də Astara rayonunun Səncərədi kənd sakini Müstəqim Eyvazovdur. Belə ki, onu uzun illər işlətdiyi obyektinə buraxmırlar.

Müstəqim Eyvazovun Astara İstisu ərazisində yeməkxanası var. Özü də 30 ildən çoxdur ki, bu yeməkxanada işləyir. Hirkan Milli Parkındakı Şindan meşəbəyliyinin iki saylı dolayının 49-cu kvadratında İstisu adlanan ərazidə yerləşən, 1965-ci ildə Azərittifaq tərəfindən tikilən yeməkxana binası Astara rayon DTİMHQİ (indiki DƏDRX) tərəfindən 07.03.2005-ci il tarixdə qeydə alınmış və qeydiyyat vəsiqəsinə əsasən sahibkarın xüsusi mülkiyyətinə verilmişdir. Lakin Hirkan Milli Parkının əməkdaşları onu mülkiyyəti olan obyektə buraxmırlar.

Müstəqim Eyvazov: - Onlar deyir ki, bu prezidentin göstərişidir. Həmin göstərişi isə göstərən yoxdur. Mənim 4 uşağım var. Həmin obyektdən 3 ailə dolanır. Yeganə qazanc yerim də bu yeməkxanadır.

Sahibkar bununla bağlı müxtəlif instansiyalara müraciət etməli olub. Lakin heç bir yerdən cavab ala bilmir. Məcbur olub işi Astara məhkəməsinə verib. Astara məhkəməsinin bu barədə qəbul etdiyi qətnamədə deyilir: Hirkan Milli Parkının Eyvazov Müstəqim Rəhim oğluna qarşı yeməkxana binasının sökülməsi tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən bir ay müddətində Astara rayon məhkəməsi vasitəsi ilə Şirvan apellyasiya məhkəməsinə şikayət vermək olar. Bu qətnamədən sonra Ekologiya və Təbii Sərvətlər nazirliyi işə qarışır. Astara məhkəməsinin qətnaməsindən Şirvan apellyasiya məhkəməsinə şikayət edilir.

Müstəqim Eyvazovun dediyinə görə, nazirliyin bu işə qarışması məsələni daha da qəlizləşdirdi. Şirvan apellyasiya məhkəməsi Astara rayon məhkəməsinin qətnaməsini heç bir əsas olmadan qismən ləğv etdi.

Sahibkar yenə obyektinə buraxılmır və borca düşərək Ali Məhkəməyə üz tutur. Bu dəfə Ali Məhkəmə Şirvan apellyasiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayır. Ali Məhkəmənin qərarında deyilir ki, məsələyə Şirvan iqtisad məhkəməsi də baxmalıdır. Sanki karusel əməliyyatıdır.

Sahibkar deyir ki. məhkəmələr vasitəsi ilə məni vurmaq, var-yoxdan çıxartmaq istəyirlər.

M. Eyvazov:- Çarəm yoxdur. Mal-qaranı satıb məhkəmələrə və yollara xərcləmişəm. Yeməkxana da əlimdən çıxsa, işim bitdi. Balalarımı bu dağın dibində necə dolandıracağam?

Adının çəkilməsini istəməyən bir yerli mütəxəssisin dediyinə görə, xəritədə İstisu ərazisi istirahət zonası kimi qeydə alınıb. Park həmin əraziyə iddiaçı ola bilməz. Olsa da sahibkarın ziyanını ödəməlidir. Belə çıxır, Ekologiya və Təbii Sərvətlər nazirliyi tam qanunsuz hərəkət edir. Öz maraqlarını bərpa etmək üçün bu ölkənin vətəndaşının hüququnu pozur. Halbuki, bu ölkənin ən böyük sərvəti onun vətəndaşlarıdır.

Hüquqşünas Elman Hüseynovun dediyinə görə �Azərbaycan Respublikasının tərəfdar çıxdığı �İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında� Avropa Konvensiyasının 1 saylı protokolunun birinci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs şəxsi mülkiyyətindən məhrum edilə bilməz. Bizim ölkədə buna əhəmiyyət verilmir. Kim güclüdürsə, o haqlıdır prinsipi ilə hərəkət edirlər.

Onu da xatırladaq ki, Milli Parkın Nizamnaməsinə görə parkın ərazisində heç bir tikinti obyekti olmamalıdır. Bəhanələrdən biri də budur ki, yeməkxana binası primitivdir. Halbuki, İstisu ərazisində kifayət qədər yaşayış evi inşa edilib. Ətrafda isə 4 kənd yerləşir. Bütün bunlar park yaradılmamışdan əvvəl var idi. Demək, dava yeməkxana davasıdır.

Biz qarşı tərəfin də fikirlərini öyrənməyə çalışdıq. Lakin Milli Parkın İstisu ərazisinə nəzarət edən məsul şəxslərilə əlaqə saxlaya bilmədik. Təkcə onu dedilər ki, Milli Parkın rəhbərliyində dəyişiklik gözlənilir.

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10